OKTYABRIN 25-DƏ DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİSİ ARİF NOVRUZOVUN İŞTİRAKI İLƏ ƏMİRVAR-ƏHMƏDLİ KƏNDİNDƏ SAKİNLƏRİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəbində baş tutan qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını deyib.
Son illər respublikamızda və Daşkəsən rayonunda görülmüş təmir-bərpa, abadlıq-quruculuq işləri barədə geniş məlumat verən Əhəd Abıyev rayonun Əmirvar kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbəri deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisində son tamamlanma işləri aparılır.
Möhtərəm Prezident cənab İlham Əliyevin “Daşkəsən rayonunun Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” ötən gün, 24 oktyabr 2018-ci il tarixli sərəncamını ölkə Başçısının daşkəsənlilərə olan ali diqqət və qayğısı kimi səciyyələndirən Əhəd Abıyev bildirib ki, üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hər zaman daşkəsənlilərə göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə bütün daşkəsənlilər adından dərin minnətdarlıq bildirib.
Rayon İcra Hakimiyyətinin Başçısı çıxışında diqqətə çatdırıb ki, ötən dövrlərdə 80 şagird yerlik Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəbi müasir formada yenidən tikilərək istifadəyə verilmişdir.
Əhəd Abıyev onu da deyib ki, 2 hərəkət zolaqlı, hərəkət hissəsi 6 metr olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf edəcəkdir. Bununla yanaşı, yeni tikilən avtomobil yolu ən əsası bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaqdır ki, bu istiqamətdə də müvafiq qurumlarla işlər aparılır.
Qəbulda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov da çıxış edərək bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçılarının yerlərdə səyyar qəbulların keçirilməsinin məqsədi sakinlərin öz müraciətlərini uzaq məsafələr qət etmədən bildirməsi, əhalini narahat edən problemlərin öyrənilməsi, rayon səviyyəsində həlli mümkün olan müraciətlərin yerindəcə həll edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin isə ümumiləşdirilərək aidiyyəti qurumlar qarşısında qaldırılmasıdır.
Arif Novruzov müstəqil respublikamızın inkişaf strategiyası barədə də danışıb. O, qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq uğurlara imza atmışdır və nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır.
Arif Novruzov bildirib ki, hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla, yüksək səviyyədə davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədi Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsidir. Həyata keçirilən strateji kursun uğurlu nəticələri isə deməyə əsas verir ki, Azərbaycan gələcəyə əmin addımlarla irəliləyir.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev istər şəxsi, istərsə də kəndlə bağlı müraciəti və ya təklifi olan sakinlərə öz müraciətlərini etmələrini xahiş edib.
Kənd sakinlərindən çıxış edənlər müraciətlərində kənd ərazisində olan elektrik naqillərinin SİP kabellə əvəzləşdirilməsini, kəndə təbii qaz xəttinin çəkilməsini, işlə təmin olunmağa kömək edilməsini, kənddə uşaq bağçasının tikintisini, genişzolaqlı internet xəttinin çəkilməsini və digər problemlərinnin həllinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerində həll edilib, bəzilərinin həll olunması üçün aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarının qarşısında məsələ qaldırılması tapşırılıb.
Səyyar qəbulda iştirak edən sakinlər rayonda, o cümlədən ərazidə gedən abadlıq, quruculuq işlərinə, xüsusilə Daşkəsən–Əmirvar–Qabaqtəpə avtomobil yolunun tikintisinə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.