Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONU 2018-Cİ İLİN DOQQUZ AYINI UĞURLA BAŞA VURMUŞDUR

16 oktyabr 2018 | 16:00

Oktyabrın 16-da Daşkəsən rayonunda  2018-ci  ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən yığıncaqda rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsində deyib:
–  Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on beş il ərzində  uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə  ölkəmizdəki  sabitlik,  sürətli  inkişaf  və  beynəlxalq  miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.                
Azərbaycan xalqının 2018-ci ilin 11 aprel Prezident  seçkilərində  seçimi son on beş ildə cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür (seçkilərdə ölkə vətəndaşlarının 74,3 faizi iştirak etmiş, onlardan 86,02 faizi cənab İlham Əliyevin namizədliyini dəstəkləmiş, səs vermişlər).
Aprelin 11-də keçirilmiş Prezident seçkisi  bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən  yüksək qiymətləndirilmiş və iqtidarın  demokratiya, qanunun aliliyi, insan hüquqlarına  hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə  sədaqətini  əyani şəkildə nümayiş etdirmişdir.
       Prezident  seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan cənab İlham Əliyevə sevgilərini  bir daha nümayiş etdirərək seçkidə iştirak etmiş seçicilərin  85,56 faizi  səs vermişdir.
2018-ci ilin doqquz ayı da əvvəlki aylar kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu dövrlərdən biri  olmuşdur.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Prezident   sarayında,    Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında doqquz ayın sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ilin doqquz ayında da  Azərbaycan  Respublikasında  dinamik  inkişaf davam etmiş, beynəlxalq aləmdə  ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Möhtərəm Prezident cənab  İlham Əliyev iclası  giriş nitqi ilə açmışdır.
O demişdir:
...” Bu gün biz ilin 9 ayının yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq. Deməliyəm ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
       Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır.
        Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq.
        Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik...
  Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir.
   Eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq.
   İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir.
İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.
       Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.
  Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir.
   Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır.
Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək”.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2018-ci ilin doqquz ayı ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır.                                                                                                
Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin həyata keçirilməsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin çox hissəsi (90,7%) ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.     
       Möhtərəm Prezident cənab İlham Əliyev “Əhalinin içməli su ilə təminatının   yaxşılaşdırılmasına   dair   əlavə   tədbirlər  haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında    dəyişiklik   edilməsi   barədə   Sərəncam  imzalamış,  həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin  içməli  su  ilə  təminatın  yaxşılaşdırılması   nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür.
       Xoşbulaq  kənd həkim məntəqəsində təmir işləri aparılmışdır.
Güneykənd kənd tam və Şahvələdli kənd ümumi orta məktəblərində   yeni  modul tipli  məktəb binalarının quraşdırılmasında son tamamlama işləri görülür.
     Daşkəsən  qəsəbə,  Almalı və Gurbulaq kənd  ümumi orta məktəblərində isə  modul tipli məktəb binalarının quraşdırılması işləri davam etdirilir.
    15 sentyabr 2018-ci il tarixdən Mərkəzləşdirilmiş Kitabxana Sistemində cari təmir işlərinə başlanılmışdır.
        Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının  təmiri, eyni zamanda Daşkəsən  şəhərində  tikinti-təmir,  abadlıq  işləri, o  cümlədən  istinad divarlarının təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən  şəhərində,  Daşkəsən    qəsəbəsində   və   Qabaqtəpə   və Dəvrallı kəndlərində Qarabağ  müharibəsi  əlilləri  və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən  qəsəbələrində və Quşçu  kəndində  evləri qəza vəziyyətində  olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, lakin  şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 422 aztəminatlı ailəyə,  Qurban bayramında isə 289 ailəyə  bayram sovqatları verilmişdir. Eyni zamanda 60 nəfərdən çox 1-ci sinfə gedən şagird  məktəbli ləvazimat dəsti ilə təmin edilmişdir.
    Doqquz ay ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
     Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
      2017-2018-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin IX sinifdə təhsil alan 269 şagirddən 243-ü ümumi orta təhsil haqqında attestat və XI siniflər üzrə isə 188 şagirdin hər biri tam orta  təhsil haqqında attestat almışdır. Onlardan 2 nəfər IX sinif üzrə, 8 nəfər isə XI sinif üzrə fərqlənmə attestatına layiq görülmüşdür.
    Rayonun orta məktəb məzunlarından 95 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul  olunmaq üçün ərizə vermişdi. Onlardan 55 nəfəri ölkənin müxtəlif nüfuzlu ali, 17 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə  qəbul olunan məzunlarımızdan 1 nəfəri 600-dən,  8 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu nəticə ötən illərlə müqayisədə ürəkaçandır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 40 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 26-29 mart 2018-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə “Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə  tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-si isə Daşkəsən rayonu  bölmələrində qeyd edilmişdir. 
Cari ilin yanvar ayının 29-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda Cənab Prezidentimizin giriş və yekun nitqlərində Dövlət Proqramının icrası barədə hərtərəfli məlumat verilərək, perspektivlər müəyyənləşdirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda  həmin istiqamətdə müvafiq  işlər görülür.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.
Rayona  investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək,  özəl  investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir siyasi və iqtisadi idarəetmə metodlarının vəhdəti şəklində həyata keçirilən dayanıqlı islahatlar kursunun prioritetlərindən biri kimi son illər ölkəmizdə biznes və investisiya mühitinin təkmilləşdirilməsi prosesində böyük nailiyyətlərə imza atılır. Bu istiqamətdə sərgilənən siyasi iradənin məntiqi nəticəsi kimi respublikamızın yerli və xarici sahibkarlar üçün əlverişli məkana çevrilməsi dünya birliyi tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilməklə Azərbaycanı bir daha beynəlxalq miqyasda qabaqcıl inkişaf modelinə sahib olan bir ölkə kimi tanıtmaqdadır.
Görülmüş tədbirlərin davamı kimi dövlət başçısının “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması digər sahələr kimi bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılmasına, xüsusilə özəl sektorun mühüm hissəsini təşkil edən kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətliliyinin artırılmasına verilən dövlət təminatının etibarlılığını daha da gücləndirmişdir.
  Mövcud müsbət tendensiya eyni zamanda, dövlətin bu sahədə fəaliyyətinə kölgə sala biləcək neqativ hallara, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizənin kəsərliliyinin artırılmasını da aktual məsələyə çevirir.
Qeyd edilən zərurətdən irəli gələrək, Agentliyin digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində cari il oktyabrın 9-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında sahibkarların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ilk növbədə iki qurum arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətinə toxunaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institutsional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. K.Əliyev hazırkı sənədin imzalanmasının istər tərəflər arasında sahibkarlığın inkişafına əngəl törədə biləcək korrupsiya hüquqpozmalarının aşkar edilməsi və araşdırılması, istərsə də başqa əməkdaşlıq istiqamətləri kontekstindən əvəzsiz rola malik olduğunu bildirmiş, yeni sazişin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyindən əminliyini ifadə etmişdir.
Həmçinin, çıxışında sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin Nazirlər Kabinetinin 8 iyul 2018-ci il tarixli iclası zamanı verdiyi göstəriş və tapşırıqları xatırladan K.Əliyev, bu mühüm sahədə tərəflərin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulacaq birgə fəaliyyətinin dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına ciddi töhfə verəcəyini vurğulamışdır.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək, ölkəmizdə kiçik və orta biznesin inkişafını stimullaşdıran tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması və dövlət-sahibkar münasibətlərinin institutsionallaşdırılması kimi mühüm komponentləri əhatə edən əlverişli hüquqi zəmin və sağlam iqtisadi mühit yaradılmasının sevindirici hal olduğunu qeyd etmişdir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında olduqca mühüm vəzifələr qoyulduğunu bəyan edən Orxan Məmmədov agentlik tərəfindən ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara müvafiq xidmətlərin göstərilməsi, habelə dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsinin və tənzimlənməsinin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək hər növ qanun pozuntularının qarşısının alınması yönündə Baş İdarə, eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına xidmət edəcəyini vurğulamış, birgə fəaliyyət yönümlü əlaqələrin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər ediləcəyini bildirmişdir.
19 iyun 2018-ci il tarixdən 03 iyul 2018-ci il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir.  “ASAN xidmət”in xidmətlərindən 1075 nəfər yararlanmışdır.                                                
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara  göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.                                                                                      
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda demişdir:
”Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik”.
Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı  fəaliyyət göstərir. Toxumçuluq  təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.
Cari ilin keçən dövrü ərzində rayon ərazisində 305 hektar sahədə buğda, 59 hektar sahədə arpa, 1200  hektar sahədə kartof, 59 hektar sahədə kələm, 66 hektar sahədə lobya, 101 hektar sahədə yonca və 45 hektar sahədə tərəvəz əkilmişdir.
Əkilmiş sahələrdən 763 ton buğda, 118 ton arpa, 11020 ton kartof, 950 ton kələm, 172 ton lobya, 6 ton tərəvəz məhsulu götürülmüşdür.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə süni mayalama  texniki tərəfindən  2018-ci  ilin 9 ayı  ərzində 223 baş  heyvan süni mayalandırılmışdır.
Mayalandırılmış heyvanlardan 105 baş bala alınmışdır.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq lazımi tədbirlər görülməlidir. Rayonun aidiyyəti üzrə qurumları bu sahədə bütün lazımı tədbirləri yerinə yetirməlidirlər. Xüsusilə Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Azər Hacıyev inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr ilə birgə torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi istiqamətində ciddi tədbirlər görməli, mövcud nöqsanları tez bir zamanda aradan qaldırmalıdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2018-ci ilin fevral ayının 10-dan 11 may 2018-ci il tarixə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil   edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi  xəstəxanasında  müntəzəm  olaraq  əhali  qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi  və  rayonun  idarə,  müəssisə  və  təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 22051 nəfər tibbi müayinədən keçmiş,  114  nəfər  müxtəlif   xəstəliklərdən   ixtisaslaşmış  tibb    müəssisəsinə göndərilmiş, 142 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının  stasionar müalicəsinə cəlb olunmuş, 401 nəfərə isə ambulator müalicəyə yazılmışdır.                                                           
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Bildiyiniz kimi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 2013-cü ildə 53 bənddən ibarət olan “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanmışdır. Daşkəsənin hərtərəfli sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının mövcud vəziyyəti, ayrı-ayrı sektorlarının – heyvandarlığın, arıçılığın, kartofçuluğun,  toxumçuluğun,  həmçinin  turizmin inkişafı,  yeni  inzibati binaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara münbit şərait yaradılması, mövcud problemlərin həlli, o cümlədən də Daşkəsən şəhəri “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılmasını əsas götürülərək “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də “Alunit” İstehsalat sahəsinin yenidən işləməsinin müasir səviyyədə təmin olunması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur. “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin və “Alunit” İstehsalat sahəsinin müasir texniki avadanlıqlarla təchiz edilərək müasir  formada  işə  salınması  həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada, ermənilərlə təmas xəttində yerləşən  Daşkəsən  rayon  sakinlərinin  daimi  işlə  təmin  olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli  məsələlər tam öz həllini taparaq Daşkəsən rayonu regionda inkişaf etmiş pilot bir rayona, sənaye mərkəzinə çevriləcəkdir.
Bildiyiniz kimi “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında”  Azərbaycan  Respublikası çox hörmətli Prezidenti cənab İlham Əliyevin  13 iyul  2016-cı il  tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Çox təəssüflər olsun ki, müəssisənin bu günə kimi investisiya müsabiqəsi baş tutmamışdır, bu məsələ böyük problemə çevrilmişdir. Vurğulamaq istəyirəm ki, Daşkəsən şəhəri “Daşkəsən Filizsaflaşdırma” ASC-nin bazasında yaradılıb. Bu müəssisənin bağlanması əhalinin böyük əksəriyyətinin işsiz qalmasına səbəb olub.
Bu məqamda bir əlamətdar hadisəni də qeyd etmək istəyirəm. Artıq Türkiyənin “Demo” mühəndislik şirkəti ilə müqavilə bağlanmışdır və bu gündən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan filiz ehtiyatının həcminin dəqiqləşdirilməsi ilə bağlı geoloji-kəşfiyyat işlərinə başlanıb. 
“Yeni Daşkəsən” layihəsində “Çovdar”  filiz emalı sahəsinin işə salınması məsələsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Möhtərəm Prezident cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə “Çovdar” qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Qısa müddət ərzində “Çovdar” qızıl yatağının müasir texnologiyalarla istismarının təşkil edilməsi, zavodun işə salınması üçün müvafiq hazırlıq işləri tam başa çatdırıldı və zavod müasir texnologiyalar əsasında tikildi. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri  hörmətli Zakir İbrahimovun rəhbərliyi altında qısa müddət ərzində “Çovdar” qızıl yatağının ən müasir texnologiyalarla istismarının təşkil edilməsi, müəssisənin işə salınması üçün müvafiq hazırlıq işləri, demək olar ki, tam başa çatmış, zavod ən müasir texnologiyalarla tikilmişdir. Əsasən yerli əhalinin mədən sahəsində işə qəbuluna üstünlük verən “AzerGold” QSC tərəfindən hazırda 450-dən çox işçi “Çovdar” filiz emalı sahəsində daimi işlə təmin edilib.  
Həqiqətən, “Çovdar” qızıl zavodunun müasir formada tikilərək hasilata başlaması Daşkəsən rayonunda işsizliyi aradan qaldırmaqla ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına ciddi təkan verir. Yeni, müasir tipli “Çovdar” qızıl zavodunun istehsal etdiyi yüksək əyarlı brend 999,9 əyarlı Daşkəsən qızılı ölkəmizə iqtisadi gəlir, valyuta gətirməklə, dünyada şöhrət qazanır, belə ki, rayonumuz da regionda sənaye zonasına çevrilir.
24 mart 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində   baş   vermiş   təbii   fəlakət,  güclü   külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati   binalarının  dam  örtüklərinə  və rayonun  elektrik, rabitə təsərrüfatlarına şəxsi minik avtomobillərinə ziyan dəymişdir. Dəymiş ziyanın nəticələri əsasən aradan qaldırılmışdır.
Təəssüflər olsun ki, yenidən 24 iyun 2018-ci il tarixdə rayon ərazisində təbii fəlakət baş verdi və  baş vermiş təbii fəlakət – güclü leysan yağışları (bəzi yaşayış məntəqələrində dolu və küləklə müşahidə olunan) nəticəsində yaranmış sel suları rayonun yol, elektrik, rabitə, qaz təsərrüfatlarına, məktəblərə, mədəniyyət obyektlərinə, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlara, o cümlədən əkin sahələrinə, avtomobillərə, ərazidə olan istirahət-ticarət obyektlərinə, yaylaqda vətəndaşların mal-qarasına ciddi ziyan vurmuşdur.
Baş vermiş təbii fəlakət – güclü leysan yağışları nəticəsində yaranmış sel suları rayon ərazisindəki uzun illər (50 ilə yaxın müddətdə) istismarda olan Zağalı su anbarının (su tutumunun həcmi 4 milyon m3 olan), və hidrotexniki tunelin (en kəsiyi 16m2, uzunluğu 1,7 km) bəzi hissələrinə xeyli ziyan vurmuşdur.
Təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki obyektlərə daha çox ziyan dəymişdir.
Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıtmış, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət  obyektlərinin  köşklərini  dağıdaraq  aparmış, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salmış, bir çox yaşayış evini su basmışdır. Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarmış, hətta bir neçə avtomobili kənddən keçən çay sularının axınına salmışdır. Çoxsaylı yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilmişdir. Eyni zamanda sel suları xeyli elektrik və rabitə dayaqlarını, 5 ədəd elektrik  transformatorunu  sıradan  çıxarmışdır.  Bir  çox  ərazilərdə  dağlardan iri qaya parçaları avtomobil yollarına tökülmüş, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanmış və yararsız hala düşmüşdür.
       Baş vermiş hadisə ilə əlaqədar dərhal Rayon İcra Hakimiyyətində qərargah yaradılmış, aidiyyəti üzrə idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerlərinə baxış keçirmişlər. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən respublikanın aidiyyəti qurumlarının rəhbərlərinə məlumatlar verilmiş, müraciətlər olunmuşdur. Dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə müəyyən işlər görülmüşdür və həmin işlər davam etdirilir.
2018-ci ilin 9 ayı ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 195000 manat həcmində rabitə xidməti göstərilmişdir. Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli   internet    istifadəçilərinin    sayının    artırılmasına   və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış və hazırda həmin işlər yüksək səviyyədə  davam etdirilir.
2019-cu ildə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
2018-ci ilin 9 ayı ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən respublika və  yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri  üzrə 722,2 min manatlıq iş görülmüşdür.
Cari ilin doqquz ayında əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən zədələnmiş 5 ədəd müxtəlif güclü transformator dəyişdirilmiş,  27  ədəd  10-6/0,4kV-luq yarımstansiyada və 23,6 kilometr elektrikverici xətlərdə təmir işləri aparılmış, transformatorlara və yağ tutumlu avadanlıqlara 420 kiloqram transformator yağı əlavə olunmuşdur. 0,4 kV-luq şəbəkənin kabel xətti ilə çəkilməsi üçün 438 ədəd  özünü daşıyan izolyasiyalı naqil (ÖİN) üçün  metal  dayaq basdırılmış, müxtəlif markalı 19990 metr ÖİN kabel çəkilmiş, 322 abonent dayağı quraşdırılmışdır. 35/6 kV-luq “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus yarımstansiyadan çıxan 6 kV-luq Xoşbulaq və 6 kV-luq Dəstəfur hava xətlərinin Elektrik şəbəkəsinə məxsus 110/35/6 kV-luq Daşkəsən yarımstansiyasından qidalandırılması üçün tikintisi dayandırılmış I və II Əhmədli hava xətlərinin tikintisi davam etdirilmiş, 11,5 kilometr ikidövrəli hava xətti 05.02.2018-ci il tarixdə şəbəkəyə qoşulmuşdur. Əhmədli kəndi ərazisində 6 ədəd KRN  çala quraşdırılmış və çıxış xətləri üçün     270 metr kabel çəkilmiş, 3 ədəd mufta bağlanaraq 6 kV-luq Xoşbulaq, 6 kV-luq Dəstəfur hava xətlərinin 110/35/6 kV-luq Daşkəsən elektrik yarımstansiyasından qidalandırılması təmin edilmişdir.
Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində  qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri-balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 8 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Azərbaycan Respublikası Prezidentinin 3749 nömrəli, 5 mart 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısında Daşkəsən rayonu üzrə Quşçu və Bayan kəndləri nəzərdə tutulmuşdur. Quşçu və Bayan kəndlərində təbii qaz xəttinin çəkilişinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
Qaz Xidməti Sahəsi üzrə 2018-ci ilin 9 ayı ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 108,5 %, ümumi ödəmə üzrə isə göstərici 93,3 % olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Daşkəsən rayon Sukanal İdarəsinin yeni təyin olunmuş rəhbərliyi idarənin fəaliyyətində yaranmış çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi İcra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 16 aprel 2018-ci il tarixində Daşkəsən şəhərində Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Ümummilli Lider  Heydər  Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını, çoxşaxəli islahatlar proqramını yaradıcılıqla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan dövləti və cəmiyyəti həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 illik Prezidentlik dövrü ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Prezidentimiz İlham Əliyev Respublikamızın sürətli inkişafından, qazanılan xarici və daxili nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə, qürur hissi ilə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidar birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı böyük inam şəraitində möhtərəm Prezident  cənab İlham Əliyev güclü lider kimi hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və qələbələrə doğru aparacaqdır.
İcazə verin Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha da əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün biz daşkəsənlilər bir daha da yüksək əzmkarlıq göstərərək bütün qüvvələrimizi səfərbər edib var gücümüzlə çalışaraq fəaliyyətimizi gücləndirəcəyik.
Yaşasın Ulu Öndər Heydər Əliyevin ideyaları!
Müasir müstəqil  Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevə eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında rayon üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev, Daşkəsən Telekommunikasiya Qovşağının rəisi Aslan Rüstəmov  və digərləri çıxışlar etmiş, qarşıda duran vəzifələrin icrasından danışmış, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Müzakirə olunan məsələlərlə əlaqədar olaraq yığıncaqda qərar qəbul edildikdən sonra toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər