DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV TƏZƏKƏND KƏNDİNDƏ SAKİNLƏRİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Oktyabrın 10-da Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Təzəkənd kəndində olub.
Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev son illər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gücləndiyini, əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində ölkəmizdə əhalinin həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Əhəd Abıyev qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Daşkəsəndə həyata keçirilən abadlıq-quruculuq işləri barədə geniş məlumat verib. Qeyd edib ki, gündən-günə dəyişən, gözəlləşən Daşkəsəndə yeni məktəb binaları və digər sosial obyektlər tikilir, yollar salınır. Əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Sonra vətəndaşlar dinlənilib. Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.
Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.