Daşkəsən rayonunda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən işgüzar forum keçirilmişdir
Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Daşkəsən Rayon İcra Hakimiyyyəti ilə birgə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artırılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyələrin nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda” İşgüzar Forum keçirilmişdir.
Forumda ilk öncə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun məruzəsi dinlənilmişdir.
Məruzəçi bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2-ci hissəsinin 2.8-ci bəndi ilə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsini, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təmin etmək Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır.
Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin pozulması halları ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti qaydasında ötən dövr ərzində 3138 şəxs inzibati məsuliyyətə cəlb olunaraq barələrində inzibati protokol tərtib edilmiş və həmin şəxslərə 2,1 mln. manat məbləğində cərimə tətbiq olunmuşdur.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq sahələrindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəli istifadə olunması və mühafizəsi məqsədilə aidiyyəti üzrə göstəriş verilməsi barədə Nazirlər Kabinetinə mütəmadi olaraq məktublarla müraciət edilir.
Torpaq sahələrinin kateqoriyalarının və ya məqsədli təyinatlarının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırılarkən Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»nın tələblərinə riayət edilməsi, bu məqsədlə bələdiyyə orqanları, hüquqi və fiziki şəxslərlə maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi Nazirlər Kabinetinin 31.01.2017-ci il tarixli, 25/3-4 nömrəli məktubu ilə rayon (şəhər) icra hakimiyyətlərinə tapşırılmışdır.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanov məruzəsində həmin Qaydalarla müəyyən edilmiş torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi əsasları haqqında da geniş məlumat vermişdir.
Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli, 185-VQD nömrəli Qanununa əsasən Torpaq Məcəlləsinin tələblərini pozmuş şəxslər Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Torpaqların istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə, torpaqların münbit qatının korlanmasına görə, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadəyə və digər qanun pozuntularına görə fiziki, vəzifəli və hüquqi şəxslər müxtəlif məbləğdə cərimə edilir.
Torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinin müvafiq maddələrinin sanksiyaları həddindən artıq sərtləşdirildiyindən, mümkün qədər az sayda şəxsin bu sanksiyalara məruz qalması baxımından onlarla torpaq qanunvericiliyinin tələbləri barədə müvafiq maarifləndirmə işlərinin aparılması qabaqlayıcı tədbirlərin görülməsi baxımından mühüm məsələlərdən hesab edilmişdir.
Magistral boru kəmərlərinin , körpülərin, hidrotexniki qurğuların və yüksəkgərginlikli elektrik hava xətlərinin mühafizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 nömrəli Qərarı ilə Neft və qaz boru kəmərlərinin , yüksəkgərginlikli elektrik hava xətlərinin, körpülərin və hidrotexniki qurğuların mühafizəsi, onların təhlükəsiz və etibarlı istismarı üçün normal şəraitin yaradılması və baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə çay keçidlərinin yuxarı və aşağı axarları boyunca 500 metrlik məsafədə faydalı qazıntıların, partlayışların, torpaq qazma işlərinin aparılması, çay yatağı materiallarının çıxarılması üçün aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən torpaq sahələrinin ayrılması, lisenziya və icazələrin verilməsinin dayandırılması tapşırılmışdır.
Sonra mövzu ətrafında çıxışlar olmuş, müzakirələr keçirilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanov tədbir iştirakçılarının suallarını cavablandırmışdır.