DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QIYIQLI VƏ ŞAHVƏLƏDLİ KƏND SAKİNLƏRİNİ QƏBUL EDİB
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu rayonun Qıyıqlı və Şahvələdli kənd sakinləri üçün keçirilib.
Qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, icra aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev görüşdə çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, respublikamızda qazanılan uğurlardan, eləcə də Daşkəsən rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri onları narahat edən məsələlərin həlli ilə bağlı rayon rəhbərinə müraciətlər ediblər. Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılmış məsələlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə öz lazımi tapşırıq və göstərişlərini verib. Əksər müraciətlər yerində həll edilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev möhtərəm Prezident cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda uzun müddətli səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Daşkəsən qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Ələkbərov Xudayar Xanlar oğluna həmin medalı təqdim edərək ona öz təbriklərini çatdırıb, rayonda dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.
Qəbulda çıxış edən kənd sakinləri rayonda, eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş məqsədyönlü tədbirlər barədə danışmış, son vaxtlar rayon ərazisində baş vermiş təbii fəlakətlərin nəticələrinin tez bir zamanda aradan qaldırılmasını ölkə rəhbərinin onlara olan daimi diqqət və qayğısı kimi minnətdarlıqla qeyd etmişlər.
Sakinlər kəndin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatına, əmək haqqı və təqaüdlərin artırılmasına, sosialyönümlü layihələrin icrasının davam etdirilməsinə, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayonda həyata keçirilən uğurlu tədbirlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.