Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən təhsil işçilərinin ənənəvi sentyabr konfransı

03 sentyabr 2013 | 15:00

 

DAŞKƏSƏN  RAYONUN  TƏHSİL İŞÇİLƏRİNİN  ƏNƏNƏVİ

SENTYABR KONFRANSI ÖZÜNÜTƏNQİD RUHU İLƏ YADDA QALDI

 

   Daşkəsən rayon təhsil işçilərinin nümayəndələri və ictimaiyyət fəalları  konfrans günü hörmət və ehtiram əlaməti olaraq ilk öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində olan abidə kompleksini ziyarət etmişlər.

Sonra konfrans rayon mədəniyyət evində öz işini davam etdirmişdir.     

      Konfransın işində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi  Sübhi Kazımov   iştirak etmişlər.

Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin uğurlu daxili və xarici  siyasəti sahəsində ölkəmizin iqtisadi qüdrəti  durmadan yüksəlir, adamların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi Respublikamızın hər yerində  geniş tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət güşələrinin yaradılmasına yeni mədəni  və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır.

   Ölkədə təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılması, onlara göstərilən diqqət və qayğı  dövlətimizin daim diqqət mərkəzindədir. Bu günlərdə müəllimlərin , ümumilikdə respublikanın təhsil işçilərinin əmək haqqlarının Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən  artırılması bunun  bariz ifadəsidir.

Biz, rayonumuzun bütün müəllimləri adından  təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin  minnətdarlığımızı bildiririk.

Bütün ölkədə olduğu kimi Daşkəsəndə də tikinti-abadlıq  işləri geniş vüsət almış,  rayonun qəsəbə və kəndlərin abadlaşması  istiqamətində mühüm işlər görülür.

            Hörmətli başçımız cənab Əhəd Abıyevin müəllifi olduğu  “Yeni Daşkəsən” layihəsinin həyata keçirilməsi sayəsində Daşkəsən respublikamızın ən gözəl güşələrindən  birinə çevriləcəkdir. İndi rayonun ən ucqar  kəndlərinə  asfalt yollar çəkilir, hər bir yaşayış  məntəqəsində səliqə-səhman yaradılır. Bunu  rayonun bütün sakinləri dərin razılıq və  sevinc hissi ilə qarşılayırlar. 

        Son illər ölkə başçısı cənab İlaham Əliyevin  diqqət və qayğısı , həmçinin  Heydər Əliyev  Fondunun dəstəyi ilə təhsil sahəsində   köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş  ölkələrin  təhsilinə  inteqrasiyası istiqamətində  mühüm addımlar atılır.

       Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin   sərəncamına əsasən “2011/2021-ci illərdə  təhsilin  inkişafı üzrə Milli strategiya”nın  hazırlanması ilə bağlı Dövlət   Komissiyasının yaradılması  ölkəmizin  ictimai-siyasi  həyatında ən mühüm hadisə olmuşdur.

            Rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev nitqinə davam edərək demişdir ki, Azərbaycanda  təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin  qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına  çevirməliyik.Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına  xidmət edir. Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intelektual potensialın  formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında, şəxsin, vətəndaşın fərdi inkaşafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır”.

       Respublikamızın hər yerində olduğu kimi,  Daşkəsən rayonunda da təhsil islahatının  həyata  keçirilməsi, ümumtəhsil  məktəblərinn  maddi-texniki   bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prossesinin təkmilləşdirilməsi sahəsində  uğurlu nəticələr  əldə edilmişdir.

         Məlumat üçün bildirim ki,  2012/2013-cü dərs ilində Rayon  Təhsil Şöbəsinin tabeliyində 46 ümumtəhsil məktəb, o cümlədən  26 tam orta, 16 ümumi orta, 4 ibtidai, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərmişdir.

          Rayonun  təhsil ocaqlarında  gənc nəslin  təlim-tərbiyəsi ilə 618 nəfər müəllim məşğul olmuşdur ki,  onlardan 396 nəfərini qadınlar təşkil edir.  Təhsil sahəsində qazandıqları   nailiyyətlərə  görə 6 nəfər  “Əməkdar müəllim” adına, 5 nəfər isə “Tərəqqi” medalına layıq görülmüşdür. Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3543 nəfər şagird   cəlb edilmişdir.

       Təhsil şöbəsinin müdiri dərin minnətdarlıq hissi ilə qeyd etmişdir ki, 2012/2013-cü dərs ilində   rayonumuzda  tədrisin maddi-texniki bazasının   möhkəmləndirilməsi,  şagirdlərin normal təhsil almaları üçün   lazımi şəraitin yaradılması   istiqamətində   görülən işlərin   səviyyəsi ötən illəırə   nisbətən daha geniş  miqyas almışdır.   Rayon İcra Hakimiyyətinin Başçısı  cənab   Əhəd Abıyevin yaxından köməyi,   daimi diqqəti  və  qayğısı  sayəsində yeni məktəb binalarının  tikintisi,  ümumtəhsil məktəblərin əsaslı təmiri,   təhsil ocaqlarının   texniki-təlim  vasitələri ilə təmin edilməsi  sahəsində   diqqətəlayıq işlər   görülmüşdür.

         Hörmətli Başçımız cənab Əhəd Abıyevin  şəxsi təşəbbüsü ilə   ötən dərs ilində  rayonun Muşavaq, Əmirvar, Bayan, Quşçu, Əmirvar-Əhmədli, Mollahəsənli  kəndlərində və Daşkəsən  qəsəbəsində yeni məktəb binalarının   tikintisinə başlanmışdır. Keçən dərs ilində Daşkəsən qəsəbəsində tam orta və Bayan kəndində ümumi orta məktəbi şagirdlərin istifadəsinə  verilmişdir. Yeni dərs ilində Muşavaq, Mollahəsənli, Əmirvar, Quşçu və Əmirvar-Əhmədli kəndlərində müasir tipli  təhsil ocaqları  öz qapılarını şagirdlərin üzünə açacaqdır.

            İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına 2 saylı şəhər, Gurbulaq kənd  ümumtəhsil məktəbləri Hörmətli Başçımızın  şəxsi vəsaiti hesabına cari təmir edilmiş,  200 ədəddən artıq şagird partası, stol, stul, yazı lövhələri təhsil  müəssisələrinə hədiyyə  olunmuşdur.

            Bundan başqa 2014-cü ildə hörmətli Başçımız cənab Əhəd Abıyevin təklifi və təşəbbüsü ilə rayonun  daha 26 ümumtəhsil məktəbinin əsaslı təmirinə və tikintisinə başlanılacaqdır.

            Təhsilin inkişafına  göstərdiyi qayğıya və misilsiz xidmətlərinə görə  rayonun  bütün  müəllimləri  adından  hörmətli  Başçımız cənab Əhəd Abıyevə dərin təşəkkürümüzü   bildiririk.Məlumat üçün qeyd edim ki, hələ bu gunədək rayonumuzda məktəb tikintisinə bu cür siqqət və qayğı olmamışdır.

       Rayonda  fəaliyyət  göstərən  ümumtəhsil məktəblərinin   böyük əksəriyyəti müasir tədris  avadanlıqları ilə ( şagird, müəllim masası, kitab  şkafı, yazı lövhəsi və s.)  təchiz edilmiş,   ümumilikdə məktəblərə  52 000   manatlıq avadanlıq paylanmışdır.

      Natiq nitqində onu da vurğulamışdır ki, yola saldığımız  dərs ilində  rayon Təhsil şöbəsinin fəaliyyətinin əsas  istiqamətlərindən biri  məzmun islahatları sahəsində   yeni kurikulumların tətbiqi prosesini   müntəzəm nəzarətdə saxlamaq, bu  vacib işin yerinə yetirilməsinə  ardıcıl əməli köməklik göstərmək, nəticələrin   monitorinqi və qiymətləndirilməsini aparıb  təkliflər hazırlamaq, eyni zamanda pedaqoji ictimaiyyət  arasında maarifləndirmə tədbirlərini   gücləndirmək olmuşdur. Artıq  məlumdur ki,  ibtidai siniflərdə  kurikulumun  tətbiqi, bu sahədə ibtidai sinif  müəllimlərinin   hazırlanması  və maarifləndirilməsi işləri başa çatmışdır. Yeni təlim üsulu tədris  prosesinin  təkmilləşdirilməsində, ayrı-ayrı  fənlərin   şagirdlər tərəfindən  mənimsənilməsində güclü  təsirə malik olmuşdur. Müşahidələr  göstərmişdir ki, kurikulum tətbiq  edilən ibtidai siniflərdə  şagirdlərin fəallığı, sərbəst düşünmək qabiliyyəti onların yaradıcılıq potensialının   inkişafına  əsaslı zəmin yaratmışdır.  Rayonun ümumtəhsil   məktəblərinin ibtidai siniflərində  ötən illərlə müqayisədə “4” və “5”  qiymətlərlə  oxuyan  şagirdlərin sayı  xeyli artmışdır. İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına   2 saylı, S.Vurğun adına  4 saylı şəhər, Xoşbulaq  kənd  tam orta  məktəblərində  yeni təlim  üsulunun  tətbiqi sahəsində zəngin   təcrübə toplanmışdır. İbtidai sinif   müəllimlərindən  Nailə Yusifova, Aybəniz  Sədirova, Məlahət Bağırova, Məlahət İmamverdiyeva və başqaları daha yaxşı nəticələr göstərmişlər.

         2012/2013-cü dərs ili ərəfəsində ümumtəhsil məktəblərinin  V siniflərində yeni fənn proqramları (kurikulumlar)  əsasında tədrisə başlayacaq 270 nəfərədək fənn  müəlliminin nəzəri və praktik hazırlığının  təkmilləşdirilməsi istiqamətində 60 saatlıq proqramı üzrə 10 günlük  öyrədici təlim kursları keçirilmişdir.V siniflərdə ayrı-ayrı fənlər  üzrə  təşkil olunmuş  təlim kurslarında iştirak edən  müəllimərə sertifikatlar verilmişdir.

            Məruzəçinin məlumatından aydın olmuşdur ki,  ümumtəhsil məktəblərində təhsil alan IX və XI  sinif şagirdlərinin  mərkəzləşdirilmiş  qaydada  keçirilən buraxılış  imtahanlarını  Tələbə qəbulu üzrə  Dövlət Komissiyası aparır. Buraxılış imtahanlarına hazırlıqla əlaqədar  olaraq rayon Təhsil şöbəsi  2013-cü ilin  yanvar ayında   IX və XI sinif şagirdləri arasında  test sınaq imtahanları keçirmişdir. Sınaq imtahanlarının  nəticələri rayon Təhsil şöbəsinin  Şura iclasında geniş müzakirə olunmuş, hazırlıq  işləri nəzarətə götürülmüş, buraxılış  imtahanlarına hazırlığın səviyyəsini yüksəltmək   məqsədi ilə tədbirlər planı hazırlanmış, pedaqoji kollektivlərə köməklik üçün  əməkdaşlarımız məktəblərə  təhkim olunmuşlar.

            XI siniflər üzrə  buraxılış  imtahanlarının   nəticələri ötən  illərlə müqayısədə yüksək olmuşdur. Belə ki,  XI sinfi bitirmiş 239 nəfəri  məzunların hamısı orta təhsil haqqında  attestat almışdır .

  Rayonun  tam orta məktəb  məzunlarından 85 nəfəri respublikanın    ali məktəblərinə  qəbul  olunmaq üçün  ərizə vermişdir.  Onlardan 43 nəfəri  ölkənin nüfuzlu ali məktəblərinə  qəbul olunmuşdur.Müqayisə üçün qeyd etmək istəyirəm, ötən dərs ilinə nisbətən  ümumtəhsil məktəblərin məzunlarının ali məktəblərə qəbulu cari ildə 16 nəfər çox olmuşdur. Buna görə rayonun pedaqoji kollektivi sevinir və gələcəkdə daha yaxşı işləməyə ruhlanır.

Mövcud vəziyyət diqqətlə araşdırılanda məlum olur ki,  rayonun bir sıra ümumtəhsil məktəblərində şagirdlərin  təhsil səviyyəsinin   yüksəldilməsinə prinsipial mövqedən  yanaşılsaydı, şagirdlərə  dərin və əsaslı  biliklər  verilməsində  fənn müəllimlərinin  fəaliyyətinə ciddi nəzarət olunsaydı məzunların  ali məktəblərə qəbulunda daha yüksək nəticələr əldə edilə bilərdi.

        Qeyd etmək istəyirəm ki, ali təhsilin əhəmiyyəti, dövlət işlərində və ictimai-siyasi fəaliyyətdə  ali təhsilli  mütəxəssislərin  rolu və əhəmiyyəti barədə   cəmiyyət arasında, xüsusi ilə də şagirdlərlə aparılan  maarifləndirmə işləri  tələb olunan səviyyədə  həyata keçirilmir. Lakin unutmaq lazım deyil ki,  hər bir cəmiyyətin gələcək inkişafı təhsilin  səviyyəsindən asılıdır. Ölkəmizin  iqtisadiyyatının  möhkəmləndirilməsi, adamların sosial-rifah  halının yaxşılaşdırılması, savadı, yüksək mədəniyyətə malik insanların fəaliyyəti ilə daha sıx bağlıdır.

            Müşahidələr göstərir ki, rayonun bəzi ümumtəhsil məktəblərində tədris prossesinin  təkmilləşdirilməsinə,  müəllim və şagird  kollektivinin   dərslərə  davamiyyətinə,  müəllimlərin fəaliyyətinə nəzarət   işi pis  təşkil olunmuşdur.   Quşçu qəsəbə, Çanaqçı, Mollahəsənli, Qaraqullar, Təzəkənd, Zinzahal  kənd tam orta  məktəbləri  məzunlarından   bir nəfəri belə ali məktəblərə   qəbul olunmaq üçün sənəd verməmişdir.  

         Bildirirəm ki, bu məsələ diqqətlə  araşdırılacaq, təhsilyani şura  iclasında  prinsipiallıqla  müzakirə olunacaq, öz işinə məsuliyyətsiz  yanaşan  məktəb rəhbərləri haqqında  ciddi tədbirlər  görüləcəkdir.

            Fövqaladə Hallar Nazirliyinin  Qəbələ şəhərində həyata  keçirdiyi tədbirdə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin  komandası fəxri kursunun  ən yüksək pilləsinə qalxmış, əldə etdiyi uğurlara görə  Fövqaladə Hallar Nazirliyinin  Fəxri Fərmanına layiq görülmüşdür.

            Ötən dərs ilində  rayon Gənclər İdman  məktəbinin  fəaliyyəti qənaətbəxş olmuşdur. Belə ki,  rayonun  məktəbli idmançıları bir sıra  respublika və zona idman yarışlarında  rayonunuzun  idman şərəfini layiqincə qorumuş, xüsusilə güləş, voleybol, tennis yarışlarında   mükafatalayıq yerlər tutmuşlar.

             Rayon Şahmat məktəbində də  gənc istedadların  inkişafı, uşaqların  şahmat oyunun   sirlərinə dərindən yiyələnmələri  üçün  məzmunlu tədbirlərin həyata keçirilməsinə  böyük önəm verilir.  Ötən tədris ilində  gənc şahmatçılarımız   bir sıra respublika və zona  yarışlarda  uğurlu nəticələr əldə etmişlər.

             Ötən  dərs ilində  rayon Təhsil şöbəsi  şagirdlərə dərin və əsaslı  bilik verilməsində, tədris prosesində  mütərəqqi təlim metodlarından  yaradıcılıqla  istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir.  Bu məqsədlə  rayonun bir sıra ümumtəhsil məktəbində təhsil işçilərinin  və rayonun  qabaqcıl müəllimlərinin iştiraki ilə araşdırmalar aparılmış, açıq dərslərin dinlənilməsi və müzakirəsi təşkil olunmuşdur. Araşdırmalar zamanı bir neçə  qabaqcıl  fənn  və sinif  müəllimlərinin  iş təcrübələrinin  öyrənilib  yayılması  tövsiyə olunmuşdur.

             Ümumtəhsil  məktəblərinin  pedaqoji kollektivlkərinə metodiki yardım  göstərilməsinin səviyyəsi xeyli dərəcədə  yaxşılaşdırılmışdır. Təlim prosesində şagirdlərin  fəallığının artırılması, interaktiv metodlarin tətbiqinin  təşkil edilməsində  rayon Təhsil şöbəsi  metodkabinetinin  əməkdaşları yaxından  iştirak edir, müəllimlərə  lazımi  köməklik göstərirlər. Rayonun hər bir  ümumtəhsil məktəbində açıq dərslərin  dinlənilməsində qabaqcıl  müəllimlərlə  yanaşı valideyinlərin  də iştiraki təmin olunur.            Rayonun bir sıra təhsil müəssisələri, o cümlədən  İ.Nəsimi adına 1 saylı  və A.Mürsəlov adına 2 saylı tam orta məktəbləri  rayonun  qabaqcıl  təhsil ocaqlarındandır. Həmin  təhsil müəssisələrində  çalışan hər bir   müəllim öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir. Ölkəmizin gələcəyi üçün  layiqli vətəndaşlar  yetişdirməsində  əllərindən gələni  əsirgəmirlər. Təsədüfü  deyil ki,  hər il ali məktəblərə qəbul olunan məzunların  əksəriyyəti həmin təhsil ocaqlarının yetirmələridilər .

        Təhsil işçilərinin ənənəvi konfransında natiq özünütənqidə önəm verərək bildirdi ki, 2012/2013-cü dərs ilində  qazanılmış  uğurlarla yanaşı, işimizdə  nöqsanlar da mövcud olmuşdur. Etiraf olunmalıdır ki,  rayonun ümumtəhsil məktəblərinin  heç də  hamısında   qarşıya qoyulmuş vəzifələrin tələb edilən  səviyyədə  həyata keçirilməsinə tam  məsuliyyətlə  yanaşılmır. Rayonun bir sıra  təhsil ocaqlarında  müasir idarəetmə  prinsiplərinin   pozulmasına yol verilir, pedaqoji kollektivlərdə səmərəli iş mühitinin  yaradılmasına lazımi  diqqət  yetirilmir. Tam orta məktəb məzunlarının  müstəqil həyata, cəmiyyətdə əmək  fəaliyyətinə hazır olmaması, habelə ali təhsil müəssisələrinə qəbul  prosesində  uğursuzluqla  üzləşmələri, heç şübhəsiz, məktəb  direktorlarının,  müəllim kollektivinin  fəaliyyətsizliyi, vəzifə borclarına  yarıtmaz  münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir. Belələrinə Alaxançallı, Qıyıqlı, Şahvələdli, Zivlən, Tapan, Bayan, Qabaqtəpə  kənd ümumtəhsil  məktəblərini misal göstərə bilərik. Araşdırmalar göstərmişdir ki, bunun əsas səbəbi təhsil müəssisələrində pedaqoji kollektivlərin fəaliyyətinə duzgün, səriştəli rəhbərlik edilməsində yol verilmiş ciddi noqsanlar, müəllimlərin  işinə müasir tələblər baxımından  qiymət  verilməməsidir. Etiraf etməliyik ki,  həmin təhsil ocaqlarında   fəaliyyət göstərən  bəzi  müəllimlər sinif jurnallarında   mövzuların tədris edilməsi  barədə qeydlər  aparmaqla  öz işlərini bitmiş  hesab edirlər. Ümumtəhsil məktəblərinin əksəriyyətində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil fənləri üzrə  yazı işləri  movcud təlimatın  tələblərinə uyğun aparılmır.

        Bir sıra ümumtəhsil məktəblərində məktəb rəhbərləri, xüsusi ilə də tədris işləri üzrə  direktor müavinləri, pedaqoji kollektivlərin  işini düzgün əlaqələndirmir, metodbirləşmələrin  fəaliyyətinə nəzərəti lazımınca  təmin etmirlər. Tədris prosesində yeni təlim üsullarının tətbiqində, müəllimlərin məsuliyyətinin  yüksəldilməsində pedaqoji kollektivlərə yardım göstərmirlər. Bəzi ümumtəhsil məktəblərinin  rəhbərləri məktəb sənədlərinin düzgün tərtib olunmasına, şagirdlərin dərslərə davamiyyətinə, vəzifə funksiyalarının  icrasına məsuliyyətsiz  yanaşırlar. Belə  hallar Çanaqçı, Qabaqtəpə, Bayan kənd ümumi orta məktəblərin  fəaliyyətində aşkar edilmişdir. Məhz buna görə də  həmin məktəblərin direktorları maarifyanı şura iclasında cəzalandırılmışlar.

           Quşçu qəsəbə, Qabaqtəpə kənd ümumi orta  məktəblərinin direktorları  verilmiş tapşırıqlarının yerinə   yetirilməsinə məsuliyyətsiz  yanaşdıqlarına, özləri intizam qaydalarına  əməl  etmədiklərinə görə  onlara axırıncı xəbərdarlıq  edilməklə  töhmət verilmişdir. Biz bundan sonra da  öz işinin  öhdəsindən gələ bilməyən, “Təhsil Qanunun” tələblərini pozan məktəb  rəhbərləri haqqında prinsipial mövqe nümayiş etdirəcəyik.

          Təhsil şöbəsinin müdiri N.Verdiyev məruzəsində onu da bildirmişdir ki, Təhsil Nazirliyinin  əməkdaşları tərəfindən  İ.Nəsimi adına 1 saylı tam orta məktəbində  təşkil olunan seminarlarda   rayonun bir qrup sinif  və fənn  müəllimi yeni təlim  texnologiyaları ilə tanış olmuş, bu barədə  təcrübə mübadiləsi keçirmişlər. Həmçinın ayrı-ayrı fənlər üzrə 19 nəfər  müəllim Azərbaycan Müəllimlər İnstitutunun  ixtisasartırma kurslarında olmuşdur. Rayon Təhsil Şöbəsinin   sifarişi əsasında   Təhsil Nazirliyi tərəfindən  keçən dərs ilində rayonumuza   işləmək üçün  müxtəlif ixtisaslara yiyələnmiş  33 nəfər gənc müəllim  göndərilmişdir.Göndərilmiş gənc  müəllimlərə hər cür  şərait yaradılsa da  onlardan 19 nəfəri işləməkdən imtina  etmişdir.

           İndi rayonun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıqla əlaqədar olaraq 2013-2014-cü dərs ilində birinci  siniflərə qəbul ediləcək uşaqların siyahısı dəqiqləşdirirlir, təhsil ocaqlarında  səliqə-səhman yaradılır, bir sıra məktəblərdə cari təmir işləri aparılır,  hər bir təhsil müəssisəsində  şagird kontigentinin formalaşdırılması və  sabitləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. 

        Yekun vurduğumuz dərs ili ərzində rayon Təhsil şöbəsi tərəfindən ümumtəhsil məktəblərinin, məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinə nəzarət və rəhbərliyik daim diqqət mərkəzində olmuşdur. “ Təhsil Qanun”nun tələblərinə uyğun olaraq məktəblərdə və digər təhsil müəssisələrində təlim-tərbiyə işlərinin vəziyyəti, məktəb islahatının sürətləndirilməsi məsələləri araşdırılmış, Təhsil şöbəsinin şura iclaslarında geniş müzakirə olunmuşdur. Şura iclasları ayda bir dəfə olmaqla tərtib olunmuş qrafikə uyğun keçirilmişdir.  Şura iclaslarında məktəb həyatının müxtəlif sahələrinə dair 37 məsələ müzakirəyə çıxarılmışdir. Müzakirə edilən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, təlimin səmərə və keyfiyyətinin yüksəldilməsinə yönəldilən qərarlar qəbul edilmişdir.

      2013/2014-cü  tədris ilinin sənədləri vaxtındaTəhsil Nazirliyindən gətirilmiş, rayonun bütün ümumtəhsil məktəbləri məktəb sənədləri ilə təmin olunmuşdur. Ötən illərdən fərqli olaraq şagirdlərin dərsliklərlə təmin olunması məsələlərinə diqqət artırılmışdır. İndiyə qədər ümumtəhsil məktəblərinə paylanmaq üçün 58 adda 5164 ədəd dərslik kitabları gətirilərək məktəblər arasında bölünmüşdür. Yaxın günlərdə daha 3900  ədəd dərsliyin  gətirilməsi nəzərdə tutulmuşdur.

         Məlum olduğu kimi, 2013-cü ilin oktyabr ayının 9-da  Azərbaycanda Prezident seçkiləri keçiriləcəkdir. Bütün ölkədə oldugu kimi  rayonumuzda  Prezident seçkilərini  ugurla həyata keçirmək üçün ciddi hazırıq işləri gedir. Bu işdə müəllimlərimiz  daha fəal mövqe nümayiş etdirir, yaşadıqları ərazilərdə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  ugurlu daxili və xarici siyasətinin mahiyyətini, onun xalqımızın  rifahı və firavanlıgı naminə əzmlə mübarizə aparmasını təkzibolunmaz faktlarla seçıcılərə izah edirlər. Azərbaycanın gündən-günə artan şöhrəti  dünya birliyində layıqli yer tutması  cənab İlham Əliyevi dünyanın  ən nüfuzlu siyasi xadimlərindən birinə çevirmişdir. Ona görə də biz  Prezident seçkilərində  Azərbaycanda cənab İlham Əliyevlə  rəqabət apara biləcək 2-ci namizəd tanımırıq və O, Azərbaycan xalqının alternativsiz Prezidentidir.

            Biz, qəti surətdə bildiririk ki, qarşıdan gələn prezident seçkilərində  rayonumuzun çox saylı müəllimlər ordusu bir nəfər kimi Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevi dəstəkləyəcəkdir. Biz yaxşı bilirik ki,  Azərbaycanin gələcək inkişafının,  xalqımızın xoş güzəranının  təminatçısı yalnız cənab İlham Əliyev  ola bilər.

            Daşkəsən rayon məllimlərinin ali məclisində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev konfransa yekun vuraraq qeyd etmişdir ki, məktəb məbəddir, qibləgahdır, elm ocağıdır. Məktəbə hamımız səcdə etməli, onu qorumalı və qayğı göstərməliyik. Məhəmməd Peyğəmbər buyurur ki, bir saat elm öyrənmək 60 il ibadət etməkdən daha sərfəlidir. V.Hüqo deyirdi ki, bir məktəbin tikilməsi bir təcridxananın bağlanması deməkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və nəzarəti altında iki il ərzində Daşkəsən rayonununda 26 məktəbin tikintisi və əsaslı təmiri aparılacaqdır.Ötən illərlə müqayisədə hiss olunur ki, rayonumzun təhsilində bir tərpəniş, irəliləyiş vardır. Bu siz müəllimlərin əməyinin, zəhmətinin qiymətidir. Müəllim adı böyük addır, şərəfdir, şöhrətdir, fəxr ünvanıdır. İndi hər birimizin ən böyük müəllimi ölkə Prezidenti cənab İlham Əliyevdir.

      Siz müəllimlər daha yaxşı bilirsiniz ki, təhsil sisteminin qarşısında duran əsas  vəzifə təlim prosesinin  səmərəliliyini  təmin etməklə, milli və ümumbəşəri  dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal  və təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir. Bu proses  məktəblərdə   dərslərin yeni təlim  texnologiyaları  ilə təşkilini, müəllimin  özünün hazırlığını ön plana  çəkir.  Bu günün müəllimi ənənəvi  metodlardan uzaqlaşmalı, yeni təlim  texnologiyalarını dərindən  mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə  çıxarmağa  sövq etməlidir. Buna görə də hər bir müəllim   dərslərə ciddi hazırlaşmalı, özündə  informasiya bolluğu yaratmalı, peşəkarlıq  səviyyəsini durmadan artırmalıdır.

          Mən fürsətdən istifadə edərək kənd yerlərində fəaliyyət göstərən yerli icra strukturlarının rəhbərlərinə tapşırıram ki, rayonumuza təyinatla göndərilmiş gənc müəllim kadrların sosial- məişət şəraitinin yaxşılaşdırılmasında lazım olan köməkliyi göstərsinlər, bu sahədə bizə yardımçı olsunlar. Onlar üçün elə bir şərait yaradaq ki, gənc kadrlar həmişəlik olaraq rayonumuzda qalıb işləsinlər, gənc nəslin təlim və tərbiyəsində öz töhfələrini versinlər.

         Qarşıdan Prezident seçkiləri gəlir.Rayonumuzda cənab Prezidentin ünvanına yaradılan çox böyük ideoloji təminat, Heydər Əliyev siyasətinə və onun varisi cənab İlham Əliyevə olan ümumxalq sevgisi belə bir fikir söyləməyə əsas verir ki, daşkəsənlilərin seçimi mütləqdir və birdir. Biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşmişik və ona da səs verəcəyik.

       Daşkəsən rayon müəllimlərinin ali məclisində Respublika Təhsil Nazırliyinin şöbə müdiri Sübhi Kazımov,İ.Nəsimi adına tam orta məktəbin müəllimi Rəna Aslanova, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru  Aybəniz Vəliyeva ,Quşçu kənd tam orta məktəbin direktoru Kərim Kərimov ,Əmirvar  kənd tam orta məktəbin məzunu   Eldəniz Bayramov öz çıxışlarında , yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmişlər.

       Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.

    

Keçidlər