DAŞKƏSƏNDƏ “İŞGÜZAR QADINLAR ÜÇÜN “DAYAQ” MENTORLUQ PROQRAMI” MARAQLA QARŞILANIB
Sentyabrın 10-da Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə “İşgüzar qadınlar üçün “DAYAQ” mentorluq proqramı”nın icrası çərçivəsində daşkəsənli qadınlarla görüş keçirib. Daşkəsən rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşdə 100-dən artıq qadın iştirak edib.
Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev görüşdə çıxış edərək xatırladıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2017-ci ilin aprel ayında və cari ilin yanvar ayında Daşkəsəndə bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması istiqamətində “DAYAQ” mentorluq proqramını iki mərhələdə həyata keçirib və həmin seminarlar rayonun bələdiyyə üzvü olan qadınları tərəfindən böyük maraqla qarşılanıb. Elmar Əliyev əminliyini bildirib ki, “İşgüzar qadınlar üçün “DAYAQ” mentorluq proqramı” da rayonun xüsusilə kənd yerlərində yaşayan qadınlarının ehtiyac və imkanlarının öyrənilməsi baxımından həm səmərəli olacaq, həm də qadın sahibkarlığının rayonda inkişafına töhfə verəcəkdir.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva layihənin məqsəd və imkanları barədə geniş məlumat verərək qeyd edib ki, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yaxud bu arzuda olan qadınlarla işin təşkili, biznes bacarıqlarının inkişafı üçün 17-19 sentyabr tarixlərində forum və təlimlər keçiriləcəkdir və görüşün əsas məqsədlərindən biri həmin tədbirlərdə iştirak üçün Daşkəsən rayonundan 35 nəfər qadının seçilməsi, onların layihələrinə dəstək verilməsidir.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə bir çox məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, metodik vəsaitlər paylanıb.
Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini – dini qurumlarla işin təşkilatçısı