DAŞKƏSƏN RAYON ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNİN 2, 5 VƏ 6-CI SİNİF RƏHBƏRLƏRİ İLƏ MÜLKİ MÜDAFİƏ SAHƏSİNDƏ METODİKİ TOPLANTI KEÇİRİLİB
Sentyabrın 7-də Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun 2, 5 və 6-cı sinif rəhbərlərinin bilik və bacarıqlarının artırılması məqsədilə metodiki toplantı keçirilmişdir.
Gəncə Regional Fövqəladə Hallar Mərkəzinin əməkdaşı polkovnik Məhəmməd Tağıyevin və Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyası sədrinin müavini Elmar Əliyevin apardığı metodiki toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinin 2, 5 və 6-cı sinifləri üçün hazırladığı mülki müdafiə fənninin proqramı, məşğələ cədvəlləri, proqramda nəzərdə tutulmuş mövzular üzrə plan konspektlər və elektron tədris vəsaitləri müəllimlərə paylanmışdır.
Toplantıda əsas diqqət müəllim və şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına yönəldilmiş, müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilmişdir.
Tədbir iştirakçılarına fövqəladə hallar zamanı məktəb və sinif miqyasında görülməli təxirəsalınmaz tədbirlər, müəllim heyətinin və şagirdlərin atmalı olduğu konkret addımlar, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünə yardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə maraqlı mühazirələr oxunmuşdur.
Sülh və müharibə dövründə mülki müdafiənin vəzifələri və təşkili, respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları, hava həyəcanı siqnalı şəraitində davranış haqqında verilmiş ətraflı məlumatlar da dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Quraşdırılmış proyektor vasitəsilə Fövqəladə Hallar Nazirliyinin yaranması, ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında Nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, stend və digər əyani materiallar nümayiş etdirilmişdir.
Şərh edilmiş mövzular ətrafında fəal diskussiyalar aparılmış və müəllim heyətinin çoxsaylı sualları Regional Mərkəzin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılmışdır.