Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONU 2013-CÜ İLİN BİRİNCİ YARISINI UĞURLA BAŞA VURDU

27 iyul 2013 | 15:00

Bu gün Daşkəsən rayonunda rayon ictimaiyyətinin iştirakı ilə 2013-cü ilin   birinci  yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir.

Yığıncaqda Daşkəsən   Rayon   İcra   Hakimiyyətinin    Başçısı cənab  Əhəd  Mikayıl  oğlu  Abıyev geniş məzurə ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab  İlham Əliyevin sədrliyi ilə iyulun 18-də Prezident sarayında, Nazirlər Kabinetinin 2013-cü ilin   birinci  yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası  keçirilmişdir. Prezident möhtərəm cənab  İlham Əliyev iclası   giriş nitqi ilə açaraq demişdir:
- “İlin altı ayı ölkə üzrə göstəricilər çox müsbətdir. Bu altı ayda Azərbaycan dinamik inkişaf edib, qarşıda duran vəzifələr proqram üzrə icra olunub. Bu göstəricilər deməyə əsas verir ki, bu müsbət dinamika ilin sonuna qədər də qorunacaqdır. Ən əsası iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Hesab edirəm ki, Azərbaycanda iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. Ümumi daxili məhsul 5 faiz artmışdır və ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz təxminən 11 faiz artmışdır. Bu, son illər ərzində Azərbaycanda görülmüş işlərin, düzgün aparılan iqtisadi islahatların nəticəsidir. Bu göstəricilər, deyə bilərəm ki, dünya miqyasında ən yüksək səviyyədədir. Çünki bizim əsas hədəfimiz bu gün qeyri-neft sektorunu inkişaf etdirməkdən ibarətdir və hesab edirəm ki, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə edilib”.
Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2013-cü ilin birinci  yarısında bir çox nailiyyətlər  əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində  istehsal olunmuş məhsul və xidmətlərin  ümumi həcmi əvvəlki ilə nisbətən 31,6 faiz  artmışdır.
2013-cü ilin birinci  yarısında  tikinti 9 milyon 39 min manat (əvvəlki ilə  nisbətən 4,7 dəfə çox), kənd təsərrüfatı məhsulları 8 milyon 800 min manat (4% çox) , nəqliyyat üzrə 1milyon 222 min manat (2,4 % çox),  ticarət və ictimai iaşə xidmətləri üzrə 7 milyon 470 min manat (17,2% çox), rabitə xidmətləri üzrə  94,2 min manat (9,5% çox)  olmuşdur.
Cari ilin ötən dövrü ərzində  rayonda 161 iş yeri yaradılmışdır.
Daşkəsən   rayonunda 820 ailə (3546 nəfər) qaçqın, 344 ailə  (1216 nəfər) məcburi köçkün  ailəsi  yerləşir. 2013-cü ilin birinci  yarısı ərzində  rayon ərazisində  bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev dərin minnətdarlıq hissi ilə  qeyd etdi ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında 2 aprel  2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş  Azərbaycan Respublikası Prezidentinin  ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə  ilkin olaraq  3,0  (üç ) milyon manat,  “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında”  9 yanvar  2013-cü il tarixli sərəncamı ilə  Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin  ehtiyat fondundan 2,0  (iki ) milyon manat ayrılmışdır.
Bunun ölkə başçısı Cənab Prezidentimizin Daşkəsən rayonunun inkişafına olan böyük diqqət və qayğısının əyani təzahürü olduğunu vurğuladı.
İcra başçısı daha sonra çıxışına davam edərək bütün daşkəsənlilər adından və şəxsən öz adından  rayonumuza   ardıcıl   göstərilən   diqqət   və   qayğıya   görə  ölkə rəhbərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı  bildirirdi.
Eyni zamanda rayonumuzda mövcud olan problemlərin  həlli ilə əlaqədar məktubla müraciətimizə uyğun olaraq şəxsən cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən hazırda Prezident Administrasiyasında, Nazirlər Kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə  aidiyyəti üzrə tədbirlər  görülür. Rayonumuzun hərtərəfli inkişafı üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.
Bildiyiniz kimi, 2012-ci ildə Çovdar qızıl zavodunun tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. Həmin işlərin sürətləndirilməsi üçün rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyəti üzrə müraciət olunmuşdur. Yatağın tam istifadəyə verilməsi  300 nəfərdən artıq yerli əhalinin  işlə təmin olunmağına imkan yaradacaqdır.
2013-cü ilin 6 ayı ərzində  Bayan kəndində müasir tipli yeni poçt binası tikilərək istifadəyə verilmişdir.
Daşkəsən rayonunda  gənclər üçün  təlim və istirahət  mərkəzinin, Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının tikintilərində işlər davam etdirilir.
Keçən il Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisinə, Əmirvar kəndində  360 şagird yerlik məktəb binasının və  5 nömrəli  şəhər uşaq bağçasının  əsaslı təmir işlərinə başlanılmış və hazırda da həmin işlər  aparılmaqdadır.
2014-cü ildə rayonumuzda bir sıra ümumtəhsil yeni məktəblərinin tikintisi və əsaslı təmiri  nəzərdə tutulmuşdur.
Daşkəsən şəhərində  qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan  binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının  və Rayon Statistika idarəsinin  yeni inzibati binasında   son tamamlama işləri görülür. Daşkəsən  rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın  və yeni avtovağzal kompleksinin  tikintisinə başlanılmışdır. Yeni tikilən möhtəşəm inzibati binada  rayon İcra Hakimiyyəti Başçısı Aparatının  işçiləri yüksək səviyyəli iş şəraiti ilə  təmin olunacaq.
Daşkəsən şəhərində avtovağzalla bağlı mövcud olan avtobus marşrutları rayonda aparılan quruculuq və abadlıq işlərində kəndlərdə yeni yolların salınması, respublikanın qonşu rayonlarına yaranma imkanı, yeni yaradılacaq avtovağzalın istifadəyə verilməsi ilə əlaqədar Daşkəsən-Bakı, Daşkəsən–Sumqayıt, Daşkəsən-Lənkəran, Daşkəsən-Qazax və Daşkəsən-Gəncə avtobus marşrutlarının müasir nəqliyyat vasitələrinin işlənməsi üçün Baş Nazirdən razılıq alınmış, aidiyyəti üzrə nazirliklərə göstəriş verilmişdir. Yeni avtobus marşrutlarının açılmasının həlli daşkəsənlilərə böyük hörmət və Prezident seçkiləri ərəfəsində  Daşkəsən rayonuna əvəzsiz töhfə olacaqdır.
Daşkəsən   Rayon   İcra   Hakimiyyətinin    Başçısı cənab  Əhəd Abıyev çıxışına davam edərək qeyd etmişdir ki, rayonda yeni yaşayış binalarının, evlərinin tikintisinin aparılması sahəsində  aidiyyəti üzrə  respublika tabeli  qurumlar tərəfindən tədbirlər görülməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli  374s nömrəli Sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinə  rayonda 11 layihənin  həyata keçirilməsi məqsədilə  maliyyə vəsaitinin ayrılması üçün qərar verilmişdir. Hazırda həmin sərəncamın icrası ilə əlaqədar  işlər  görülür.
Son vaxtlar Rayon İcra Hakimiyyəti tərəfindən  həyata keçirilən ardıcıl,  məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda  yeni müəssisələrin yaradılması və bir   sıra irimiqyaslı  tikinti, təmir - bərpa  işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan  Respublikası  Prezidentinin 2009-cu il 14 aprel tarixli, 80 nömrəli  Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan  Respublikası  regionlarının   2009-2013-cü   illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər  planında  Daşkəsən rayonuna aid   20 tədbir nəzərdə  tutulmuşdu.
Bu  tədbirlərin  2-si ölkə  əhəmiyyətli, 3-ü  Gəncə-Qazax iqtisadi rayonu və 15-i isə   Daşkəsən  rayonu  bölmələrində qeyd edilmişdi.
Həmin  tədbirlərdən 19-nun əsas  icraçısı nazirliklər və  səhmdar  cəmiyyətləri  olduğuna görə  görüləcək işlər barədə  rayon İcra Hakimiyyətinə  lazımi məlumatların  verilməsi üçün aidiyyəti üzrə həmin nazirliklərə  və səhmdar cəmiyyətlərə  məktublar göndərilmişdir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərdən əlavə 18  yeni  təkliflər də  işlənib  hazırlanaraq  aidiyyəti üzrə qurumlara  təqdim olunmuşdur.
       Məruzəçi bildirmişdir ki, qeyd olunan bütün tədbirlərin həyata keçirilməsinin daha da  sürətləndirilməsi,  eyni zamanda rayon ərazisində  bütün mövcud problemlərin həlli məqsədilə  rayon İcra Hakimiyyəti tərəfindən müvafiq  nazirliklərə, komitə və səhmdar cəmiyyətlərə  bir daha   müraciətlər olunmuş, aidiyyəti qurumlarla tez-tez müntəzəm olaraq həyata keçirilməsinin bəziləri təmin olunmamışdır.Həmin tədbirlərdən ən əsası rayonun kənd yaşayış məntəqələrinə  təbii qaz xəttinin çəkilməsi tədbiri yerinə yetirilməmişdir.
“Yeni Daşkəsən” layihəsi  işlənib hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin  həlli layihədə əsas vəzifə kimi   qarşıya  qoyulmuşdur.
“Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. Belə ki, “Yeni Daşkəsən” layihəsi ilə  əlaqədar şəxsən ölkə başçımıza, baş nazirə, aidiyyəti  nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası ilə bağlı nəzarətdə olmaqla əlaqələr saxlanılır.  Artıq Azərbaycan  Respublikasının Nazirlər  Kabinetində  müvafiq qaydada  baxılaraq  layihədə qaldırılan məsələlərin həlli  barədə aidiyyəti üzrə  nazirliklər, digər qurumlar   tərəfindən yazılı surətdə müsbət rəylər  alınmışdır.
Ardıcıl olaraq  həmin istiqamətdə işlər davam etdirilir.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ilkin layihəsində Daşkəsən rayonu üzrə 82 tədbir nəzərdə tutulmuş və layihənin ilkin variantı İqtisadi İnkişaf Nazirliyində müzakirə olunmuşdur.
Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq  təsərrüfatları, 1 damazlıq arıçılıq və  1 damazlıq mal-qara təsərrüfatı  fəaliyyət göstərir. Gələcəkdə  toxumçuluq və damazlıq təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.
  2013-cü ilin məhsulu üçün 833 ha sahədə taxil səpini  aparılmışdır ki, bu da 2012-ci ilə nisbətən 109 ha çoxdur.

Heyvanların cins tərkibinin  yaxşılaşdırılması məqsədilə hazırda     3 kənddə (Quşçu,  Bayan, Qaraqollar kəndlərində) süni mayalanma məntəqələri fəaliyyət göstərir. 2013-cü ilin  6 ayı ərzində süni mayalanma texnikləri tərəfindən 117 baş heyvan mayalanmış, mayalandırılmış heyvanlardan 104  baş  bala alınmışdır. Gələcəkdə  məntəqələrin  sayının  artırılması  üçün  işlər davam etdirilir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında  1344 saylı, 27.12.2012-ci il tarixli məktubla  Azərbaycan Respublikasının Baş Nazirinə  müraciət olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq dedi ki,  Daşkəsənin yay otlaqları  bu rayonun milli sərvətidir. Lakin rayon bu  sərvətdən kifayət qədər bəhrələnə bilmirdi. Rayonumuzda qarşıdurma yaranırdı, kriminal hadisələr baş verirdi, bu da yerli əhali arasında böyük narazılığa səbəb olurdu.  Çünki  yuxarıda qeyd edildiyi kimi,  rayonun ərazisində yerləşən  yay otlaqları sovetlər dövründə qonşu 7 rayon arasında bölüşdürülmüşdür.
Məktubda Daşkəsən rayonun  ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun  və səmərəli istifadənin təmin edilməsi, habelə onların  mühafizəsinə  nəzarətin gücləndirilməsi məqsədilə  Daşkəsən  rayonun ərazisindən digər  rayonların istifadəsinə verilmiş Dövlət fondu  yay otlaq  sahələrinin  Daşkəsən Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi məsələsinə  artıq baxılıb, məsələ müsbət  həll olunub, sərəncam da verilib.
Hörmətli Baş Nazir Artur Rasi-zadə Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli, 156 nömrəli Qərarı ilə yay-otlaq sahələrini yerli İcra Hakimiyyətinin səlahiyyətlərinə vermişdir.Həmin torpaqlardan təyinatına uyğun olaraq rayonumuzda da kənd camaatı artıq istifadə edəcəkdir. Buna görə də  bütün Daşkəsən əhalisi adından şəxsən cənab Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Respublikada  həyata  keçirilən  iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət  daşıması  cəmiyyətin  sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması   istiqamətində atılan bütün  addımlar öz müsbət nəticələrini verir.
2013-cü ilin birinci yarısında Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi  Mərkəzinə  ünvanlı sosial yardım almaq üçün  müraciət edən 354 ailədən  qanuna müvafiq olaraq  235 aztəminatlı ailəyə (972 nəfər ailə üzvünə) ünvanlı  dövlət sosial yardımı təyin olunmuşdur.
Əhalinin Sosial  Müdafiəsi Mərkəzinə  müraciət edənlərə  aidiyyəti üzrə   təlimatların daha ətraflı, anlaşıqlı  şəkildə izah edilməsinə, bu sahə üzrə yerlərdə  əlavə, daha geniş maarifləndirmə işlərinin aparılmasına, ərizə və şikayətlərin  yerlərdə araşdırılmasına  ehtiyac vardır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm  cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə  2013-cü il  Azərbaycan Respublikasında  “İnformasiya – kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Sevinc hissi ilə qeyd etmək istəyirəm ki,  bildiyiniz kimi 8 fevral 2013-cü ildə Azərbaycanın  ilk “Azərspace-1” telekommunikasiya peyki uğurla orbitə buraxılmışdır. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev Azərbaycan xalqını  təbrik etmişdir.
2013-cü ilin birinci yarısında   Rayon Telekommunikasiya Qovşağı üzrə aşağıda qeyd edilən tədbirlər yerinə yetirilmişdir.
Mərkəzi elektron avtomat telefon stansiyasında  geniş zolaqlı internet xidməti üçün yeni avadanlıqlar  quraşdırılmış və rabitə kanallarının tutumu 504 port artırılaraq 469 port  əhalinin istifadəsinə verilmiş, 44,2 kilometr Fibro Optik -12 və Fibro Optik -48  kabel çəkilmişdir.
Gəncə-Daşkəsən arası 40 kilometr Fibro Optik Kabeli çəkilməsi üçün cizgi sxemi hazırlanaraq “Aztelekom” İstehsalat Birliyinə təqdim olunmuşdur. Layihə təsdiq olunmuş və hal-hazırda həmin istiqamətdə 34 kilometr Fibro Optik -48 kabel çəkilmişdir.
Rayon Telekommunikasiya Qovşağına  yeni müasir  avadanlıqların gətirilməsinə, sürətli internet  istifadəçilərinin sayının artırılmasına və  rayonun kəndlərində  əhalinin internetdən istifadə etmələri üçün  şəraitin yaradılmasına  ehtiyac vardır.
2013-cü ilin birinci yarısında 22 saylı Yol İstismar  idarəsi  tərəfindən bir sıra işlər  görülmüşdür. Belə ki,  yolların saxlanması və təmiri üzrə 356 min 700 manatlıq  iş görülmüşdür.
İdarəyə 1 ədəd “Qreyder”   alınmışdır.
Rayonun avtomobil yollarına xidmətin daha da yaxşılaşdırılması üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə  1 ədəd bazası  təkər üzərində yerləşdirilən yükləyici ekskovator, 3 ədəd ağır tonnajlı yükünüözüboşaldan və 1 ədəd “Niva” markalı minik  avtomaşınları alınmışdır.
Rayonumuzun bütün yollarının, kəndlərdə körpülərinin əsaslı təmir üzrə  Rayon İcra Hakimiyyəti tərəfindən  Respublika Nazirlər Kabinetinə   kompleks layihə  təklifləri işlənib təqdim olunmuşdur.
7860 nəfər əhalinin yaşadığı  13 yaşayış məntəqəsini  birləşdirən 31 kilometr uzunluğunda Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun  və 3300 nəfər əhalinin yaşadığı  9 yaşayış məntəqəsini  birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən – Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər  aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu proqramın həyata keçirilməsi  2014-2018-ci il Dövlət proqramına salınmışdır.
Daşkəsən rayonunda  enerji daşıyıcılarından və içməli sudan   səmərəli istifadə edilməsi  və onların  dəyərinin ödənilməsi üzrə   rayon İcra Hakimiyyəti  Başçısı yanında yaradılmış qərargahın  fəaliyyəti daha da gücləndirilmişdir.
Əhalinin  elektrik enerjisi, qaz, istilik və içməli su ilə  təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə  daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
“Alunit” İstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni  yarımstansiyanın tikintisinə başlanmış və hazırda tikinti işləri davam etdirilir.
Yerlərdə elektrikverici xətlərin təmir edilməsinə və yeni müasir tipli  kabelin çəkilişinin başlanılmasına  ehtiyac vardır.
2013-cü ilin 6 ayı ərzində elektrik enerjisinin  əhali qrupu üzrə dəyəri 89,1 %   (2012-ci ilin 6 ayında 88,5%), ümumi ödəmə isə 71,93% (2012-ci ilin 6 ayında 70,94%)  ödənilmişdir.
Elektrik şəbəkəsinin  rəhbərliyi elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə lazımi tədbirlər görməsini təmin etməlidir.
  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev təəssüflə qeyd etdi ki, Qaz istismar sahəsi üzrə 2013-cü ilin 6 ayı ərzində əhaliyə  verilən təbii qazla bağlı vəziyyət gərgin olaraq qalır.
Belə ki, Xoşbulaq kəndinə təbii qaz verilməsinin 2011-ci ilin 14 iyun tarixində açılış mərasimi olmasına, 90 nəfərdən artıq abonentin təbii qazla təmin edildiyi  barədə  məlumatlar  verilməsinə baxmayaraq bu günə qədər göstərilən kəndə və qeyd edilən abonentlərə təbii qaz verilməsi təmin olunmamışdır.
Rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsinə təbii qaz verilir. Ümumilikdə Qaz istismar sahəsinin fəaliyyətində bir çox nöqsanlar və çatışmazlıqlar  mövcuddur.
Yaşayış məntəqələrinin qazlaşdırılmaması barədə  Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevə rayon və kənd sakinləri tərəfindən çoxsaylı müraciətlər olunmuşdur. Həmin müraciətlər əsasında  Dövlət  Neft Şirkətinə aidiyyəti üzrə Baş Nazir Artur Rasi-zadə tərəfindən Daşkəsəndə qazla bağlı məsələnin həllinə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Azərbaycan Respublikası Dövlət  Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev 16/ƏT-75 saylı, 18.01.2013-cü il tarixli ilə məktubu ilə bildirmişdir ki, «Azərbaycan Respublikası  regionlarının 2009-2013-cü  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na uyğun olaraq 2013-cü ildə Daşkəsən rayonunda  təbii qazla təmin olunmayan 38 kənd  və 3 qəsəbənin (41 yaşayış məntəqələrinin) mərhələlərlə qazlaşdırılması icra olunacaqdır.
Daşkəsən rayon Sukanal idarəsi üzrə 2013-cü ilin 6 ayı ərzində  istifadə olunmuş suyun dəyərinin ödənilməsi əhali qrupu üzrə 79,2%  təşkil etmiş,  2012-ci  ilin 6 ayında  bu göstərici  70,9% təşkil etmişdir.  Ümumi ödəmə  üzrə isə  bu göstəricilər  müvafiq olaraq  92,8%, 72,4%  olmuşdur.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya  xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihənin həyata keçirilməsi üçün aidiyyəti üzrə işlər davam etdirilir.
Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində  Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə  təmin olunacaqdır.
Bildiyiniz kimi cari ilin mart ayının 16-da  Daşkəsən şəhərinin salınmasının 65 illiyi və Novruz bayramı münasibətilə  geniş bayram tədbiri keçirilmiş və həmin tədbirdə  4 nəfər Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə “NAZ-Lifan” markalı  minik avtomobilləri  verilmişdir.
Qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. İyulun 18-də Prezident Sarayında  Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafın  yekunlarına və qarşıda duran vəzifələrə   həsr edilmiş iclasında möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir ki, “Regional inkişaf proqramının ikinci hissəsi başa çatır. Gələn il yeni, üçüncü proqram qəbul ediləcəkdir. Müvafiq qurumlar bu proqramın tərtibatı üzərində işləyirlər. Növbəti proqram 2014-2018-ci illəri əhatə edəcək və bizə imkan verəcək ki, bundan sonra da Azərbaycan uğurla inkişaf etsin, qarşıda duran bütün vəzifələr icra edilsin”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev çıxışına davam edərək vurğuladı ki, icazə verin, Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran  vəzifələrin layiqincə yerinə  yetirilməsi üçün  daha yüksək əzmkarlıq göstərərək,  bütün daşkəsənlilər qüvvəmizi   səfərbər edib, var gücümüzlə çalışacağıq!
Möhtərəm Prezident cənab İlham Əliyevin son on il ərzində  uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Bütün bunlar Prezidentimizin fəaliyyətinin nəticəsidir ki, bu gün İlham Əliyevin namizədliyinin yenidən irəli sürülməsi Azərbaycan xalqının, vətəndaşlarının bütövlükdə cəmiyyətin istək və arzusudur.     
Biz daşkəsənlilər də qarşıdan gələn Prezident seçkilərində  dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə səs verəcəyik. Onun yenidən Prezident  seçilməsində yüksək səviyyədə fəallıq göstərəcəyik.
Azərbaycan xalqının yeganə, əvəzsiz lideri olan cənab İlham Əliyevə eşq olsun!
           Daşkəsən   Rayon   İcra   Hakimiyyətinin    Başçısı cənab  Əhəd  Abıyevin  geniş hesabat məruzəsindən sonra millət vəkili Rövşən Rzayev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Rayon üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov ,   RİHB-nın Şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Nüsrət Vəliyev,  Rayon Mərkəzi  Xəstəxanasının baş  həkimi  Mirzəkərim Tağıyev   məruzə ətrafında çıxışlar etdilər. İcra Başçısının  cari ilin 6 ayında gördüyü işlərin rayon əhalisi tərəfindən böyük razılıqla qarşılandığını bildirdilər.          
          Tədbirin sonunda yığıncaq  iştirakçıları adından  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər