DAŞKƏSƏNDƏ "SÜLH MƏDƏNİYYƏTİ VƏ İNSAN HÜQUQLARI" MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Sentyabrın 3-də Ombudsmanın Gəncə Regional Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birlikdə "Sülh mədəniyyəti və insan hüquqları" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə rayonun dövlət qurumlarının, habelə dini icmanın və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev demişdir ki, Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 1981-ci ildə qəbul etdiyi müvafiq qətnamə ilə təsis edilmiş və ilk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunmuşdur. Elə o vaxtdan etibarən də hər il sentyabr ayının hər 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi qeyd edilirdi. Lakin BMT Baş Məclisinin 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur. .
Elmar Əliyev onu da vurğulamışdır ki, BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etməkdir. O həmçinin diqqətə çatdırmışdır ki, İnsan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən ən mühüm amillərdəndir.
Daha sonra çıxış edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov Ombudsmanın salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırmışdır. O, Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq hər il ölkəmizdə “Sülh aylığı” keçirildiyi barədə məlumat vermişdir.
Səbuhi Abbasov “Sülh aylığı”nın mahiyyəti, Elmira xanım Süleymanovanın sülh təşəbbüsləri, nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərdiyi bəyanatlar barədə də söhbət açmışdır.
Tədbirdə tarix boyu Azərbaycan xalqına qarşı qanlı cinayətlərin, soyqırım, terror aktlarının törədildiyi, etnik təmizləmə siyasətinə məruz qalan yüz minlərlə azərbaycanlının qətlə yetirildiyi, öz torpaqlarından qovulmaları haqqında da danışılmış, bir sıra təkliflər irəli sürülmüş, müzakirələr aparılmışdır.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı