DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV GURBULAQ KƏNDİNDƏ SAKİNLƏRİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Avqustun 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin növbəti səyyar qəbulu Gurbulaq kəndində keçirilib. Səyyar qəbulda rayonun idarə, müəssisə, xidmət təşkilatlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açıq havada keçirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb. Əhəd Abıyev vurğulayıb ki, Gurbulaq kəndinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğılarının həlli istiqamətində işlər aparılır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin Gurbulaq kənd inzibati ərazi dairəsində də uğurla həyata keçirildiyini qeyd edən Rayon İcra Hakimiyyətinin Başçısı bu işlərin bundan sonra da görüləcəyini, kənd sakinlərinin müraciət və təkliflərinin daim diqqət mərkəzində saxlanacağını bildirib.
Sonra kənd sakinlərinin müraciətlərini dinləyən Əhəd Abıyev qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz müvafiq tapşırıqlarını verib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin əksəriyyəti yerindəcə həll edilib, bir qismi isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.