DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QAZAXLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Avqustun 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbulu Əmirvar inzibati ərazi vahidliyinə daxil olan Qazaxlı kəndində olub.
Qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Son illər respublikamızda və Daşkəsən rayonunda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev rayonun Əmirvar kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 24,5 km uzunluğunda olan Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işləri hazırda böyük vüsətlə yüksək səviyyədə davam etdirilir.
Əhəd Abıyev görüşdə onu da deyib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşacaq, bu sahədə olan problem tam öz həllini tapacaq, yolboyu 9 yaşayış məntəqəsində yaşayan 3 mindən artıq vətəndaşın həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən kənd təsərrüfatının ayrı-ayrı sektorları inkişaf edəcəkdir. Bununla yanaşı, yeni tikilən avtomobil yolu ən əsası bölgədə turizmin inkişafına geniş imkanlar yaradacaqdır və bu istiqamətdə hazırda bir neçə pilot layihələr də icra edilir.
Daha sonra Qazaxlı kənd sakinləri müraciətlərini səsləndiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə öz tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı