Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA HƏRBİ XİDMƏTİ BAŞA VURMUŞ GƏNCLƏRİN TƏNTƏNƏLİ QARŞILANMASI MƏRASİMİ KEÇİRİLİB

23 iyul 2018 | 16:00

İyulun 23-də  Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonundan olan ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçularının qarşılanması münasibətilə  təntənəli tədbir keçirilib.
Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları, hərbi xidmətə çağırış yaşlı gənclər, valideynlər, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində  ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev  deyib:
- Əvvəla, hər birinizi salamlayaraq, bildirirəm ki, biz bu gün buraya Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq müddətli həqiqi hərbi xidmətdən tərxis olunub rayonumuza qayıtmış daşkəsənli gənclərin qarşılanması mərasiminə toplaşmışıq.
Bu əlamətdar hadisə münasibətilə hərbi xidmətini uğurla başa vurmuş əziz çağırışçılar – sizi, valideynlərinizi, əzizlərinizi, həmçinin rayonumuzun bütün ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm. 
Müasir Azərbaycan dövlətinin ordu quruculuğu və onun qısa müddətdə yüksək inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır.
Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Milli Ordumuzun yaradılması prosesinə hələ Naxçıvanda, Ali Məclisin Sədri olarkən başlamışdır. Ulu Öndərin sarsılmaz qətiyyəti və qayğısı sayəsində qısa müddət ərzində Silahlı Qüvvələrdə geniş islahatlar aparılmış, ordunun texniki təminatı, hərbi qulluqçuların sosial statusu, hüquqi vəzifələri haqqında mühüm qanunvericilik aktları qəbul edilmiş, ən əsası isə, Silahlı Qüvvələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasına, peşəkar zabit kadrlarının hazırlığına xüsusi diqqət yönəldilmişdir.
Heydər Əliyev təkcə Azərbaycanın hərtərəfli inkişafına, iqtisadi-siyasi cəhətdən güclənməsinə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına deyil, dövlətimizin, xalqımızın təhlükəsizliyinin təminatına da öz böyük töhfələrini vermiş, onun gələcək strategiyasını müəyyən etmişdir.
Ulu Öndərin Azərbaycanda ordu quruculuğu istiqamətində açdığı yol bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə Silahlı Qüvvələrimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, şəxsi heyətin müasir hərbi texnika ilə təminatı, onun xidmət və həyat şəraiti davamlı şəkildə yaxşılaşdırılmışdır. Aparılan genişmiqyaslı islahatlar nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biri kimi dəyərləndirilir. 
Milli Ordumuzun hərbi hissələrinin son illərdə keçirdiyi əməliyyatlar onun inkişaf və təkmilləşmə yolunun uğurlu imtahanları olmuş, Ermənistanın silahlı qüvvələri əsgər və zabitlərimizin döyüş əzmi və peşəkarlığı qarşısında duruş gətirə bilməmişlər. 2016-cı ilin dörd günlük aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və digər mühüm mövqelər düşməndən azad edilmişdir. Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçü yaralanmışdır. Bu döyüş təkcə Silahlı Qüvvələrimizin yüksək peşəkarlığını, döyüş əzmini deyil, həm də Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirmişdir.
İki il sonra, 2018-ci il mayın 20-27-də Silahlı Qüvvələrimizin həyata keçirdiyi digər uğurlu hərbi əməliyyat şanlı Azərbaycan əsgərinin inamlı qələbəsi, Naxçıvan Muxtar Respublikasının işğal altında olan 11 min hektarlıq strateji ərazisinin azad edilməsi ilə nəticələnmişdir. Belə ki, şərti olaraq “Günnüt əməliyyatı” adlandırılan hərbi tədbirlər çərçivəsində Milli Ordumuz Ermənistanın Naxçıvan Muxtar Respublikasına qarşı hücum planının icrasını qabaqlamış, Şərur rayonunun Günnüt kəndi, onun ətrafında olan strateji yüksəkliklər, digər mühüm mövqelər azad edilmiş, İrəvan-Xankəndi avtomobil yolu döyüşçülərimizin nəzarəti altına keçmişdir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə ötən ay – iyunun 26-da Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirildi. Bu hərbi parad bir daha da bütün dünyaya göstərdi ki, ən müasir hərbi texnikalarla təchiz olunmuş peşəkar ordusu olan Azərbaycan Respublikasının müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə olan sədaqətində, Vətən sevgisindədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev həmin hərbi paraddakı nitqində demişdir: “... Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir. Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır”.
İndi ordu ilə xalq arasındakı qarşılıqlı münasibət bütün ölkəmizdə olduğu kimi Daşkəsəndə də tam sağlam, əmin təməllər üzərindədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunurlar, rayonumuzda və ölkədə gedən ictimai-siyasi hadisələrə sağlam münasibət bəsləyirlər, bir-birinin ardınca uğurlar qazanırlar.
Daşkəsən rayonu işğal altında qalmış Kəlbəcər rayonu ilə 23 km, mənfur Ermənistanla 8 km həmsərhəddir. Bu amillər də daşkəsənli gənclərin vətənpərvərlik hislərini daha da coşdurur.
Daşkəsənli gənclər bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasında yaxından iştirak ediblər, bu gün də həmin ənənə yüksək səviyyədə davam etməkdədir.
Ulu Öndər Heydər Əliyev siyasətinə hər zaman sədaqət nümayiş etdirən biz daşkəsənlilər dərindən inanırıq ki, Dövlət Başçımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə yağı düşməndən azad olunacaq, məcburi köçkün və qaçın soydaşlarımız da öz dədə-baba yurdlarına qayıdacaqlar.
Mən bir daha da hərbi xidmətini başa vurub rayonumuza alnıaçıq, başıuca qayıtmış gənclərimizi, onların valideynlərini, bütün rayon ictimaiyyətini bir daha da  ürəkdən təbrik edirəm, gənclərimizə sağlam uzun ömür, gələcək həyatlarında uğurlar və xoşbəxtlik arzulayıram.
Yaşasın Müstəqil Azərbaycanın Milli Ordusu!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!
Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədov isə ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açıb. Vətəni göz bəbəyitək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu deyən bölmə rəisi düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığını, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərini, Dövlət Başçımızın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğunu diqqətə çatdırıb.
Tərxis olunmuş çağırışçılar adından çıxış edən Vüsal Cəfərov isə göstərilən diqqətə, yaradılan hər cür yüksək şəraitə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq bildirib.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Silahlı Qüvvələrimizin sıralarından tərxis olunmuş rayon gənclərinə hərbi biletləri təqdim etdi, onlara hədiyyələr verdi.
Həmin gənclər rayon Məşğulluq Mərkəzi tərəfindən işlə təmin olunmaları üçün qeydiyyata götürüldülər.
Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdir müavini – dini qurumlarla işin təşkilatçısı

 

Keçidlər