DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV AŞAĞI DAŞKƏSƏN KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
İyulun 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təsdiq edilmiş qrafikə uyğun olaraq Aşağı Daşkəsən kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Aşağı Daşkəsən kənd tam orta məktəbində keçirilən səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə növbəti görüşü giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib.
Son illər Daşkəsən rayonunda həyata keçirilən tədbirlər barədə geniş məlumat verən Əhəd Abıyev xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbəri deyib ki, ötən dövrlər ərzində Aşağı Daşkəsən kənd G.İsmayılov adına tam orta məktəbinin yararsız dam örtüyü dəmir lövhələrlə əvəzlənmiş, binasında cari təmir işləri aparılmış, uşaq bağçasının maddi-texniki bazası möhkəmləndirilmişdir.
Qəbulda çıxış edən kənd sakinləri nasaz elektrik dirəklərinin dəyişdirilməsi, kəndə əlavə su mənbələrindən içməli su xəttinin çəkilməsini, kəndin qazlaşdırılmasını, avtomobil yollarının cari təmirini və şəxsi məsələlərə dair müraciətlər ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını verib.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.