Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Azərbaycan polisinin yaranmasının 100 illiyi – Peşə bayramı qeyd edildi

02 iyul 2018 | 16:00

Daşkəsən  rayon rəhbərliyi və hüquq mühafizə orqanlarının əməkdaşları şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək gül dəstələri qoyub, ona öz ehtiramlarını bildiriblər.
Polis işçiləri Heydər Əliyev Mərkəzində ümummilli liderin fəaliyyətini əks etdirən guşələrə baxışdan sonra Azərbaycan polisinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir rayon Polis şöbəsində davam etdirildi.
Tədbirdə xidməti vəzifələrini yerinə yetirərkən və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayon polis şöbəsinin əməkdaşlarını Azərbaycan polisinin yaranmasının 100 illiyi – Peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik etdikdən sonra qeyd etmişdir ki, bu gün ölkəmizin hər yerində Azərbaycan polisinin yaranmasının 100 illiyi münasibətilə tədbirlər keçirilir.
Bildiyiniz kimi Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, bolşevik diktaturası bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi.
Azərbaycan İnqilab Komitəsi sovet hakimiyyəti qurulduqdan dərhal sonra özünün ilk dekretləri ilə milli demokratik dövlətimiz olan Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət orqanlarını, o cümlədən hüquq-mühafizə orqanlarını ləğv etməyə, əvəzində fəhlə-kəndli hakimiyyəti orqanları (komissarlıqlar) yaratmağa başladı.
1991-ci ildə Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olmuşdur.
Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu qeyd olunur.
Daşkəsən rayon polis şöbəsi respublika Daxili İşlər Nazirliyinin nümunəvi fəaliyyət göstərən şöbələrindən biridir. Son dövrlər rayon polis şöbəsinin rəhbərliyi və şəxsi heyəti yeni kadrlarla daha da möhkəmləndirilmiş, şöbənin maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır.
Rayonun işğalçı qüvvələrlə hərbi təmas xətti olan ərazilərdə yeni polis məntəqələri yaradılmışdır.
Polis şöbəsi tərəfindən rayonda ictimai asayişin qorunması, cinayətkarlığın qarşısının alınması üçün yüksək səviyyədə  fəaliyyət göstərilir, xidmət aparılır.
Rayon İcra Hakimiyyəti ilə rayon polis şöbəsi arasında çox yüksək qarşılıqlı, səmərəli əməkdaşlıq mövcuddur. Əminik ki, bundan sonra da rayon polis şöbəsi üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirəcəkdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çixişinin sonunda bir daha Azərbaycan polisinin yaranmasının 100 illiyi – Peşə bayramları münasibətilə polis işçilərini səmimi qəlbdən təbrik etdi, onlara məsul və şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.
Daşkəsən rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vəfadar Orucov Azərbaycan Respublikasının Daxili İşlər Naziri general polkovnik Ramil Usubovun təbrik məktubunu  rayon polis şöbəsinin şəxsi heyətinə oxudu və Azərbaycan Polisinin yaranma və inkişaf tarixi haqqında danışaraq onların şücətini qeyd etdi.
Tədbirin sonunda polis əməkdaşlarına Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qiymətli hədiyyələr və  fəxri fərmanlar təqdim edildi.

 

 

Keçidlər