Daşkəsəndə “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə günü”nə həsr olunmuş tədbir keçirilib
İyunun 22-də Daşkəsəndə “26 iyun – Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib.
Rayon rəhbərliyi, ictimaiyyət, hüquq mühafizə orqanları təmsilçilərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, fəal gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev ötən dövrdə Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanovun sədrliyi ilə fəaliyyət göstərən Daşkəsən rayon Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyasının gördüyü işlərdən danışıb, narkomaniya və onun cəmiyyətdə törətdiyi sağalmaz fəsadlar haqqında ətraflı məlumat verib.
Narkomaniyanın bütün dünyanı narahat edən problem olduğunu qeyd edən E.Əliyev çıxışında demişdir: “Narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də daimi olaraq maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş 2013-2018-ci illəri əhatə edən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır”.
E.Əliyev çıxışının sonunda qeyd edib ki, bu sahədə təxirəsalınmaz qabaqlayıcı işlərin aparılması, kəsərli proqram və layihələrin icrası, eləcə də maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlıq, zorakılıq və sosial düzənsizlik yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.
Toplantıda çıxış edən rayon Polis Şöbəsinin əməkdaşı Ceyhun Rzayev rayon polis şöbəsinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış, mübarizə profilaktika tədbirləri barədə, rayon mərkəzi xəstəxanasında narkomanlığa düçar olmuş şəxslərin qeydiyyata alınması, onlarla müvafiq profilaktiki və müalicəvi tədbirlərin həyata keçirilməsi haqqında məlumat vermişdir.
Daha sonra tədbirdə RİH-nin Hüquq şöbəsinin məsləhətçisi Sənan Həsənov, rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov, rayon Təhsil Şöbəsinin müdir müavini Rizvan Ələsgərov çıxış edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram”ın rayonda uğurla həyata keçirildiyini, bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunmasının vacibliyi bildirmiş, narkomaniyanın qarşısının alınması üçün hamılıqla mübarizə aparılmalı olduğunu vurğulamışlar.
Elmar ƏLİYEV
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı