DAŞKƏSƏNDƏ ƏNƏNƏVİ “SON ZƏNG” TƏDBİRLƏRİ KEÇİRİLDİ
İyunun 14-də Respublikamızın bütün guşələrində olduğu kimi Daşkəsən rayonun da tam orta məktəblərində ənənəvi “Son zəng” tədbirləri təntənəli və yüksək təşkilatçılıqla qeyd olunub.
Rayonun 23 tam orta məktəbində keçirilən tədbirlərdə məktəblərin kollektivləri, valideynlər və şagirdlər böyük ruh yüksəkliyi ilə hazırlaşmış, “Son zəng”in bütün məzunların və iştirakçıların uzun illər yadında qalacaq əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişdilər.
Daşkəsənin tam orta məktəblərində təhsil alan şagirdlərdən 185 nəfəri bu il məzun adını qazanıb.
Əvvəlcədən tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərən nümayəndələr də “Son zəng” şənliklərində yaxından iştirak ediblər. Tədbirlərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlər, bu sahədə Daşkəsəndə həyata keçirilən layihələr barədə danışılmış, müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar arzulanmışdır. Xüsusilə qeyd edilmişdir ki, dövlətimizin başçısı möhtərəm İlham Əliyev tərəfindən xalqımızın gələcəyi olan uşaqlara və gənclərə göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər Daşkəsən rayonunda da öz əksini tapmışdır. Son illərdə rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində ən ucqar kəndlərdə belə yeni-yeni məktəb binaları tikilmiş, əsaslı təmir edilmiş, lazımi avadanlıqla təchiz olunmuş və təhsil müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi aparılaraq məvacibləri artırılmışdır. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir.
Ənənəvi “Son zəng” tədbirlərində şagirdlərin hazırladığı bir-birindən maraqlı ədəbi-bədii kompozisiyalar nümayiş olunmuş, on birincilərin inamlı çıxışları, mənalı ürək sözləri bu gənclərin Vətənin layiqli övladları olacağına inamı daha da artırmışdır.
“Son zəng” çalındıqdan sonra sehrli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida demişlər.
Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü