Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilmişdir

08 may 2013 | 15:00

 

Daşkəsən rayonunda 9 May - Alman faşizmi üzərində qələbənin 68-ci  ildönümü ilə bağlı müharibə veteranları ilə görüş keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağsaqqallar, ziyalılar öncə rayonun mərkzində ucaldılmış ümummilli lider  Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, əziz xatirəsini ehtiramla yad etmişlər.
     Sonra tədbir çay süfrəsi arxasında davam etdirilmişdir. Tədbirdə çıxış edənlər veteranları ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü və 9 May Alman faşizmi üzərində qələbə münasibətilə təbrik etmiş, faşizm üzərində tarixi qələbənin əldə olunmasında bütün Azərbaycan xalqı kimi daşkəsənlilərin də payı olduğunu bildirmiş, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsinin, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizinin Azərbaycanın payına düşdüyünü qeyd etmişlər. Ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. O, bildirmişdir ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır.
       Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi  mayor Qulu Əsədov  bildirdi ki, bu müharibədə     Azərbaycandan 640 min nəfər iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. Böyük Vətən müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü
1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
       Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
      1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.
       Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Qətiyyətlə demək olar ki, İkinci Dünya Müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.
       Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz hər an işğal altında olan torpaqlarımızı geri qaytarmağa hazırdır. Ali Baş Komandanın özünün qeyd etdiyi kimi, biz öz torpaqlarımızı geri qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu yolda hərb variantı da istisna deyil.
      Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışmış, respublikamızda, o cümlədən Daşkəsən rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmiş, gənc nəslə ağsaqqal məsləhətlərini vermiş, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.
      Müharibə xatirələri və  maraqlı söhbətlərlə davam edən tədbirin sonunda rayonumuzda yaşayan Böyük Vətən müharibəsi veteranlarına maddi yardımlar təqdim olunmuşdur.

Keçidlər