Daşkəsəndə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü təntənə ilə qeyd olunub
Bu münasibətlə rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib.
Tədbirdə uşaqların iştirakı ilə hazırlanmış bayram konserti olub.
İştirak edənlər Azərbaycanda dövlətin uşaqlara qayğısından, uşaqlarla bağlı Azərbaycan prezidentinin, o cümlədən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələrdən söz açaraq bildiriblər ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir.
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Tədbirdə müxtəlif müsiqi nömrələri və rəqslər ifa edən rayon ümumtəhsil məktəbliləri və uşaq bağçalarının körpə fidanları hədiyyələrlə mükafatlandırılıblar.