Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV QABAQTƏPƏ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

30 may 2018 | 16:00

Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi əhalini narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin operativ surətdə aradan qaldırılmasını təmin etmək məqsədilə rayonun ayrı-ayrı qəsəbə və kəndlərində yerli sakinlərin iştirakı ilə mütəmadi olaraq səyyar qəbullarını davam etdirir.
Növbəti səyyar qəbul mayın 30-da rayonun Qabaqtəpə kəndində keçirilib. Səyyar qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazinin icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev görüşün əvvəlində ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Daşkəsən rayonunda həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, əhalinin məşğulluğun təmin olunması məqsədi ilə yaradılmış münbit şəraitdən, abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş söz açıb.
Rayon rəhbəri çıxışında xüsusilə qeyd edib ki, Qabaqtəpə kəndi ərazisində tikilmiş hər birinin ümumi uzunluğu 28.4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi 8 m olan müasir tipli 2 ədəd körpü 2015-ci ilin 24 dekabrında – möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin ad günündə sakinlərin istifadəsinə verilmişdir. Vaxtilə hələ sovetlər dövründən bu körpülərin olmaması səbəbindən yaz-payız fəsillərində çay daşqınlarına və sel sularına görə yaşayış məntəqələri arasında nəqliyyatın hərəkətində və insanların gediş-gəlişində böyük çətinliklər yaranırdı. Çox sevindirici haldır ki, bu körpülərin istifadəyə verilməsi ilə həmin problemlər yüksək səviyyədə tam öz həllini tapmışdır. Hazırda isə Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun əsaslı surətdə yenidənqurma işləri davam etdirilir. 2019-cu ildə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
Əhəd Abıyev bildirib ki, Güneykənd kəndində 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi artıq başa çatdırılmışdır. Eyni zamanda da əhalinin elektrik enerjisi, rabitə və içməli su təminatı daim diqqətdə saxlanmaqla günü-gündən yaxşılaşdırılmaqdadır.
Qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirib, həmçinin onları narahat edən problemlərə toxunublar.
Müraciətlər kəndə təbii qaz xəttinin çəkilməsi, su keçidinin təmiri, Xoşbulaq-Qabaqtəpə avtomobil yolunun əsaslı təmiri, çayın məcraya salınması, kənd xəstəxanasının ixtisaslı kadrla təmin olunması və şəxsi problemlərdən ibarət olmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması üçün aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə tövsiyə və tapşırıqlarını verib. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən bir neçəsi həll edilib.
Kənd sakinləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər