DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV ALUNİTDAĞ QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB
Mayın 16-da növbəti səyyar qəbul rayonun Alunitdağ qəsəbəsində keçirilib.
Alunitdağ qəsəbə tam orta məktəbinin qarşısında keçirilmiş qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, aparatın şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəsəbə sakinləri ilə görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev keçirilən səyyar qəbulların başlıca məqsədinin ortaya çıxan problemlərin yerində öyrənilməsi, onların həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edib.
Belə görüşlərin yerlərdə mütəmadi olaraq keçirildiyini bildirən Əhəd Abıyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas yanaşmaq barədə tapşırıqlarının daim diqqət mərkəzində saxlanıldığını deyib.
Əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə geniş məlumat verən Əhəd Abıyev ötən dövr ərzində rayonun Alunitdağ qəsəbəsində də xeyli abadlıq və quruculuq işlərinin aparıldığını, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.
Rayon rəhbəri xüsusilə vurğulayıb ki, son illərdə Alunitdağ qəsəbə kənd tam orta məktəbi yenidən təmir edilib, qəsəbənin çoxmərtəbəli yaşayış binalarının dam örtükləri yenisi ilə əvəzlənib, qəsəbəyə yeni içməli su xətti çəkilib, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin olunub.
Ən əsası isə mindən artıq işçinin çalışacağı “Alunit” istehsalat sahəsinin yenidən işə salınması istiqamətində çox ciddi nailiyyətlər əldə edilib.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib.
Qəsəbə sakinlərinin müraciətləri rayon mərkəzindən qəsəbəyə gələn avtomobil yolunun təmiri, yeni çəkilmiş su xəttinin tezliklə istifadəyə verilməsi, qəsəbə sakinlərinin mal-qarasının otarılması üçün örüş sahəsinin artırılması, xeyir-şər evinin dam örtüyünün təmiri və digər şəxsi məsələlərlə bağlı olmuşdur.
Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib.
Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü