Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “TURİZM VƏ KƏND TƏSƏRRÜFATI SAHƏSİNDƏ DÖVLƏT VƏ ÖZƏL SEKTOR ƏMƏKDAŞLIĞININ ƏSAS PRİNSİPLƏRİ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

14 may 2018 | 16:00

Mayın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən həyata keçirilən “Gəncə-Qazax İqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi çərçivəsində Daşkəsəndə yaradılacaq turizm-rekreasiya zonasının işçi qrupuna “turizm və kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor əməkdaşlığının əsas prinsipləri” mövzusunda təlim keçirilib.
Təlimdə Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Daşkəsənin turizmi barədə geniş məlumat verib. O deyib ki, elmi əsaslarla işlənmiş, müvafiq yuxarı orqanlarla razılaşdırılmış proqram xarakterli mükəmməl “Yeni Daşkəsən” layihəsində rayonun turizm potensialından səmərəli istifadə edilməsi prioritet kimi qarşıya qoyulmuşdur. Ötən dövrlərdə bu istiqamətdə bir sıra ciddi işlər görülüb və həmin işlər yüksək səviyyədə davam etdirilir. 
Əhəd Abıyev qeyd edib ki, Daşkəsən rayonunun özünəməxsus torpaq-bitki örtüyü və heyvanat aləmi vardır. Rayon ərazisi dağlarla əhatə olunmuşdur. Rayona xüsusi gözəllik verən yol boyunca uzanan qalın və seyrək meşələr mövcuddur. İnsan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər vardır. Mənbəyini dağlardan götürən Qoşqar, Gəncə, Şəmkir və Ballıca çayları, habelə kiçik dağ çayları qızılxallı  forel balıqları ilə zəngindir. Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərindəki eyni adlı iki göl – Göy-göl olduqca ecazkardır. 
Rayon İcra Hakimiyyətinin Başçısı Daşkəsənin tarix-mədəniyyət abidələri barədə də danışıb. Diqqətə çatdırıb ki, yerli və ölkə əhəmiyyətli 71 tarix və mədəniyyət abidəsindən 46 abidə AMEA-nın Elmi-arxeologiya tədqiqat institutu tərəfindən artıq qeydiyyata alınmışdır. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, el arasında pir kimi tanınan ziyarətgah Qoşqar dağının zirvəsində yerləşir. Əmirvar kəndində "Yastı qaya" adlanan mənzərəli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. "Ləzgi qayası", "Qara inək" zağası, "Yol yurdu" qalaçası (Dəmir dövrü), "Dardərə" qalaçası məşhurdur. Dəstəfur kəndi ərazisində yerləşən “Gəlin qaya” təbiət abidəsi  ziyarətçilərdə böyük maraq doğurur. 
Rayon rəhbəri bildirib ki, Daşkəsən rayonu ərazisində qeydə alınmış  tarix-memarlıq və mədəniyyət qoruğu yoxdur. Lakin rayonun Bayan kəndi tarix-memarlıq və mədəniyyət qoruğu elan edilə bilər. Bayan kənddəki tikililərin ərazinin landşaftına uyğun yarusvari inşası, dağların ətəyində - sal qayaların üzərində salınması ekzotik təsir bağışlayır. Qədim alban mədəniyyətinin və memarlıq sənətinin inkişafından xəbər verən Bayan kəndi ərazisindəki alban məbədləri öz görkəmini saxlamaqla günümüzə qədər gəlib çatmışdır. Bayan kəndində yerləşən XV əsrə aid edilən körpü, VII əsrə aid edilən Alban Həvari kilsəsi və IV-V əsrə aid edilən Çiçivəng monastırı böyük tarixi əhəmiyyətə malik olmaqla yanaşı, həmçinin turistik cəhətdən də cəlbedicidir.
Gəncə-Daşkəsən avtomobil yolunun dağ zirvələrinə doğru yüksələn xətlə sıldırımlı ərazilərdən keçməsi, zirvələrdən üfüqlərə və dərələrə açılan ürəkaçan mənzərələr, “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus asma kanat yolu rayona gələnlərə xoş təəssüratlar bağışlayır.
Müalicəvi təmiz havası ilə dünyada məşhur olan xüsusilə Xoşbulaq yaylağı, dünya, ölkə və yerli əhəmiyyətli tarixi və təbii abidələri ilə zəngin olan Dəstəfur, Çovdar, Quşçu, Bayan, Qabaqtəpə, Əmirvar, Zəylik, Çanaqçı, Zivlən, Muşavaq kəndləri bu bölgədə böyük perspektivi olan turistik məkanlardır. 
Ə.Abıyev vurğulayıbdır ki, rayonda kənd turizmi, yaşıl turizm pərakəndə şəkildə inkişaf etmişdir. Ekoturizm, dağ turizmi, alpinizm turizmi, aqroturizm növlərini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur. Rayonun bu sahəsinə vaxtilə investorların diqqət göstərməməyi, həmçinin infrastrukturun lazımi səviyyədə olmaması həmin turizm imkanlarından istifadə edilməsinə maneə yaratmışdır. Lakin bu sahə hər zaman rayon rəhbərliyinin diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlar qarşısında vaxtaşırı bu xüsusda məsələlər qaldırılmışdır. 2014-cü ildə tikintisi başa çatdırılmış və ölkə Başçısı cənab İlham Əliyev tərəfindən 17 oktyabr 2014-cü ildə açılışı olmuş Xoşbulaq kəndi ərazisində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzi bu sahədə son illərdə atılmış ən önəmli addımlardan biridir.
Çıxışının sonunda təlimin işinə uğurlar arzulayan Əhəd Abıyev əminliklə deyib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində son illər Daşkəsənin də siması müasirləşərək gözəlləşib, ən əsası isə yol infrastrukturu əhəmiyyətli dərəcə yeniləşib, kənd arası yollar təmir edilib, böyük nailiyyətlər əldə olunub. Yaxın günlərdə isə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin yenidən fəaliyyətə başlaması nəticəsində rayonun bütün sahələrində, o cümlədən turizm sahəsində böyük canlanma yaranacaqdır.
Daha sonra beynəlxalq dərəcəli turizm mütəxəssisi Knut Gerber, layihənin məsləhətçisi Mehdi Abdullayev turizm və kənd təsərrüfatı sahəsində dövlət və özəl sektor tərəfdaşlığı mövzusunda turizm-rekreasiya zonasının işçi qrupuna müvafiq məlumatlar veriblər.
Görülən işlər nəticəsində gözlənilən perspektivlər barədə geniş məruzə ilə çıxış edən layihənin koordinatoru Fariz Qarayev yaxın gələcəkdə işçi qrupunun Daşkəsənin turizminə böyük töhfələr verəcəyini bildirib.
Təlimin sonunda işçi qrupunu maraqlandıran suallar cavablandırılıb, onlara əyani vəsaitlər paylanıb.

Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər