DAŞKƏSƏNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜMÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ KEÇİRİLMİŞDİR
Mayın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, çoxsaylı YAP üzvlərinin, ağsaqqallar və ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulmuş, ümummilli liderin nurlu, işıqlı xatirəsi böyük ehtiramla yad edilmişdir.
Tədbir iştirakçıları Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirmişlər.
Ümumrayon tədbiri Rayon İcra Hakimiyyətinin iclas zalında davam etmişdir.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı və müstəqilliyi naminə gördüyü işlərdən, apardığı mübarizələrdən bəhs edən “Böyük ömrün anları” filmi nümayiş etdirilmişdir.
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev dahi lider haqqında geniş və dərin məzmunlu nitq söyləyərək müasir Azərbaycanın memarı, qurucusu və xilaskarının ölkəmiz üçün tarixi, əvəzsiz xidmətlərindən, respublikamızın sabitliyi və dinamik inkişafında qoyduğu bünövrədən danışmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında demişdir:
- Bu gün ölkəmizin bütün dövrlərdə ən müdrik dövlət başçısı, görkəmli siyasətçi, müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci ildönümüdür.
Düz 95 il bundan əvvəl qədim Naxçıvan torpağında dünyaya göz açmış Heydər Əliyevin böyük ürəyi həyatının bütün dövrlərində həmişə Azərbaycan xalqı üçün döyünmüş, o vətənə xidməti özünə daim borc bilmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycanı, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunanda ölkəmiz keçmiş ittifaqın respublikaları içərisində ən aşağı iqtisadiyyata malik, geridə qalmış bir əyalət statusunda idi.
Onun 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşının özünə qayıdışı, milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.
Dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi, gərgin fəaliyyəti nəticəsində Azərbaycanda coşqun quruculuq işlərinə başlandı, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi. Azərbaycan aqrar ölkədən iri sənaye ölkəsinə, xammal bazasından istehsalçıya çevrildi.
Ulu öndər Heydər Əliyev sovet rejiminin xalqımızı necə sıxdığını, inkişafına hər vasitə ilə mane olduğunu açıq-aydın görürdü. Amma ümummilli liderimizin sonralar dediyi kimi bu rejimə açıq-aşkar qarşı çıxmaqla həmin dövrdə heç nəyə nail olmaq mümkün deyildi. Ən düzgün yol bu siyasətdə öz xalqına, vətəninə bacardığın qədər çox xidmət göstərmək idi. Bu dahi şəxsiyyət mübarizələrlə dolu həyatı ilə sübut etdi ki, həmin dövrün bütün çətinliklərinə baxmayaraq, vətən üçün, xalq üçün çox böyük işlər görmək mümkündür.
Azərbaycanın bugünkü zəngin elmi, iqtisadi, mədəni, kadr potensialının təməlində Heydər Əliyevin həmin illərdə apardığı milli quruculuq işləri dayanır. Elmə, təhsilə xüsusi diqqət yetirən Heydər Əliyev 70-ci illərdə hər il 2 min nəfərə qədər gənci müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ayrı-ayrı şəhərlərinə göndərirdi.
1973-cü ildə bir çox çətinliklər bahasına Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması keçmiş ittifaq miqyasında böyük hadisə idi. Ümummilli liderimiz Azərbaycanın müstəqilliyinə inandığı üçün gələcək dövlətimizin hərbi potensiala ehtiyacını nəzərə alıb bu addımı atmışdı. Hadisələrin sonrakı inkişafı bu dahi şəxsiyyətin uzaqgörənliyini bir daha sübut etdi. Müstəqil dövlətin gənc ordusu məhz həmin məktəbin yetirdiyi hərbi kadrların bilik və təcrübəsi sayəsində formalaşmağa başladı.
1969-1982-ci illərdə Azərbaycanda çoxsaylı strateji əhəmiyyətli sənaye və istehsal müəssisələri açıldı, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni-yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.
Vətənini, xalqını hədsiz məhəbbətlə sevən böyük öndərimizin bilavasitə şəxsi təşəbbüsü ilə müasir Azərbaycan memarlığının şah əsərləri sayılan və respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, neçə-neçə möhtəşəm binalar inşa edildi, xalqımızın tarixində mühüm rol oynamış görkəmli şəxsiyyətlərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
Həmin dövrdə Heydər Əliyev heç bir qüvvənin onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir olmamasını bir daha da sübut etməklə, xalqımızın fəxrinə çevrildi. Bu nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan ulu öndər Azərbaycanı öz timsalında bütün dünyaya tanıtdı.
Sovet dövlətinin başçısı Mixail Qorbaçov bu qədər nüfuzlu, istedadlı dövlət xadiminə, onun səmərəli fəaliyyətinə böyük qısqanclıqla yanaşırdı. 1987-ci ilin oktyabrında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, partiya və tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyev SSRİ rəhbərliyində ikən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkünlüyünü başa düşən ermənipərəst məkrli qüvvələr onun vəzifədən uzaqlaşdırılmasına nail oldular.
Belə bir şəraitdə bu polad iradəli insan xalqının ağır vəziyyətində onunla bir yerdə olmaq üçün bütün məhrumiyyətlərə qalib gəldi və həmin vaxtlar tarixinin ən ağır zamanını yaşayan Naxçıvana dönməyə nail oldu.
Həmin dövrə nəzər salarkən dövlət müstəqilliyimizin ilk addımlarının məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldığının şahidi oluruq. Onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarıldı, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı.
1991-ci ildə Azərbaycanda təhlükəli bir vəziyyət yaranmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsindəydi. Respublikada xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat bərbad hala düşmüşdü, Heydər Əliyevin qurub-yaratdığı iqtisadi potensial amansızcasına dağıdılırdı.
Təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidi sarsılmış, ölkəmiz real vətəndaş müharibəsi, qardaş qırğını və separatçılıq meylləri ilə üz-üzə qalmışdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz onu itirmək təhlükəsindəydi.
Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı, amma şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan AXCP-Musavat kimi hakimiyyət hərisləri bütün gücləri ilə buna mane olur, silahlı dəstələr yaradırdılar.
Heydər Əliyev 1993-cü ilin iyununda 2-ci dəfə hakimiyyətə qayıdanda ölkədə hakimiyyətsizlik, özbaşınalıq, hərc-mərclik son həddə çatmışdı. Fürsətdən istifadə edən erməni hərbi birləşmələri torpaqlarımızı işğal edir, yüz minlərlə soydaşlarımız öz dədə-baba torpaqlarında qaçqına, didərginə çevrilirdi.
1993-cü ildən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən demokratik-hüquqi, sivil bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yaradıldı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Söz və mətbuat azadlığı təmin edildi, Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzası ləğv edildi. Əlbəttə, bütün bunların heç biri asan başa gəlmədi.
Bu böyük dövlət adamının irəli sürdüyü Azərbaycanın gələcəyinə hesablanmış strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. Heydər Əliyev dühasının məhsulu olan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi qlobal layihələrin gerçəkləşməsi, ölkəmizə milyardlarla dollar xarici sərmayənin gəlməsi dövlətimizin iqtisadi qüdrətinin sarsılmaz əsaslarını qoymuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə təsadüf edir. Biz hər iki yubiley barədə düşüncələrimizi bölüşərkən təbii olaraq müasir dövlətçiliyimizin yaranmasını, müstəqilliyimizin möhkəmləndirilməsini və bu yolda Heydər Əliyevin müstəsna tarixi xidmətlərini bir-biri ilə əlaqələndiririk. Çünki belə olmadan müasir Azərbaycan tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yarımçıq alınardı.
Ömrünün son günlərində isə ulu öndər xalqımıza daha bir xeyirxahlıq edərək öz siyasi varisini bizə ərməğan etdi. Onun siyasi və mənəvi keyfiyyətləri haqqında: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” – deyən Heydər Əliyev, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın bütün sahələrinin inkişafında böyük uğurlara imza atacağını qətiyyətlə bildirirdi.
Ümummilli lider Heydər Əliyevin çox hörmətli cənab İlham Əliyev haqqında dediyi sözlərin böyük bir həqiqət olduğu bu gün real həyatda öz təsdiqini tapmışdır.
Ötən 15 ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, müasirləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin müəyyən etdiyi siyasi kursun davamından başqa cür qiymətləndirilə bilməz. Ölkəmizin dünya birliyində, beynəlxalq aləmdə öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyevin zəngin ictimai-siyasi irsinin, ideyalarının yeni dövrün tələblərinə uyğun yaşadılmasının nəticəsidir.
Son 15 ildə ölkə iqtisadiyyatı dünya dövlətləri üçün rekord həcmdə - 3,2 dəfə artıb, iqtisadiyyatımıza 230 milyard dollardan artıq sərmayə qoyulub.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təkcə 2017-ci ildə əldə edilmiş uğurlara nəzər salaq: mühüm geostrateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənilməsinin 2050-ci ilədək uzadılması, mühüm iqtisadi-tarixi hadisə olan iki milyard ton neftin hasil olunması, “Şimal-Cənub nəqliyyat dəhlizi”nin açılması istiqamətində addımların atılması, 50 çox ölkənin iştirak etdiyi ilin ən böyük idman hadisəsi – Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın uğurla ev sahibliyi etməsi və sair...
Xalqımız ümummilli liderimizə həm də ona görə minnətdardır ki, İlham Əliyevi xalqımıza bəxş etdi. Çünki məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf kursunu daha da zənginləşdirən cənab İlham Əliyevin siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, xalqa olan dərin məhəbbəti, vətənpərvərliyi müstəqil Azərbaycan dövlətinin gələcək inkişafına təminat verən yeganə amildir.
Azərbaycan xalqı dövlətimizin əldə etdiyi bütün uğurlara görə, ulu öndər Heydər Əliyevə minnətdardır. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti bundan sonra da böyük inkişaf yolu keçəcək, ulu öndər Heydər Əliyevin bütün arzularını gerçəyə çevirəcəkdir.
Mən ümummilli liderimiz Heydər Əliyevin hələ sovetlər dövründə Respublikamıza rəhbərlik etdiyi vaxtda əmək fəaliyyətimə başlamışam, müxtəlif vəzifələrdə işləmişəm. Müstəqillik illərində isə Yeni Azərbaycan Partiyasının yaradıcısı və lideri ulu öndərin xeyir-duası ilə birinci və ikinci çağırış Milli Məclisə deputat seçilmişəm. Üçüncü dəfə millət vəkili seçilməyim hörmətli dövlət Başçımız cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə olub. Qürur hissi ilə bildirirəm, mən xoşbəxtəm ki, vaxtilə Ulu Öndərimizin mənə göstərdiyi etimadı bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev göstərir və onun rəhbərliyi altında işləyirəm. Bu mənim üçün böyük fəxr və şərəfdir!
Və hər zaman Heydər Əliyev siyasi kursuna sədaqətli olan daşkəsənlilər 2018-ci ilin aprelin 11-də prezident seçkilərində yüksək mütəşəkkillik, siyasi fəallıq nümayiş etdirərək bu kursun ən layiqli davamçısı olan Yeni Azərbaycan Partiyasının vahid namizədi möhtərəm cənab İlham Əliyevə - inkişafa, tərəqqiyə, sabitliyə, daha güclü və qüdrətli Azərbaycana səs verdilər. Həmin gün xalq və dövlət həmrəyliyinin, xalqın öz rəhbərinə inamının, etimadının və etibarının nümayişi gününə çevrildi. Daşkəsənlilər hələ də ötən Prezident seçkilərinin uğurlu yekunlarından doğan xoş ovqatı yaşayırlar.
Həyatının mənasını xalqa ləyaqətlə xidmət etməkdə görən ulu öndər vaxtilə belə demişdir: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam... Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır”.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Yaşasın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyaları!
Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə eşq olsun!
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyin üzvü