DAŞKƏSƏNDƏ 2018-Cİ İLİN BİRİNCİ RÜBÜ UĞURLA YEKUNLAŞIB
Aprelin 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında “Daşkəsən rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş nitqi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev açaraq hesabat məruzəsi ilə çıxış edib. O, məruzəsində deyib:
- Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on beş il ərzində uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Azərbaycan xalqının 2018-ci ilin 11 aprel seçkisində seçimi son on beş ildə cənab Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür (seçkilərdə ölkə vətəndaşlarının 74,3 faizi iştirak etmiş, onlardan 86,02 faizi cənab İlham Əliyevin namizədliyini dəstəkləmiş, səs vermişlər).
Aprelin 11-də keçirilmiş Prezident seçkisi bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilmiş və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarını möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayış etdirmişdir.
Prezident seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan cənab İlham Əliyevə sevgilərini bir daha nümayiş etdirərək seçkidə iştirak etmiş seçicilərin 85,56 faizi səs vermişdir.
Prezident seçkilərində Möhtərəm Cənab İlham Əliyevin qazandığı bu parlaq, inamlı qələbə münasibətilə Daşkəsən şəhərində aprelin 12-də geniş konsert-mitinq tədbir keçirilmişdir.
2018-ci ilin birinci rübü də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 9-da Prezident sarayında, Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında birinci rübün sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ilin birinci rübündə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Prezident Möhtərəm cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır.
O demişdir:
...” Hər il olduğu kimi, bu il də aprel ayının birinci ongünlüyündə biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edirik, gələcək planlar haqqında danışırıq. Mən ilin əvvəlində demişdim, əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu il olacaq və birinci rübün yekunları bu sözləri təsdiqləyir. Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Əminəm, biz bu müsbət dinamikanı ilin sonuna qədər saxlayacağıq, bunu daha da artıracağıq ki, ölkəmiz 2018-ci ili də uğurla başa vursun”.
Cənab Prezident çıxışında 2018-ci ilin birinci rübündə Bakı şəhərində bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsini xüsusi vurğulamışdır.
Eyni zamanda Cənab Prezident qeyd etmişdir ki, ...Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir.
Cənab Prezidentdaha sonra demişdir: …”Ölkəmizdə ümumi inkişaf dinamikası çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Əgər biz əvvəlki illəri də nəzərə alsaq görərik ki, bu dinamikada ardıcıllıq vardır. Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər.
Bir sözlə, birinci rübün yekunları müsbətdir. Əlbəttə ki, üç ay ərzində daha bir sıra önəmli məsələlər öz həllini tapıb. Bir giriş sözümdə onların hamısını əhatə etmək mümkün deyil. Sadəcə olaraq, mən əsas məsələlər ətrafında fikirlərimi xalqa bildirdim. Azərbaycan xalqı bilir ki, Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantıları həm praktiki məsələlərin həllinə xidmət edir, eyni zamanda, bu, görülən işlər haqqında xalqa verilən hesabatdır”...
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2018-ci ilin birinci rübü ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır.
Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Möhtərəm Prezident cənab İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalamış, həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan
yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür.
Şahvələdli kənd ümumi orta məktəbində yeni modul tipli məktəb binası quraşdırılır.
Azərbaycan Respublikası Prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 5 aprel 2018-ci il tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən Daşkəsən rayonunun Almalı kəndində və Daşkəsən qəsəbəsində hər birində 56 şagird yerlik, Gurbulaq kəndində isə 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuşdur.
2018-ci ildə Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının təmiri nəzərdə tutulmuş və artıq həmin işlərin icrasına, eyni zamanda Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işlərinə, o cümlədən istinad divarlarının təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, lakin şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Bildiyiniz kimi 24 mart 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına şəxsi minik avtomobillərinə ziyan dəymişdir. Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə işlər görülmüş və hazırda həmin işlər davam etdirilir.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondunun hesabına Daşkəsən rayonu ərazisində yaşayan 422 aztəminatlı ailəyə bayram sovqatı paylanmışdır.
Birinci rüb ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan 40 nəfər məktəbli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 26-29 mart 2018-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Daşkəsən rayonunda növbəti həqiqi hərbi xidmətə çağırışçılar 12 aprel 2018-ci il tarixdə seçkilərlə əlaqədar keçirilən ümumrayon mitinqində böyük təntənə ilə yola salınmışlar.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdir.
Cari ilin yanvar ayının 29-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən konfransda Cənab Prezidentimizin giriş və yekun nitqlərində Dövlət Proqramının icrası barədə hərtərəfli məlumat verilərək, prespektivlər müəyyənləşdirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür. Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.
Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda demişdir:
...”Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik”...
Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1 kənddə (Quşçu kəndində) süni mayalama məntəqəsi fəaliyyət göstərir. Süni mayalama texniki tərəfindən 2018-ci ilin I rübü ərzində 72 baş heyvan süni mayalandırılmışdır. Mayalandırılmış heyvanlardan 65 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Daşkəsən rayonu ərazisində 2018-ci il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən,baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 16 saylı,14 mart 2018-ci il tarixli sərəncam verilmişdir.Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq lazımi tədbirlər görülməlidir.
Rayonun aidiyyəti üzrə qrumları bu sahədə bütün lazımı tədbirləri yerinə yetirməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2018-ci ilin fevral ayının 10-dan 01 may 2018-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçirilir. İndiyədək 42 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 17541 nəfər tibbi müayinədən keçmiş, 78 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 103 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 250 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilməkdədir.
Tibbi müayinədən keçən Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər.
Bildiyiniz kimi, 53 bənddən ibarət olan “Yeni Daşkəsən” layihəsi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış və 22 yanvar 2013-cü il tarixdə rayonun mətbu orqanı «Daşkəsən» qəzetində dərc edilmişdir. Bu proqram xarakterli mükəmməl layihə aidiyyəti üzrə nazirliklərə göndərilmiş, müsbət rəylər alınmış, layihənin həyata keçirilməsi üçün hələ 2013-cü ildən müvafiq tapşırıqlar verməklə bu məsələlərin həll olunması işlərinə başlanılmışdır.
2013-cü ildə Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış bu proqramla rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının mövcud vəziyyəti, ayrı-ayrı sektorlarının – heyvandarlığın, arıçılığın, kartofçuluğun, toxumçuluğun, həmçinin turizmin inkişafı, yeni inzibati inaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara münbit şərait yaradılması, mövcud problemlərin həlli, o cümlədən də Daşkəsən rayonu “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılması əsas götülürərək “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də “Alunit” İstehsalat sahəsinin yenidən işləməsinin müasir səviyyədə təmin olunması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin və “Alunit” İstehsalat sahəsinin müasir texniki avadanlıqlarla təchiz edilərək müasir formada işə salınması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada, ermənilərlə təmas xəttində yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli məsələlər tam öz həllini taparaq Daşkəsən rayonu regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və müəssisənin yenilənməsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası çox hörmətli Prezidenti cənab İlham Əliyevin 13 iyul 2016-cı il tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Müəssisənin bu günə kimi investisiya müsabiqəsi baş tutmamış, dolayı yollarla gecikdirilir. Çünki müəssisənin maliyyə təsərrüfat vəziyyətinin olduqca aşağı düşməsi ilə əlaqədar elektrik, qaz, su, vergi, Dövlət Sosial Müdafiə Fonduna olan yüksək məbləğdə borcların yaranması işçilərin əmək haqlarının verilməsində maliyyə çətinlikləri, problemlər yaradırdı.
Rayon İcra Hakimiyyəti olaraq qazın, elektrikin, əmək haqlarının ödənilməsi məsələsini aidiyyəti üzrə nazirliklər qarşısında şəxsən mən qaldırdım və həllinə də nail olundu. Bu çətinliklərə baxmayaraq, istifadə olunmuş elektrik enerjisinə olan 139 min manat məbləğində borcunun ödənilməsi təşkil edilmiş və işçilərin əmək haqları da verilir.
Cari ilin yanvarın 29-da Bakı şəhərində Heydər Əliyev Mərkəzində möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə keçirilən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda mən də çıxış edərək bildirdim ki, çox vacib və ciddi məsələ olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi tezləşdirilsin, müəssisədəki problemlərin birdəfəlik həll edilməsinə maneçilik törədilməsin.
Artıq bu sahədə müəyyən irəliləyiş hiss olunur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdir ki, ...”Bizdə qeyri-qida məhsulları üzrə birinci yerdə qızıldır. 2016-cı ildə 76 milyon dollarlıq, 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb”...
Sevindirici haldır ki, 2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC qısa müddət ərzində bir sıra çox böyük əhəmiyyətli işlərin görülməsinə nail olmuşdur.
Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı təmir-tikinti işləri sayəsində yatağın fəaliyyəti bərpa edilmiş, optimallaşdırılmış, istehsalat 24 saatlıq iş rejiminə keçirilmiş, hasilat işlərinə başlanılmışdır.
Eyni zamanda hesabat ilində Azərbaycan Şəkər İstehsalat Birliyi İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətini davam etdirmişdir.
2018-ci ilin I rübü ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 64100 manat həcmində rabitə xidməti göstərilmişdir.
Zəylik, Qaraqollar, Əhmədli, Yuxarı Daşkəsən, Quşçu, Bayan və Dəstəfur kənd ATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülmüşdür.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet istifadəçilərinin sayının artırılmasına və rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir.
2019-cu ildə Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması üçün müvafiq sənədlər işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuşdur.
2018-ci ilin I rübü ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən yerli əhəmiyyətli avtomobil yolllarının saxlanması və təmiri üzrə 231,1 min manatlıq iş görülmüşdür.
“Yeni Daşkəsən“ ideyası rayonun yüksəlişindən və cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının, körpülərin əsaslı təmiri üzrə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Respublika Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə təklifləri işlənib təqdim olunmuşdur.
Möhtərəm cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında yekun nitqində qeyd etmişdir: “Bu il infrastruktur layihələri ilə bağlı bizim planlarımız çox böyükdür. İlin sonuna qədər ölkəmizdə qazlaşdırma 95 faizə çatmalıdır. “Şimal-2” elektrik stansiyasının tikintisi başa çatmalıdır. Bu, bizə təxminən 400 meqavata yaxın əlavə elektrik enerjisi verəcək. Biz indi elektrik enerjisini qonşu ölkələrə ixrac edirik. Bizdə çox gözəl ixrac potensialı yaradılıbdır. Ölkə daxilində bütün tələbat tam təmin edilir. Ancaq baxmalıyıq ki, bundan sonra bizə ümumiyyətlə nə qədər generasiya gücləri lazımdır. Ölkəmizin inkişafını, əhalinin artımını, sənayeləşmə prosesini nəzərə almalıyıq. Yəni, böyük inkişafı nəzərə alaraq baxmalıyıq ki, beş ildən, on ildən sonra bizə daxili istehlak üçün nə qədər elektrik enerjisi lazım olacaq. Bununla paralel olaraq, biz xarici bazarları təhlil etməliyik ki, beş ildən, on ildən sonra xarici bazarlara nə qədər enerji ixrac edəcəyik. Buna görə də addımlarımızı atmalıyıq ki, yeni stansiyalar tikilməlidir, yoxsa biz mövcud olan stansiyalarla kifayətlənməliyik? Biz mütləq alternativ enerji mənbələri yaratmalıyıq - külək, günəş, su elektrik stansiyaları tikməliyik. Yəni, bu sahədə çox ciddi təhlil aparılmalıdır və mənə təqdim edilməlidir.
İçməli su ilə bağlı layihələr uğurla gedir. Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır. Əminəm ki, biz buna da çatacağıq. Bütün bölgələrdə, bütün şəhərlərdə bu layihələr icra edilir, kəndlərin böyük hissəsində də daim diqqət mərkəzində olmalıdır.”
Hesabat ilində Daşkəsən rayonunda enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən zədələnmiş 1 ədəd 250 kilovoltluq transformator dəyişdirilmiş, 6 ədəd 10-6/0, kilovoltluq yarımstansiyada və 11,7 kilometr elektrikverici xətlərdə təmir işləri aparılmış, transformatorlara və yağ tutumlu avadanlıqlara 360 kiloqram transformator yağı əlavə olunmuşdur.
0,4 kilovoltluq şəbəkənin kabel xətti ilə çəkilməsi üçün 244 ədəd özünü daşıyan izolyasiyalı naqil (ÖİN) üçün metal dayaq basdırılmış, müxtəlif markalı 10050 metr ÖİN kabel çəkilmişdir.
35/6 kilovoltluq “Daşkəsən Filizsaflaşdırma” ASC-yə məxsus yarımstansiyadan çıxan 6 kilovoltluq Xoşbulaq və 6 kilovoltluq Dəstəfur hava xətlərinin Elektrik şəbəkəsinə məxsus 110/35/6 kilovoltluq Daşkəsən yarımstansiyasından qidalandırılması üçün tikintisi dayandırılmış I və II Əhmədli hava xətlərinin tikintisi davam etdirilmiş, 11,5 kilometr ikidövrəli hava xətti 05.02.2018-ci il tarixdə şəbəkəyə qoşulmuşdur. 6 ədəd KRN çala quraşdırılmış və çıxış xətləri üçün 270 metr kabel çəkilmiş, 3 ədəd mufta bağlanaraq 6 kilovoltluq Xoşbulaq, 6 kilovoltluq Dəstəfur hava xətlərinin 110/35/6 kilovoltluq Daşkəsən elektrik yarımstansiyasından qidalandırılması təmin edilmişdir.
Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 8 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
2018-ci ilin I rübü ərzində rayonun Xoşbulaq kəndində 32 abonent təbii qazla təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 3749 nömrəli, 5 mart 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərin siyahısında Daşkəsən rayonu üzrə Quşçu və Bayan kəndləri nəzərdə tutulmuşdur.
Qaz Xidmət Sahəsi üzrə 2018-ci ilin I rübü ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 101%, ümumi ödəmə üzrə isə göstərici 81,3% olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir.
Daşkəsən rayon Sukanal idarəsinin fəaliyyətində bir sıra çatışmazlıqlar mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 16 aprel 2018-ci il tarixində Daşkəsən şəhərində Daşkəsən, Gədəbəy,Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Aprelin 9-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında müxtəlif sahələrdə mövcud vəziyyəti hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir: “...Gələn ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Mən bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişəm. İlin əvvəlindən biz bu gözəl tarixi qeyd edirik. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmamışdır. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir.
Mən şübhə etmirəm ki, Azərbaycan bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün planlarımız həyata keçirilir. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla uğurla gedəcəyik ”.
İcazə verin, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Yaşasın müstəqil Azərbaycan!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında rayon üzrə Maliyyə İdarəsinin rəisi Natiq Zeynalov, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev və digərləri çıxışlar etmiş, qarşıda duran vəzifələrin icrasından danışmış, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul edildikdən sonra toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Elmar Vüqarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü