PREZİDENT İLHAM ƏLİYEVİN ÖLKƏ VƏTƏNDAŞLARININ PULSUZ TİBBİ MÜAYİNƏDƏN KEÇİRİLMƏSİ BARƏDƏ TAPŞIRIĞI DAŞKƏSƏNDƏ UĞURLA DAVAM EDİR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fevralın 10-da Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının poliklinikasında rayon sakinlərinin tibbi müayinəsi başlanmışdır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatı və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli tibbi müayinədən keçməsini də təmin etmişdir.
Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış Daşkəsən rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə sakinlər, idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın gəlirlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən sakinlərin tibbi müayinədən keçirilməsi may ayının 1-dək davam edəcəkdir. Tapşırığın icrası ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, Rayon İcra Hakimiyyətində idarə, müəssisə, təşkilat və rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin, eləcə də rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə müəssisədə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov onu da demişdir ki, müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunub. Bu əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə Başçısı cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə Başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.
35 min nəfərdən çox rayon sakininə xidmət göstərən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini bildirmişdir.
Baş həkim deyib ki, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar da yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında müayinələr aparır, həmçinin poliklinikaya gələ bilməyən vətəndaşlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir, həmçinin müəyyən xəstələr respublikamızın digər klinikalarına əlavə müayinə və müalicəyə göndərilirlər.
Daşkəsəndə Dövlət Başçısının sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanan humanist göstərişi əsasında sakinlər hərtərəfli tibbi müayinədən keçirlər. Hər gün orta hesabla 200-300 nəfər müayinə olunur.
Rayonda əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü