DAŞKƏSƏN RAYONUNDA AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ HİCRAN XANIM HÜSEYNOVA VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq aprelin 16-da Daşkəsəndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Hicran xanım Hüseynova Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul etmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Hicran xanım Hüseynova qəbuldan əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbulda komitə sədri vətəndaşların fikir və təkliflərini dinləyib.
Vətəndaşlar əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq, boşanmalardan yaranan problemlər ilə əlaqədar müraciətlər ediblər.
Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan Komitə sədri qəbula yazılmış vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair Komitənin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar vermişdir. Eyni zamanda da səsləndirilən müxtəlif təkliflər, şikayət xarakterli müraciətlər tədbir görülməsi üçün nəzarətə götürülmüşdür.
Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilmişdir. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.
Qəbul başa çatdıqdan sonra Komitə sədri hörmətli Hicran xanım Hüseynova Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində rayonun bir qrup fəal qadını ilə görüşüb. Əvvəlcə Komitənin sədri ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında məlumat verib. Daha sonra görüşdə qadınların cəmiyyətdə rolu, onların hüquq və vəzifələrinin qorunması, qadın sahibkarlığının inkişafı və digər mövzularla bağlı müzakirələr aparılmışdır.
Daşkəsəndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri hörmətli Hicran xanım Hüseynovanın qəbuluna gələn vətəndaşlar müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü