Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda güclü külək yaşayış binalarına və elektrik təsərrufatına böyük ziyan vurmuşdur

25 mart 2018 | 16:00

Daşkəsən rayonu ərazisində 24 mart 2018-ci il tarixdə saat 15-00 radələrində baş vermiş təbii fəlakət, güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin, qəsəbə və kəndlərin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına, şəxsi minik avtomobillərinə ziyan dəymişdir.
Daşkəsən şəhər S.Vurğun küçəsi 15 və 16 saylı, 2 mərtəbəli, hər biri 12 mənzilli  yaşayış  binalarının, Xoşbulaq kəndində tibb məntəqəsinin dam örtüyünə olduqca ciddi ziyan dəymiş, güclü külək həmin binaların dam örtüklərini  tamamilə sıradan çıxarmış, taxta konstruksiyalarla birlikdə  binaların üstündən atmışdır.
Rayonun Xoşbulaq, Zağalı, Qaraqullar, Mollahəsənli, Əhmədli, Əmirvar, Quşçu və Zəylik kəndlərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində və digər yaşayış məntəqələrində də yaşayış binalarına və sosial obyektlərə ciddi ziyan dəyərək dam örtükləri tamamilə yararsız hala düşmüşdür.
İlkin məlumata əsasən, rayon üzrə ümumilikdə 80-dən artıq binanın dam örtüklərinə müxtəlif dərəcədə ziyan dəymişdir.
Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Rayon Mərkəzi Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olmuşdur.
       Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə dərhal komissiya yaradılmış, müvafiq işlər aparılır. Dəymiş ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunmuşlar.

Keçidlər