Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən prezident seçkilərinə böyük nailiyyətlərlə qədəm qoyur

20 mart 2018 | 16:00

Daşkəsən prezident seçkilərinə böyük nailiyyətlərlə qədəm qoyur

20 Mart 2018

Azərbaycanın son 15 illik uğurlu göstəricilərindən biri bölgələrimizin inkişaf yoluna çıxarılmasıdır. Həyata keçirilən dövlət proqramları, məqsədyönlü tədbirlər nəticəsində şəhər və rayonların iqtisadi potensialı hərəkətə gətirilib. Hər ötən il iqtisadi artımla başa çatıb, əhalinin yaşayış səviyyəsi yüksəlib, geniş abadlıq və quruculuq işləri aparılıb. Bölgələrin inkişafı həm də qeyri-neft sektorunun hesabına təmin edilib. Bu sırada dağlar diyarı olan Daşkəsəndə əldə olunan nailiyyətlər təqdir olunmağa layiqdir. Öz yüksəlişi ilə Daşkəsən ümumən ölkəmizin inkişafına layiqli töhfələrini verməkdədir.

Qürur doğuran yüksəliş nümunəsi

Daşkəsən Azərbaycan SSR-də inzibati rayon kimi 1930-cu ildə təşkil edilib. Ərazisi 1046 kvadratkilometr, əhalisi 35 min nəfərə yaxındır. Rayonda 1 şəhər, 5 qəsəbə və 43 kənd var. Hinaldağdan və Qoşqar dağından məğrurluqla boylanan uca qarlı zirvələri, bumbuz və gur sulu çayları, təmiz və saf havası, yaşıllığa bürünən dilbər gözəlliyi, ümumiyyətlə, ilin bütün fəsillərində təbiətinin əsrarəngiz mənzərəsi ilə insanın ruhunu oxşayan Daşkəsən rayonunun inkişafı doğrudan da qürurvericidir. Düşmənin qarşısında hər zaman mətinliklə dayanan, uca dağları, sıldırımlı qayaları ilə alınmaz qalaya çevrilən Daşkəsən son illər həm də quruculuq meydanına çevrilib. Bu gün Daşkəsənə ayaq basan hər kəs elə ilk addımda rayonun keçdiyi inkişaf yolunun, quruculuğun və abadlığın şahidi olur.
Rayonda son illərdə geniş vüsət almış yenidənqurma və abadlıq işləri Daşkəsən şəhərinin timsalında aydın görünür. Şəhərin kanalizasiya sistemi, küçələrin işıqlandırılması yenidən qurulub, bütün yaşayış binalarında bərpa-gücləndirmə işləri aparılıb. Bayraq meydanı yaradılıb.
Bu gün Daşkəsənin yaşayış məntəqələrinə təbii qazın verilməsi, heç vaxt şose yolunun olmadığı kəndlərə asfalt yolun çəkilməsi, dağ çaylarının üzərində körpülərin salınması əsl inkişaf və yüksəliş nümunələridir. Halbuki 70 illik sovet hakimiyyəti illərində bunların heç biri edilməmişdi. Təkcə son bir neçə ildə rayon ərazisində olduqca mühüm layihələr həyata keçirilib, möhtəşəm tikililərin təməli qoyularaq uğurla başa çatdırılıb. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişib. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlayıb.
Daşkəsəndə Azərbaycanın müstəqilliyinin təmin olunmasında, dövlətçiliyimizin möhkəm əsaslar üzərində qurulmasında və respublikamızın inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi də əbədiləşdirilib. Ümummilli liderin adını daşıyan park daşkəsənlilərin sevimli istirahət yerlərindəndir. Daşkəsən şəhərinin mərkəzində isə ulu öndərin abidəsi ucaldılıb.

2017-ci il də inkişaf göstəriciləri ilə başa çatdı

Daşkəsən rayonunda 2017-ci ildə yüksək nailiyyətlər əldə olunub. Belə ki, rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən xeyli artıb. Bu dövrdə rayonda 35 milyon 212 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən illə müqayisədə 5,2 faiz çoxdur. İl ərzində 3 milyon 112 min manatlıq (3,4 faiz çox) nəqliyyat xidmətləri, 21 milyon 824 min manatlıq (6 faiz çox) ticarət və ictimai iaşə xidmətləri göstərilib. Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil edib.
2017-ci ildə rayonda müxtəlif sahələrə 12 sahibkar (4 hüquqi, 8 fiziki sahibkar) tərəfindən özəl investisiya qoyulmaqla ümumi dəyəri 1 milyon 885,7 min manat olan layihələrin həyata keçirilməsi üçün 885,7 min manat investisiya yatırılıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində daha çox özəl investisiyanın cəlb olunması üçün aidiyyəti üzrə müvafiq işlər aparır və həmin işlərin icra vəziyyəti daim nəzarətdə saxlanılır. Bu barədə qəzetimizə danışan rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirdi: “Rayonumuza investisiya cəlb olunması məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunur. İş adamları və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilib və tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilib. İnvestisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi kömək göstərilməklə əlverişli şərait yaradılıb, bu sahədə bir sıra layihələr həyata keçirilib”.
Ötən il rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 363,9 manat, dövlət mülkiyyətində 375,5 manat, qeyri-dövlət mülkiyyətində isə 184,3 manat təşkil edib. İl ərzində rayonda müxtəlif qurumlarda olan 151 müvəqqəti iş yerləri saxlanılaraq vaxtı uzadılıb və əlavə 49 yeni iş yeri açılıb. Rayonun büdcəsinin icrası isə gəlirlər üzrə 100,2, xərclər üzrə 94,1 faiz yerinə yetirilib.
Kənd təsərrüfatına gəldikdə isə, qeyd olunduğu kimi, bu sahədə hər il artım əldə olunur. Xatırladaq ki, əkin sahələrinin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə dövlət tərəfindən buğda üçün hər hektar əkin sahəsinə 90, digər əkinlər üçün isə 50 manat olmaqla 2017-ci il ərzində aparılmış əkinlərlə bağlı rayon üzrə 20 nəfərə 407 hektar əkin üçün 35178 manat məbləğində subsidiya verilib. Bunun nəticəsi olaraq 2017-ci ildə rayonda 713 hektar sahədə buğda əkilib və 1568,6 ton məhsul istehsal olunub. 61 hektar sahədə isə arpa əkilib və 156,6 ton məhsul yığılıb. Bundan başqa, 1308,4 hektar sahədə kartof, 83 hektar sahədə kələm, 66,4 hektar sahədə lobya və 4 hektar sahədə qarğıdalı əkilib. Bu sahələrdən 13087 ton kartof, 1445 ton kələm, 17,4 ton tərəvəz lobyası və 15,2 ton qarğıdalı bitkiləri yığılıb.
Hazırda rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatlarının artırılması üçün işlər davam etdirilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1 kənddə (Quşçu kəndində) süni mayalama məntəqəsi fəaliyyət göstərir. Mayalandırılmış heyvanlardan 67 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir. Bundan başqa, rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq 2017-ci il ərzində də arıçılığın inkişafı üçün tədbirlər davam etdirilib.

Abadlıq və quruculuq işləri davamlıdır

2017-ci ildə rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir. Ötən il ərzində Daşkəsən şəhərində yeni hotel istifadəyə verilib, rayon məhkəməsinin inzibati binası əsaslı təmir olunub, Dövlət Notariat Kontoru və rayon qeydiyyat şöbəsi yeni binaya köçürülüb, kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisi başa çatdırılıb. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılıb, Bayan kənd tam orta məktəbinin dam örtüyü yenisi ilə əvəz olunub. Güneykənd kəndində 56 şagirdlik modul tipli yeni məktəb binasının tikintisi başa çatdırılıb, Şahvələdli kəndində isə 23 şagirdlik modul tipli yeni məktəb binasının tikintisi davam etdirilir. Bayan kənd tam orta məktəbin dam örtüyü yenisi ilə əvəz olunub, Quşçu kənd uşaq bağçası təmir edilib.
Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunub, şəhərin əsas meydan və küçələrinə yeni asfalt örtüyü salınıb. Bu il isə daha 7 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunacaq. Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə də təmir işləri aparılıb və hazırda həmin işlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılacaq.
Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz içməli su ilə təmin olunur. Həmçinin Yaponiyanın Azərbaycandakı səfirliyinin qrantı hesabına “Yuxarı Daşkəsən qəsəbəsində İçməli Su Təchizatının Yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsi başa çatdırılıb və 26 iyul 2017-ci il tarixdə açılışı olub.

“Yeni Daşkəsən” layihəsi uğurla reallaşır

Daşkəsən rayonunun iqtisadi potensialı böyükdür. “Yeni Daşkəsən” layihəsi isə bu iqtisadi potensialın tam hərəkətə gətirilməsi məramına xidmət edir. Bu layihə rayon ictimaiyyətinin razılığı ilə qarşılanıb, bəyənilir və dəstəklənir. 53 bənddən ibarət olan “Yeni Daşkəsən” layihəsi elmi əsaslarla işlənib hazırlanıb. Bu proqram xarakterli mükəmməl layihə aidiyyəti üzrə nazirliklərə göndərilib, müsbət rəylər alınıb, layihənin həyata keçirilməsi üçün hələ 2013-cü ildən müvafiq tapşırıqlar verməklə bu məsələlərin həll olunması işlərinə başlanılıb.
“Yeni Daşkəsən” layihəsində rayonun hərtərəfli sosial-iqtisadi yüksəlişi, ayrı-ayrı sektorların - heyvandarlığın, arıçılığın, kartofçuluğun, toxumçuluğun, həmçinin turizmin inkişafı, yeni inzibati binaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara geniş fəaliyyətləri üçün münbit şəraitin yaradılması, o cümlədən Daşkəsən rayonunun “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılması əsas götürülərək “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də “Alunit” İstehsalat Sahəsinin yenidən işləməsinin müasir səviyyədə təmin olunması layihədə əsas vəzifə kimi qarşıya qoyulub.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin və “Alunit” İstehsalat Sahəsinin texniki avadanlıqlarla təchiz edilərək müasir formada işə salınması həm rayonda işsizliyin aradan qaldırılmasına, həm cəbhə boyu zonada, ermənilərlə təmas xəttində yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də bəzi problemli məsələlər tam öz həllini taparaq Daşkəsən rayonunu regionda inkişaf etmiş pilot bir rayona çevirəcək.
“Yeni Daşkəsən” layihəsində “Çovdar” qızıl zavodunun işə salınması məsələsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Qısa müddət ərzində “Çovdar” qızıl yatağının müasir texnologiyalarla istismarının təşkil edilməsi, zavodun işə salınması üçün müvafiq hazırlıq işləri tam başa çatdırıldı və zavod müasir texnologiyalar əsasında tikildi. Artıq 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb.

Daşkəsənlilər seçkidə də fəal olacaqlar

Dünən Daşkəsən şəhərində keçirilən Novruz şənliyi də rayonun iqtisadi uğurları fonunda olduqca xoş əhvali-ruhiyyədə başa çatdı. El şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev dedi: “Gündən-günə güclənən və müasirləşən Azərbaycan daha bir Novruz bayramını əmin-amanlıq, sabitlik, təhlükəsizlik və yüksək sosial rifah şəraitində keçirir. Ölkəmizdə həyata keçirilən siyasət nəticəsində dövlətimizin qüdrətinin artmasında qürur və iftixar hissi duyan hər bir azərbaycanlı və Azərbaycan ailəsi Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü iş nəticəsində Novruz UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salınıb, BMT Baş Məclisi isə bütün dünyada martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. Bu möhtəşəm bayram ölkəmizin müxtəlif bölgələrində özünəməxsus şəkildə və təmtəraqla keçirilir. Daşkəsən rayonunda da Novruz bayramı böyük ruh yüksəkliyi ilə qeyd olunmaqdadır. Biz el bayramını əmin-amanlıq şəraitində qeyd ediriksə, bu, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir”.
Qarşıdan prezident seçkiləri gəlir. İnkişafının yeni mərhələsini yaşayan Daşkəsən rayonunun seçicilərinin ötənlərdə olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də fəal iştirak edəcəklərinə əmin olduğunu bildirən Əhəd Abıyev onları ən layiqli namizədə səs verməyə çağırdı.
Uca dağlar qoynunda yerləşməsinə baxmayaraq, Daşkəsən rayonunda seçkinin yüksək səviyyədə təşkili və vətəndaşların seçkilərdə iştirakı üçün hər cür şərait yaradılıb. Rayon ərazisində bütün seçki məntəqələrinin seçicilərin gediş-gəlişi üçün əlverişli binalarda yerləşdirilməsi təmin olunub. Hər bir seçki isə Daşkəsən rayonunda mütəşəkkil baş tutması ilə yadda qalıb. Rayon sakinləri hər bir seçkidə layiqli namizədləri dəstəkləyiblər. Qarşıdan gələn seçkilərdə də daşkəsənlilər inkişafa və sabitliyə səs verəcəklər.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

/storage/files/files/Azerbaycan%20qezeti(1).pdf

Keçidlər