Daşkəsəndə Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə möhtəşəm bayram tədbiri keçirildi
Daşkəsəndə Ümummilli liderimiz Heydər Əliyevin
90 illik yubileyi münasibətilə möhtəşəm bayram tədbiri keçirildi
Daşkəsənlilər Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə ciddi hazırlıqla, böyük ruh yüksəkliyi ilə gəlmişdilər. Bu, səbəbsiz deyildi. Əvvəlcədən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama və hazırlanan tədbirlər planına uyğun olaraq rayonda mütəşəkkil hazırlıq görülmüşdü.Məhz buna görə də ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Daşkəsən rayonunda keçirilən möhtəşəm bayram tədbirləri özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində tədbirlər planına uyğun olaraq dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olunmuşdu. Keçirilən tədbirlərdə daşkəsənlilər bir daha ulu öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirmişlər. Qeyd edək ki, aprel ayının 20-dən may ayının 10-dək rayonda Heydər Əliyev günləri elan olunubdur. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin əməli işləri ilə ümummilli liderimizin silahdaşı kimi, yaratdığı ideoloji təminatın nəticəsidir ki, dağlar qoynunda daşkəsənlilər əbədiyaşar ulu öndərimizə ənənəvi olaraq belə böyük, təntənəli xalq sevgisi, möhtəşəm el məhəbbəti nümayiş etdirirdilər. Bu sevgiyə, bu istəyə tədbir iştirakçıları min alqış söylədilər.
Deyilənlərin nəticəsidir ki, əbədiyaşar ulu öndərin doğum günü hər il Daşkəsəndə əvvəlki ilə nisbətən daha da yüksək səviyyədə, zəngin, möhtəşəm ümumrayon məhəbbəti ilə qeyd edilir.
Aprel ayının 29-da isə rayon İcra Hakimiyyətinin, o cümlədən, Daşkəsən rayonunun aidiyyəti orqanlarının əməkdaşları başda icra başcısı Əhəd Abıyev olmaqla, ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki heykəlinin önünə əklil və gül dəstələri qoyaraq, ümummilli lideri böyük ehtiramla yad etdilər. Ümumrayon bayram tədbiri rayonun Bayraq meydanındakı parkda təntənəli şəkildə davam etdirildi.
Tədbir iştirakçılarının başı üzərində vüqarla dalğalanan Müstəqil Azərbaycanımızın Dövlət Bayrağı hər birimizin qəlbimizdə iftixar, qürur oyadır. 21 ildən çoxdur ki, bu bayraq vətən səmasında əzəmətlə, vüqarla dalğalanır. Ulu öndərimizin vaxtilə dediyi sözlər indi həyatda özünü necə də müdrikliklə təsdiq edir: “ Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq.”
Tədbirin aparıcısı rayon icra hakimiyyətinin başcısı cənab Əhəd Abıyevi, Daşkəsən ictimaiyyətinin nümayəndələrini, qonaqları salamlayaraq onları bayram münasibəti ilə təbrik etdi:
- “Çox hörmətli cənab başçı Əhəd Mikayıl oğlu Abıyev! Əziz qonaqlar, hörmətli toplantı iştirakçıları!
Dünyanın ən uca bayrağı olan Müstəqil Azərbaycan bayrağının vüqarla, əzəmətlə dalğalandığı gözəl bir məkanda xoş gördük sizləri. Ölkəmizin hər yerində olduğu kimi , Daşkəsən rayonunda da əbədiyaşar ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü böyük bir el şənliyi, bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər həyata keçirilir.
Bayraq meydanında təşkil olunmuş bu toplantıya daşkəsənlilərin belə mütəşəkkil gəlişi bir daha ümummilli liderə olan ümumxalq sevgisinin, el məhəbbətinin, Heydər Əliyev siyasətinin qələbəsinin nümayişidir.
Bu əziz gündə vətənə necə vətəndaş olmaq nümunəsi göstərən, ulu öndərimizin yaxın silahdaşı, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Mikayıl oğlu Abıyevin ürək sözlərini eşitmək hər birimizin ürəyindəndir”.
Rayon İcra Hakimiyyətinin başcısı cənab Əhəd Abıyev dedi: - “Sizlərin hamınızı salamlayıram. Bildiyiniz kimi, bu gün, bütün xalqımız, Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyini, böyük təntənə ilə qeyd edir. Dünya şöhrətli bu dahi şəxsiyyətin, Azərbaycan xalqı qarşısında, əvəsiz tarixi xidmətlərindən günlərlə, aylarla danışmaq olar. Mən, bu Fövqəlbəşər insan haqqında bəzi məqamlara toxunmaq istəyirəm.
Ulu Öndər Heydər Əliyev, 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş sovetlər birliyində, ən geridə qalan, aqrar bir ölkə idi. Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda o cümlədən Daşkəsəndə, ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rivahı günbəgün artmağa başladı. Artıq, ötən əsrin 70-ci illərinin sonunda, Azərbaycan Sovetlər birliyinin, iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrildi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ən böyük tikinti layihələri Azərbaycana gətirildi. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başladı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün siyasəti nəticəsində mümkün oldu.
Məhz, 70-ci illərdə həyata keçirilən, tikinti layihələri, güclü iqtisadiyyat, yeni zavod və fabriklərin tikilməsi, kənd təsərrüfatının elmi əsaslarla inkişafı, müstəqil Azərbaycanın daha möhkəm qurulması istiqamətində, ən böyük baza oldu”.
Rayon İcra Hakimiyyətinin başcısı cənab Əhəd Abıyev nitqinə davam edərək qeyd etdi ki, mən bir məsələni də xatırlatmaq istəyirəm. 1993-cü ildə, xalqın təkidli tələbi ilə,Ulu Öndərimiz 2-ci dəfə Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz, vətəndaş müharibəsi həddində idi. Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri bütün xalqı bezdirmişdi. Bax belə bir şəraitdə Heydər Əliyev çox təkiddən sonra, bir lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq sabitlik yarandı. Ulu Öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu Öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda sərmayə qoymağa başladılar.
Məlum bir həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin Ulu Öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu Öndərimizə borcluyuq.
Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi.
Ulu Öndərimiz tək siyasi mövzuda deyil, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi və digər sahələr barədə saatlarla danışardı. Bu dahi insan, mövcud vəziyyəti dərindən təhlil edərək, çox düzgün nəticələr çıxarmağı bacarırdı. Ulu Öndər Heydər Əliyevin intellektinə, natiqlik məharətinə, həmsöhbətini valeh etmək bacarığına neçə-neçə dövlət rəhbərləri heyran qalıblar və onlar öz heyranlıqlarını etiraf ediblər.
Rayon İcra Hakimiyyətinin başcısı cənab Əhəd Abıyev çıxışında onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev, xalqımızın və dövlətimizin tale yüklü həlledici çətin anlarında bütün məsuliyyəti həmişə öz üzərinə götürüb. Ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacarıb. Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnəkdir, nümunədir.
Bu gün Azərbaycan dünya siyasətində strateji əhəmiyyəti olan bir ölkədir və bu nüfuz getdikcə artır. İndi Heydər Əliyev siyasəti, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, çox böyük uğurla, həm də daha səmərəli davam etdirilir. Xalqımızın milli maraqlarına söykənən və ardıcıl davam etdirilən xarici siyasətimiz, Azərbaycanın nüfuzunu getdikcə artırır. Bu gün ölkəmiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Artıq dünyanın ən aparıcı dövlətləri, Azərbaycanla daha çox hesablaşır və ölkəmizlə bütün sahələrdə tərəfdaşlığa böyük maraq göstərirlər. Bu gün, Azərbaycanın haqq səsi, dünyanın ən mötəbər beynəlxalq tribunalarından daha əzəmətlə səslənir. Bax bütün bunlar, Heydər Əliyev siyasətinin qələbəsidir. Bütün bunlar Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin fəaliyyətində, mövcud siyasətin uğurlu, məntiqli davamının nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz inkişaf edir, abadlaşır, gözəlləşir.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev tərəfindən respublikamızın bütün şəhər və rayonlarına, o cümlədən Daşkəsənə də qayğı və diqqət göstərilir.
Bir faktı demək istəyirəm ki, möhtərəm Prezidentimiz son bir ildə, Daşkəsənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı, 4 sərəncam imzalayıb. Çox mühüm, dəyərli bir şad xəbəri də Sizə çatdırmaq istəyirəm. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev Daşkəsəndə “Azərbaycan Polad istehsalı kompleksinin” yaradılması haqqında sərəncam imzalayıb. Bu sərəncamın icrası nəticəsində rayonumuzda 2000-dən artıq iş yerləri açılacaq və bu sərəncamın icrası rayonumuzun iqtisadi inkişafına çox güclü təkan verəcək. Bu diqqət cənab İlham Əliyevin daşkəsənlilərə olan xüsusi qayğısına əyani sübutdur. Mən bütün bunlara görə dövlətimizin başçısına, cənab İlham Əliyevə, bütün daşkəsənlilər adından dərin minnətdarlığımı bildirirəm. Möhtərəm Prezidentimizə ali dövlət fəaliyyətində yeni-yeni uğurlar arzulayıram. İndi bütün daşkəsənlilərin qəlbində çox böyük məhəbbətlə cənab Prezidentimiz İlham Əliyevin əbədi heykəli ucalıb. İndi hər bir daşkəsənli, bu diqqətə və qayğıya, əməli işlə cavab verməyi, özlərinin vətəndaşlıq borcu hesab edir.
Hazırda Daşkəsəndə 25-ə yaxın yaşayış məntəqələrini birləşdirən əsaslı yollar çəkilir, Rayon İcra Hakimiyyətinin yeni inzibati binası, avtovağzal kompleksi, məktəblər, bağçalar tikilir. Yeni istehsal sahələri yaradılır, artıq Yeni Daşkəsən layihəsinin icrasına da başlamışıq.
2013-cü il dünya dövlətlərinin ölkəmizin uğurlarına və sabitliyinə həsədlə baxdıqları müstəqil Azərbaycan Respublikasında Prezident seçkiləridir.
Müdrik və qədirbilən daşkəsənlilər hər zaman taleyini etibar etdiyi rəhbərə sədaqətlə, ruhən inanmışlar.
Daşkəsənlilər müdrik seçimlərinə sadiq olmuş, Heydər Əliyev siyasi kursunun zəfərini, təntənəsini əbədiləşdirmək üçün İlham Əliyevə həmişəlik səs vermək istəyindədirlər.
Bu gün Daşkəsənli ailəsinin hər bir üzvünə Sizə - bütün daşkəsənlilərə müraciət edirəm:
Kim Azərbaycan Respublikasının dünya dövlətləri içərisində aparıcı, beynəlxalq təşkilatlara rəhbərlik etməsini və bunun uzun illər davam etməsini istəyirsə, möhtərəm İlham Əliyevi dəstəkləməli və ona səs verməlidir.
Kim Azərbaycanda sabitlik, sürətli inkişaf, qanunun aliliyini istəyirsə, İlham Əliyevə səs versin. Kim Azərbaycan Respublikasının müstəqilliyinin sarsılmaz, daimi, əbədi olmasını, milli birliyin möhkəmliyini istəyirsə, qarşıdan gələn Prezident seçkisində alternativsiz siyasi liderimiz İlham Heydər oğlu Əliyevə səs verməlidir.
Bütün bunlar Heydər Əliyev siyasətinin nəticəsi və bu siyasəti böyük uğurla davam etdirən Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin xalqımız qarşısında əvəzsiz tarixi xidmətləridir.
Nə qədər Azərbaycan var, Heydər Əliyev yaşayacaq!
Nə qədər Heydər Əliyev siyasəti var, Azərbaycan yaşayacaq!
Çünki, yalnız Heydər Əliyev siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi daimi, əbədi və dönməz olacaq.
Yaşasın Azərbaycan xalqı!
Azərbaycan Prezidenti İlham Əliyevə eşq olsun!
Daha sonra Milli Məclisin deputatı, Respublika Ağsaqqllar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatları Elton Məmmədov, Mirkazım Kazımov, ümumrayon şənliyində iştirak və çıxış etmişlər.
Millət vəkili Respublika Ağsaqqllar Şurasının sədri Fəttah Heydərov öz çıxışında bildirmişdir: “Azərbaycan Respublikasının xilaskarı ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin siyasəti Azərbaycan xalqını xoş gələcəyə aparır. Onun bariz nümunəsidir ki, ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan əvəzolunmaz Prezidentimiz İlham Əliyevi xalqımız tərəddüd etmədən prezident seçkilərində yenidən dəstəkləyəcək.Bu gün Prezidentimiz İlham Əliyevin səyi nəticəsində Daşkəsən rayonu öz inkişaf mərhələsində yeni zirvələri fəth edir.Baxın, Daşkəsən istər iqtisadi cəhətdən, istər başqa sahələrdə ən yüksək səviyyədə inkişaf mərhələsindədir.Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Prezidentimiz İlham Əliyevin etimadını yeksək səviyyədə doğruldur. Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Daşkəsəndə quruculuq işlərinin ən yüksək səviyyədə getdiyini vurğuladı. Yeni yolların çəkilişinin,yeni məktəblərin,yeni avtovağzal, İcra Hakimiyyəti üçün yeni inzibati binanın inşasını buna əyani misal kimi göstərmişdir.Bəli, bu gün tam fərəh hissi ilə bildirmək olar ki, cənab Prezidentimiz İlham Əliyevin Daşkəsən rayonuna təyin etdiyi rəhbər məhz Heydər Əliyev məktəbinin yetirməsi kimi qiymətləndirilir. Budur, siyasi yetkinlik, budur idarəçilik. Bir ağsaqqal kimi Əhəd Abıyevin rayonda gördüyü işlərinə həm xeyir-dua verirəm, həm də sevinirəm.”
Sonra Milli Məclisin üzvü, professor Elton Məmmədov da çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin dünya şöhrətli siyasəti bu günkü Azərbaycanımızın irəli getməsində onun siyasi kursunun davamçısı Prezidentimiz cənab lham Əliyevin danılmaz xidmətlərinin nəticəsidir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların inkişafı ilə bağlı Daşkəsən rayonunda Polad İstehsalı Kompleksinin yaradılmasına dair imzaladığı 23 aprel 2013 tarixli sərəncam bir daha sübut etdi ki, ulu öndərimiz, həmişəyaşar Prezidentimiz Heydər Əliyevin vaxtı ilə Daşkəsən rayonuna göstərdiyi diqqət və qayğı bu gün də yüksək səviyyədə dəstəklənir.Biz bununla qürur duyuruq və Daşkəsənin inkişafının Azərbaycan iqtisadiyyatına çox böyük mənfəət gətirəcəyinə inanırıq.
Tədbirdə daha sonra Milli Məclisin üzvü Mirkazım Kazımov da dərin məzmunlu çıxış etdi. Millət vəkili çıxışında bildirdi ki, bu gün daşkəsənlilər həm özlərinə rəhbər, həm də ən yaxın dayaq olan yaradıcı, qurucu bir insanla çiyin-çiyinə çalışırlar.Daşkəsəndə görülən işlər, həyata keçirilən layihələr ölkə rəhbərliyinin etimadını layiqincə doğruldan dostum, qardaşım Əhəd Abıyevin keçdiyi siyasi məktəbin dünya şöhrətli olmasını sübut etdi.O, öz işləri ilə bir daha sübut etdi ki, birgə fəaliyyət göstərmək həmişə ümumi işin xeyrinə olub. Belə böyük uğurlara imza atmağı biz məhz Əhəd Abıyevdən gözləyirdik. Daşkəsən camaatına Əhəd Abıyevin gördüyü işlərdə yardımçı olduqlarına görə təşəkkürümü bildirirəm və inanıram ki, daşkəsənlilər qarşıdan gələn Prezident seçkilərində yekdilliklə İlham Əliyevi dəstəkləyəcəklər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvlüyünə ərizə verənlərin adlı siyahısı oxundu, Heydər Əliyev günlərində müxtəlif nominasiyalar üzrə keçirilən tədbirlərdə, idman yarışlarında, eləcə də inşa yazı müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə qiymətli hədiyyələr verildi.
“Şahin” hərbi idman oyununun zona birinciliyndə 3-cü yeri tutduğuna görə İ.Nəsimi adına 1 saylı şəhər tam orta məktəbinin komandasına Gənclər və İdman Nazirliyinin fəxri fərmanı təqdim olundu. Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müxtəlif idman növləri üzrə 1-ci yeri tutan idmançılar və komandalar rayon Gənclər və İdman idarəsinin diplom və fəxri fərmanları ilə təltif olundular.
Ümumrayon şənliyində çıxışlardan sonra Daşkəsən rayonunda görüləcək tikinti, quruculuq və abadlıq işlərinin daha da sürətli aparılması üçün tədbir iştirakçılarının alqış sədaları altında ağır texnika karvanı giriş qapısından rayona daxil oldu.
Bəli, bu gün Daşkəsən rayonunda bayram əhval-ruhiyyəsi yaşandı. Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bayram tədbirləri təkcə rayon mərkəzində deyil, hər bir kənddə qeyd olunmuşdur.
Tədbirin rəsmi hissəsindən sonra respublikanın tanınmış müğənnilərinin iştirakı ilə bayram şənliyinin bədii hissəsinə start verildi. Daşkəsən İncəsənət məktəbinin musiqi və rəqs kollektivlərinin maraqlı zəngin repertuarları ilə davam etdirildi.Ümumrayon şənliyi tədbir iştirakçılarının yaddaşında öz zənginliyi və rəngarəngliyi ilə yadda qaldı.