Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Novruz bayramı böyük təntənə ilə qeyd edilib

19 mart 2018 | 16:00

Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 19 mart 2018-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb.
Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. O, çıxışında deyib:
- Sizləri Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hamınıza can sağlığı, ailə səadəti və uğurlar arzulayıram. 
Qoy bu xoş müjdəli Bahar bayramı doğma Azərbaycanımıza sülh, əmin-amanlıq, süfrələrimizə ruzi-bərəkət, sevincli günlər gətirsin, bayramınız mübarək olsun.  
Gündən-günə qüdrətlənən və müasirləşən Azərbaycan Dövləti daha bir Novruz bayramını əmin-amanlıq, sabitlik, təhlükəsizlik və yüksək sosial rifah şəraitində qarşılayır. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticəsində dövlətimizin gücünün artmasından qürur və iftixar hissi duyan hər bir Azərbaycan vətəndaşı Novruz bayramını böyük sevinc hissi ilə qeyd edir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev vaxtilə sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verərək bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir.  Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu milli bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Xalqımızın ən əziz bayramlarından olan Novruzun beynəlxalq status qazanması hər bir azərbaycanlının qəlbində sonsuz sevinc və qürur hissi doğurur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində yorulmadan apardığı məqsədyönlü iş nəticəsində 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış, BMT-nin Baş Məclisi tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Bu möhtəşəm bayram ölkəmizin müxtəlif bölgələrində özünəməxsus şəkildə və özü də təmtəraqla qeyd olunur. Biz bu Novruz bayramını əmin-amanlıq, sülh şəraitində qeyd ediriksə, bu, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Daşkəsənin inkişafından danışarkən xüsusilə qeyd etməliyik ki, bu tərəqqinin müəllifi möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Qazanılan hər bir nailiyyət Dövlət Başçımızın göstərdiyi böyük diqqət və qayğı sayəsində əldə edilib. “Yeni Daşkəsən” layihəsinin uğurla həyata keçirilməsi rayon ictimaiyyəti tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır. Bu həm də ondan xəbər verir ki. Müstəqil Dövlətimiz “dağlar diyarı” olan Daşkəsənin tərəqqisi üçün hər cür qayğı və köməklik göstərir. 
   Çox hörmətli Prezidentimiz cənab İlham Əliyevin Daşkəsən  rayonuna  xüsusi diqqət  və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən son illərdə özünün ən sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Bu ötən uğurlu illər ərzində Daşkəsənin sosial-iqtisadi, mədəni siması tamamilə müasirləşərək dəyişmişdir. Rayonun bütün sahələrində inkişaf, tərəqqi nəzərə çarpır. Qısa müddətdə onlarla məktəb, inzibati binalar tikilmiş, uşaq bağçaları, xəstəxanalar əsaslı təmir olunmuş, neçə-neçə körpülər salınmış, ucqar dağ kəndlərinə asfalt yollar çəkilir, Daşkəsən şəhərinin bütün çoxmərtəbəli yaşayış binalarının dam örtükləri metal lövhələrlə əvəzlənmiş, mənzillərə daimi su xətləri çəkilmiş, sovetlər dövründən yığılıb qalmış əksər problemlərin həllinə son illərdə yüksək səviyyədə nail olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamlar imzalanmışdır. Bu Sərəncamlar  bütün daşkəsənlilərin qürurla yaşamaq, yaradıb-qurmaq əzmini  artırmışdır. 
Fürsətdən istifadə edib, bu xoş əhval-ruhiyyəli bayram günündə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanı bütün Daşkəsən ictimaiyyəti və şəxsən öz adımdan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirik, gərgin fəaliyyətlərində yeni-yeni uğurlu qələbələr arzulayırıq, rayonumuza daim göstərdikləri bütün diqqət və qayğıya görə öz dərin minnətdarlığımızı bildiririk! 
Müstəqilliyimizin ən mühüm nailiyyətlərindən biri odur ki, biz öz inkişaf yolumuzu müəyyən etmişik və bu yolla gələcəyə doğru inamla irəliləyirik. Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyev mövcud imkanlarımızı müdrikliklə, qətiyyətlə, böyük uzaqgörənliklə ölkəmizin inkişafına yönəldir. Belə ki, cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Daşkəsən də inkişaf edir, özünəməxsus inkişaf tempi ilə fərqlənir.
Birmənalı olaraq bildirirəm ki, aprelin 11-də Daşkəsəndə Azərbaycan Respublikasının Prezident seçkiləri yüksək səviyyədə keçiriləcəkdir. Bu seçkilərin nəticələri ölkəmizin qarşıdakı dövrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru əminliklə irəliləməsini, bütün sahələr üzrə inkişafını, çiçəklənməsini təmin edəcəkdir. Hər bir Daşkəsən sakini Heydər Əliyev ideyalarının davamçısı, Ulu Öndərin siyasətini ləyaqətlə davam etdirən, Azərbaycan xalqının alternativsiz seçimi olan möhtərəm cənab İlham Əliyevə növbəti dəfə səs verəcək, daşkəsənlilər əvvəlki seçkilərdən fərqli olaraq daha da yüksək səviyyədə fəallıq göstərəcəklər. 
Yaşasın müstəqil dövlətimizin mənbəyi olan Azərbaycan xalqı!
Eşq olsun möhtərəm  prezidentimiz cənab İlham Əliyevə!
Bir daha da bahar bayramınız mübarək olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəximizin nümunələrinə baxış keçirib.
Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının, musiqiçilərin ifaları, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlar ilə davam etdirilib.

***
Ümumrayon bayram şənliyi rayon ərazisində yerləşən yeni tikilmiş ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə davam etdirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev və rayon ictimaiyyəti iştirak edib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi ilə çıxış edərək hərbi hissənin zabit, gizir və əsgərlərini Novruz bayramı münasibətilə təbrik edib. O, çıxışında deyib:
- Bu gün inamla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, məişət problemlərinin həllinə, maaşlarının artırılmasına, hərbi infrastrukturun yaradılmasına ciddi əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir.
Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənmiş, qüdrətlənmiş, mütəşəkkil hərbi qüvvəyə çevrilmişdir. Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin fəaliyyətində ordu quruculuğu ən əsas məsələlərdən biridir.
Silahlı Qüvvələrə, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordunun maddi-texniki bazası hər gün möhkəmlənir, müasir döyüş texnikaları, silah-sursat  alınır.
Keçirilən irimiqyaslı təlimlər göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər hansı bir vəzifəni uğurla yerinə yetirməyə hər an hazırdır.
Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət və hökumət, eyni zamanda, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Ona görə də bu istiqamətdə  səylər daim davam etdirilməlidir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin  öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməsi üçün ən başlıca şərtdir.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də  ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət göstərən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Artıq heç kəsə sirr deyil ki, bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin məntiqi nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır.
Ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur.
2016-cı ilin aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizin və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələrimizin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulmasına Azərbaycan Ordusu biganə qalmadı. Erməni işğalçıları öz layiqli cavablarını aldılar. O da faktdır ki, düşmənə vurulan öldürücü zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi  bu gün də qorxu və vahimə içindədir.
Səbri tükənən xalqımız, eləcə də öz doğma yurdlarından didərgin salınan insanlarımız  Azərbaycan Ordusunun bu qətiyyətli hərəkətindən, aprel döyüşlərindən sonra sabaha inamla baxırlar. Tarix boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıların torpaqlarımızdan qovulacağı günün çox da uzaqda olmadığına əmindirlər.
Bu  əziz bayram günündə Daşkəsən Rayon İcra Hakimiyyəti olaraq rayon ictimaiyyətinin ilə birgə sizlərin Novruz bayramı görüşünə təbrikə gəlmişik. Xalqımızın ən sevimli bayramı olan bu bahar bayramını sizlərlə keçirmək, bayram sevincinizə qoşulmaq bütün daşkəsənlilərin ürəyinin istəyidir. 
Daşkəsən rayonu mənfur Ermənistanla 8 kilometr, işğal altında qalan Kəlbəcər rayonu ilə 23 kilometr həmsərhəddir. Düşmənlə təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür.
Rayonumuzun mürəkkəb dağlıq coğrafi relyefinə, sərt iqliminə baxmayaraq, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusu Vətənimizin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs borcunu yüksək səviyyədə yerinə yetirir.
Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhrəman daşkəsənlilər düşmənə heç vaxt bir qarış da torpaq verməmişlər, bundan sonra da verməyəcəklər. 
Biz daşkəsənlilər onu da yaxşı bilirik ki,  döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, Kəlbəcərsiz,  işğal olunmuş digər şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır.
Azərbaycan əsgəri Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir!
Eşq olsun möhtərəm Prezidentimiz cənab İlham Əliyevə!
Ali Baş Komandanımızın Novruz bayramı mübarək olsun!
Sizləri bir daha da bu əziz Novruz bayramı münasibətilə təbrik edirəm, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımızın azad olunması yolunda şərəfli və məsuliyyətli fəaliyyətinizdə hər birinizə  böyük-böyük qələbələr arzulayıram!
Tədbirdə çıxış edən digər natiqlər də Novruz bayramı münasibətilə əsgərlərə cansağlığı arzulayıb, onlara Vətənə sədaqətlə xidmət etməyi tövsiyə ediblər.
Rayon ictimaiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən bayram sovqatı və xonçalar əsgərlərə paylanıb.
Tədbir bayram konserti ilə davam edib. Daşkəsənin incəsənət nümayəndələri rəngarəng bayram proqramlarını nümayiş etdiriblər. Əsgərlərlə görüşə gələn rayonun ictimaiyyət nümayəndələri onlarla rəqs edib, şənləniblər.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər