Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV RAYONUN KƏMƏRQAYA KƏNDİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB

07 mart 2018 | 16:00

Martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Kəmərqaya kəndində vətəndaşların səyyar qəbulu keçirilib.
Kəmərqaya kənd tam orta məktəbinin qarşısında, açıq havada keçirilən qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev görüş iştirakçılarını salamlayaraq bildirib ki, ölkə Başçısı cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin problemlərini öyrənmək üçün rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə yerlərdə səyyar görüş-qəbullar keçiririk. Ərazilərdə səyyar qəbullar keçirməkdə məqsədimiz ümumi vəziyyəti faktiki öyrənməkdir. Rayon əhalisinin rifahının yaxşılaşdırılmasında, habelə onların sosial-mədəni sahələrdə qarşıya çıxa biləcək problem və təkliflərinin öyrənilməsində keçirilən qəbulların müstəsna əhəmiyyəti vardır. Məhz buna görədir ki, son illər Rayon İcra Hakimiyyətində bu amilə xüsusi həssaslıqla yanaşılır, daxil olan vətəndaş müraciətlərində verilmiş təkliflər öyrənilir və araşdırılaraq vaxtında lazımi tədbirlər görülür. Qəbullarda qaldırılan məsələlər, təkliflər Rayon İcra Hakimiyyətində ümumiləşdirilir, Prezident Administrasiyasına və digər müvafiq təşkilatlara göndərilir. Hər bir müraciət ciddi nəzarətə götürülür. Onun icrası yoxlanılır, nəticəsi barədə vətəndaşlara məlumatlar verilir.
Rayon İcra Hakimiyyətinin Başçısı daha sonra qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları nəticəsində respublikanın bütün regionları ilə yanaşı rayonumuzda da bir çox işlər görülmüşdür. Cənab Prezidentin siyasətinin əsasını əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin həll edilməsi təşkil edir.
Son illər Daşkəsən rayonunun inkişafı istiqamətində görülən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işləri Kəmərqaya kəndinin də inkişafına təsir göstərib. Kəmərqaya kəndi turizmin inkişafı üçün böyük potensiala malikdir və ildən-ilə kəndə istirahət üçün gələn yerli turistlərin sayı artmaqdadır.
Əhəd Abıyev çıxışında onu da vurğulayıb ki, ötən illərdə Kəmərqaya kənd F.Ələsgərov adına tam orta məktəbi əsaslı surətdə təmir edilmiş, kəndin elektrik və rabitə xətlərində təmir-bərpa işləri aparılmış, yol infrastrukturu yaxşılaşdırılmışdır. Əhalini narahat edən müəyyən problemlər də mövcuddur ki, onların da həlli istiqamətində ardıcıl surətdə işlər davam etdirilir.
Sakinlər müraciətlərində kəndin qazlaşdırılmasını, yeni su xəttinin çəkilməsini, örüş-otlaq sahəsində yaranmış mübahisənin aradan qaldırılmasını, yanacaq üçün odunla təminat və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev sakinlər tərəfindən edilmiş müraciətlərin icrasına və qaldırılan problemlərin həllinə nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd edib, aidiyyəti idarə, müəssisə və təşkilatlara öz müvafiq tapşırıqlarını verib.
Səyyar görüş-qəbulda iştirak edən vətəndaşlar görülən işlərə, yaradılan şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə Rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər