DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNDƏ 11 APREL 2018-Cİ İL TARİXDƏ KEÇİRİLƏCƏK PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
27 fevral 2018-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin birgə təşkilatçılığı ilə rayon müşavirəsi keçirilib.
Müşavirədə məntəqə seçki komissiyalarının sədrləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.
Yığıncağı giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında deyib ki, qarşıdan gələn Prezident seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə təşkil olunmalı, azad, sərbəst və şəffaf keçirilməlidir. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 98-ci maddəsinin tələblərinə müvafiq olaraq seçkilərin yüksək səviyyədə və mütəşəkkil keçirilməsi, vətəndaşların rahat səsverməsi, komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti üçün rayon ərazisində fəaliyyət göstərən 42 seçki məntəqəsi tam hazırıq vəziyyətinə gətirilmiş, lazımi avadanlıq və texniki vasitələrlə tam təmin edilmişdir.
Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğun olaraq seçici siyahıları aidiyyəti qurumlar da bu işə cəlb olunmaqla işlənib hazırlanmış, ərazidən köçüb gedənlər və vəfat etmiş şəxslər seçici siyahılarından çıxarılmışlar. Seçici siyahılarının dəqiqləşdirilməsində “Ev təsərrüfatlarının uçotu” kitablarından əsas vasitə kimi istifadə olunmuşdur. Seçki gününədək 18 yaşı tamam olanların, ordu sıralarına çağırılan və tərxis olununan gənclərin, ali və orta-ixtisas məktəblərində əyani təhsil alan tələbələrin uçotuna xüsusi diqqət yetirilmişdir.
Yararsız hala düşmüş lövhələr yeniləri ilə əvəz edilmişdir.
Əhəd Abıyev xüsusi olaraq diqqətə çatdırıb ki, seçkiqabağı təşviqat materialları yalnız bu məqsədlə hər bir seçki məntəqəsinin ərazisində quraşdırılmış xüsusi lövhələrdə yerləşdirilməlidir.
Rayon İcra Hakimiyyətin Başçısı Məcəllənin 1.1.28-ci maddəsinin tələblərinə əsasən uzaq və yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçki məntəqələrinə çatdırılması üçün nəqliyyat vasitələrinin ayrılmasının təmin edilməsinə görə aidiyyəti qurumlara tapşırıq və tövsiyələrini vermişdir.
Daşkəsən Rayon Polis şöbəsinin rəisi Vəfadar Orucov isə bildirib ki, seçki sənədlərinin vaxtında gətirilməsi və itkisiz çatdırılması, eyni zamanda seçki ərəfəsində, xüsusi ilə seçki günü sabitliyin və asayişin qorunub saxlanması, seçki məntəqələrinin qanunauyğun şəkildə mühafizəsinin təşkili məqsədilə operativ qruplar yaradılmışdır.
O qeyd edib ki, itirilmiş və müddəti bitmiş şəxsiyyət vəsiqələrinin verilməsi üçün RİHB-nın şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə birlikdə qrafik tərtib olunmuşdur və yaradılmış həmin qruplar vasitəsi ilə hər bir yaşayış məntəqəsində bu məsələ tam öz həllini tapır.
Rayon Telekommunikasiya Qovşağının rəisi Aslan Rüstəmov, Elektrik Şəbəkəsinin rəisi Mahir Babayev çıxışlarında deyiblər ki, rayonun bütün seçki məntəqələrində rabitə təminatı və elektrik enerjisinin verilməsində bütün zəruri texniki məsələlər yüksək səviyyədə həyata keçirildiyinə görə bu sahələrdə heç bir problem yoxdur. Qarşıya çıxa biləcək bu və ya digər problemlərin vaxtında həll olunması üçün də bütün avadanlıqlarla təchiz olunmuş növbətçi qruplar yaradılmışdır.
Sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev idarə, müəssisə, təşkilat rəhbərlərinə, icra nümayəndələrinə vətəndaşların tələb və ehtiyaclarına, ərizə və şikayətlərinə hər zamankı kimi daim diqqətlə yanaşmaları üçün öz tapşırıqlarını verib.
Müşavirənin yekununda Əhəd Abıyev bir daha da əmin olduğunu bildirib ki, seçki kampaniyası zamanı heç bir qanun pozuntusuna və saxtakarlığa yol verilməyəcək, respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Daşkəsən rayonu ərazisində də seçkilər Məcəllənin tələblərinə uyğun şəffaf, ədalətli, demokratik keçiriləcəkdir.