Daşkəsən rayonunda 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir
Daşkəsəndə 2013-cü ilin I rübü böyük nailiyyətlərlə yadda qaldı.
Bu gün Daşkəsən rayonunda 2013-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq qeyd etmişdir ki, buraya toplaşmağımızın məqsədi 2013-cü ilin I rübü ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha xatırlamaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Yaxşı bilirsiniz ki, 2013-cü ilin aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Prezident sarayında, Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Ölkə rəhbəri həmin iclasda bir daha xatırlatmışdır ki, cari ilin birinci rübü də Azərbaycan iqtisadiyyatında çox uğurlu və yadda qalan olmuşdur.Keçən ilin yekunları bu ilin inkişafına möhkəm zəmin yaratmışdır.
Möhtərəm Prezidentimiz dərin məzmunlu nitqində qeyd etmişdir : “Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur…Əhalinin pul gəlirləri isə təxminən 6 faiz artmışdır. Biz burada da real artımı görürük. Kənd təsərrüfatında 4 faizdən çox artım olmuşdur. Bu da çox gözəl göstəricidir. Valyuta ehtiyatlarımız da artmaqdadır. Baxmayaraq ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi gedir. Maaşlar və pensiyaların məbləği artırılacaqdır və daim artırılır. Buna baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı yenə də artıra bilirik”.
Ölkənin digər sahələrdə də qazandığı uğurları – son 10 ildə yoxsulluğun 50 fazidən 6 faizə enməsini, Azərbaycanda şaxələndirilmiş iqtisadiyyatın verdiyi bəhrələri , Davos Dünya Iqtisadi forumunun Azərbaycanı dünya miqyasında rəqabətqabiliyyətinə görə 46-cı yeri tutmasını vurğulayan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, yola saldığımız rüb ərzində respublikamızın digər rayonlarında olduğu kimi ,Daşkəsən rayonunda da 2013-cü ilin birinci rübündə bir çox nailiyyətlər əldə olunmuşdur.
Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 24,1 faiz artmışdır.
2013-cü ilin birinci rübündə tikinti 1milyon 507 min manat (əvvəlki ilə nisbətən 6,5 dəfə çox), kənd təsərrüfatı məhsulları 4 milyon 607 min manat (15,3% çox), nəqliyyat üzrə 605 min manat (2,6% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 2 milyon 770 min manat (17,9% çox), rabitə xidmətləri üzrə 45 min manat (8,2% çox) olmuşdur.
Hesabat dövründə rayonda əhalinin sayı artmış, həmin dövrdə 80 iş yeri yaradılmışdır.
Daşkəsən rayonunda 820 ailə (3546 nəfər) qaçqın, 344 ailə (1216 nəfər) məcburi köçkün ailəsi yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir.
2013-cü ilin birinci rübü ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev daha sonra demişdir : Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç ) milyon manat, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki ) milyon manat ayrılmışdır.
Bu, ölkə başçısı cənab Prezidentimizin rayonumuzun inkişafına olan böyük diqqət və qayğısının əyani təzahürüdür.
Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə ölkə rəhbərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda rayonumuzda mövcud olan problemlərin həlli ilə əlaqədar məktubla müraciətimizə uyğun olaraq şəxsən Cənab Prezidentimiz tərəfindən verilmiş tapşırığa əsasən hazırda Prezident Administrasiyasında, Nazirlər Kabinetində, nazirliklərdə, komitə və şirkətlərdə aidiyyəti üzrə tədbirlər görülür. Rayonumuzun hərtərəfli inkişafı üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır.
Çovdar qızıl zavodunun gələcək illərdəki perspektivlərindən, gənclər üçün inşa olunan Təlim və İstirahət mərkəzinin, Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının , Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisindən, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və 5 nömrəli şəhər uşaq bağçasının əsaslı təmir işlərinə başlanılmasından danışan İcra Başçısı daha sonra bildirmişdir ki, indi Daşkəsən rayonu sözün əsl mənasında tikinti meydançasını xatırladır.
Hər yerdə abadlıq, yeni tikinti, yol çəkilişi əsaslı təmir və digər görülən işlər haqlı olaraq biz daşkəsənliləri qürurlandırır, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyə səfərbər edir.
2013-cü ildə rayonumuzda 26 yeni ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur.Daşkəsən şəhərində qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli 16 mənzilli yaşayış binasının və Rayon Statistika idarəsinin yeni inzibati binasının tikintisində son tamamlama işləri görülür.
Bu günlərdə təzə inşa olunan obyektlərin siyahısına dah iki nəhəng tikinti daxil olubdur. Daşkəsən rayon İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın və yeni avtovağzal kompleksinin tikintisinə başlanılmışdır.
Avtovağzal yeni müasir tipli nəqliyyat vasitələri ilə təmin olunacaqdır. Gələcəkdə avtovağzal istifadəyə verildikdən sonra respublikanın müxtəlif şəhərlərinə yeni marşrutların açılması nəzərdə tutulmuşdur.
Əvvəllər 1600 nəfər işçisi olan “Daşkəsən Filizsaflaşdırma” ASC-də istehsal gücündən tam istifadə edilməməsi səbəbindən hazırda 370 nəfər işçi çalışır. Müəssisənin maliyyə təsərrüfat fəaliyyətində mövcud olan nöqsan və çətinliklərə görə müxtəlif qurumlara xeyli borc yaranmışdır. Müəssisənin istehsal gücündən tam istifadə olunması üzrə tədbirlərin sürətləndirilməsinə ehtiyac vardır.Bu istiqamətdə fəal iş aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli 374s nömrəli Sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinə rayonda 11 layihənin həyata keçirilməsi məqsədilə maliyyə vəsaitinin ayrılması üçün qərar verilmişdir. Hazırda həmin sərəncamın icrası ilə əlaqədar hazırlıq işləri görülür.
İndi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir - bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İcra Hakimiyyətinin Başçısı toplantı iştirakçılarına bildirdi ki, “Yeni Daşkəsən” layihəsi işlənib hazırlanmış və rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
“Yeni Daşkəsən” layihəsi bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir.
Bu layihə ilə əlaqədar ölkə başçımıza, baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunmuş və icrası daimi nəzarətdə saxlanılır. Artıq Azərbaycan Respublikasının Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq layihə barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınmışdır.
Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Daşkəsən rayonunun ərazisində yerləşən yay otlaqlarının idarə olunmasının Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi haqqında 1344 saylı, 27.12.2012-ci il tarixli məktubla Azərbaycan Respublikasının Baş Nazirinə müraciət olunmuşdur.
Daşkəsən rayonunun ərazisində yerləşən yaylaqlardan rayonun özü tutumu 27003 baş olan 4313 hektar sahədən (ümumi sahənin 13 faizindən) istifadə edir. Qonşu rayonların fermerləri özlərinə məxsus mal-qaranı Daşkəsən yaylaqlarına gətirdikləri üçün Daşkəsən rayonu öz heyvanlarını ərazisində yerləşən yay otlaqları ilə təmin etməkdə çətinlik çəkir. Rayonda 100437 baş qoyun və keçi olduğu halda, onun 27003 başının yaylaqlarda yerləşdirilməsinə imkan verilmişdir.
Daşkəsənin yay otlaqları bu rayonun milli sərvətidir. Lakin rayon bu sərvətdən kifayət qədər bəhrələnə bilmir. Çünki, yuxarıda qeyd edildiyi kimi, rayonun ərazisində yerləşən yaylaqlar 7 rayon arasında bölüşdürülmüşdür.
Məktubda Daşkəsən rayonun ərazisindəki yay otlaq sahələrindən təyinatına uyğun və səmərəli istifadənin təmin edilməsi, habelə onların mühafizəsinə nəzarətin gücləndirilməsi məqsədilə Daşkəsən rayonun ərazisindən digər rayonların istifadəsinə verilmiş Dövlət fondu yay-otlaq sahələrinin Daşkəsən rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə verilməsi məsələsinə baxılıb həll edilməsi üçün müvafiq göstəriş verilməsi xahiş edilmişdir.
Yay-otlaq sahələrinin Daşkəsən rayonuna verilməsi ilə bağlı Baş Nazirə yazılan məktub şəxsən hörmətli cənab Artur Rasi-zadə tərəfindən dərkənar qoyularaq məsələnin həll edilməsi üçün aidiyyəti üzrə qurumların rəhbərlərinə göndərilmişdir. Həmin məsələ yaxın vaxtlarda həll olunacaqdır.
Respublikada həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli sərəncamı ilə 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya – kommunikasiya texnologiyaları ili” elan edilmişdir.
Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, 8 fevral 2013-cü ildə Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peyki uğurla orbitə buraxılmışdır. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqını təbrik etmişdir.
Rayon ərazisində olan idarə, müəssisə və təşkilatların 2013-cü ilin birinci rübü ərzindəki fəaliyyətinə toxunan İcra Başçısı Rayon Telekommunikasiya Qovşağının, 22 saylı Yol İstismar idarəsinin , Kommunal müəssisələri kombinatının, Sukanal idarəsinin, Elektrik şəbəkəsinin ümumi fəaliyyətindən razılığını bildirmiş, Qaz istismar sahəsində mövcud olan nöqsan və qüsurlardan danışaraq əlavə etmişdir ki, rayonun 49 yaşayış məntəqəsindən cəmi 4 yaşayış məntəqəsinə təbii qaz verilir. Kollektivin rəhbərliyi tənqiddən nəticə çıxarmalı, öz işində dönüş yaratmalıdır.
Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə ikinci Layihə”nin rayonda həyata keçirilməsi üçün tövsiyə olunmuş məlumatlar aidiyyəti üzrə təqdim edilmişdir. Həmin layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Layihənin həyata keçirilməsinin sürətləndirilməsi üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə müraciətlər olunmuşdur.
Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Bildiyiniz kimi, cari ilin mart ayının 16-da Daşkəsən şəhərinin salınmasının 65 illiyi və Novruz bayramı münasibətilə geniş bayram tədbiri keçirilmiş və həmin tədbirdə 4 nəfər Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə “NAZ-Lifan” markalı minik avtomobilləri verilmişdir.
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Aprelin 15-də Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev yekun nitqində demişdir ki, “İnformasiya-kommunikasiya texnologiyaları ili” Azərbaycanda uğurla başlayır. Azərbaycan kosmik dövlətdir. Bu, böyük, tarixi nailiyyətdir. “Azərspace-1" peyki orbitdədir. Artıq idarəçilik də Azərbaycana verilibdir. Biz bu peyki Bakıdan idarə edirik. Artıq tərəfdaşlarla ikinci, üçüncü peykin orbitə buraxılması ilə bağlı danışıqlara başlamışıq. Bu da bir yenilik, müasirlik, inkişafdır.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, bizim ikinci regional inkişaf proqramımız bu ilin sonunda başa çatır. Çox iş görülübdür. Amma görüləcək işlər çoxdur. Ona görə hesab edirəm ki, üçüncü dövlət proqramının hazırlanması ilə bağlı biz daha da fəal işləməliyik. İlin sonuna qədər üçüncü dövlət beşillik proqramı hazır olmalıdır ki, 2014-cü ilin əvvəlində biz onu da qəbul edək və beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edək”.
İcazə verin, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi bir daha əmin edim ki, bundan sonra da qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək, bütün qüvvəmizi səfərbər edib, var gücümüzlə çalışacağıq.
Biz daşkəsənlilər qarşıdan gələn Prezident seçkilərində dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə səs verəcəyik. Onun yenidən Prezident seçilməsində yüksək səviyyədə fəallıq göstərəcəyik.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin dərin məzmunlu nitqindən sonra Daşkəsən RİHB-nin müavini C.Qocayev, Daşkəsən rayon mərkəzi xəstəxanasının baş həkimi M.Tağıyev, Rayon üzrə Maliyyə idarəsinin rəisi N.Zeynalov, Daşkəsən RİHB-nın şəhər İƏDÜN-si N.Vəliyev, Daşkəsən şəhər 5 saylı Körpələr evi və uşaq bağçasının müdiri M.Rüstəmova çıxış etmiş , rayonda gedən çox böyük abadlıq, tikinti, quruculuq işlərinə, Daşkəsənə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlıq ifadə olunmuş, yüz illərə hesablanmış Heydər Əliyev siyasətinə sadiq qalacaqları, ölkə Prezidentinin ətrafında daha sıx birləşəcəkləri dəfələrlə xüsusi vurğulanmışdır.
Yığıncağın sonunda toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sahib Əhmədov
Respublika Jurnalistlər Birliyinin üzvü