30 aprel 2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclasında “Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin gördüyü işlər barədə” və “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin fəaliyyəti barədə” məsələlər müzakirə olunub.
İclasda şura üzvləri, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki, hamımızın Azərbaycan adlı bir Vətəni var. Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Azərbaycana rəhbərliyinin 20 ili ərzində Möhtərəm Prezident cənab İlham Əliyev özünü dünya səviyyəli siyasətçi, beynəlxalq miqyasda qəbul olunmuş xüsusi çəkisi, yeri və sözü olan lider kimi təsdiq etdi.
Hətta bəzi dövlətlərin rəhbərləri kömək üçün, məsləhət almaqdan ötrü ona müraciət edirlər. Artıq bütün dünya siyasətçiləri də bilirlər ki, Azərbaycan Prezidentinin dediyi söz imzası qədər etibarlıdır, eyni zamanda mütləq icra olunacaq.
Son günlər Azərbaycan tarixində çox mühüm hadisələr baş verir. Möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti öz məntiqi nəticəsini verdi. Ermənistanın Azərbaycana məxsus dörd kəndin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının danışıqlar yolu ilə Azərbaycana qaytarılmasına qərar verildi, qarşılıqlı razılıq əsasında ilk sərhəd dirəyi basdırıldı.
Rusiyanın sülhməramlı kontingenti vaxtından xeyli qabaq Qarabağ ərazisini tərk etdi.
Xatırladım ki, Rusiyanın sülhməramlı qüvvələri 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində beş il müddətinə yerləşdirilmişdi və hətta daha da artırıla bilərdi. Lakin artırılmadı və heç beş ilin tamamı da gözlənilmədi.
Rusiya və Azərbaycan rəhbərliyinin yüksəksəviyyəli razılığına əsasən, sülhməramlılar yığışaraq Qarabağı sakitcə tərk etdilər.
Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk etdikdən sonra Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırdı.
Birgə Monitorinq Mərkəzində xidmət edənlər öz vətənlərinə yola salındılar.
Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyev növbəti dəfə bütün dünyaya diplomatiya dərsi keçdi.
Torpaqları işğalçılardan təmizləyən, ərazi bütövlüyünün bərpasına nail olan, dövlət suverenliyini və Konstitusiya əsaslarını təmin edən, ən nəhayət, Qarabağı qeyri-qanuni silahlı birləşmələrdən, terrorçulardan və separatçılardan tamamilə təmizləyən Azərbaycan Prezidenti daha heç bir sülhməramlıya ehtiyac qalmadığını sübuta yetirdi.
Biz növbəti dəfə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin "nəyi, necə, nə vaxt etmək" məharətinin şahidi olduq.
Hər birimiz dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Sonra Şura iclasının gündəliyində duran məsələ barədə məlumat verilib.
“Daşkəsən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin gördüyü işlər barədə məsələ İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyevin, “Rİ və NN “Aztelekom” MMC-nin Qərb Regional Filialının Daşkəsən şöbəsinin fəaliyyəti barədə” Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyevin hazırladığı arayış dinlənilib. Məruzəçilər rayon ərazisində gündəlikdə nəzərdə tutulan həyata keçirilmiş tədbirlər və gələcək vəzifələr barədə Şura üzvləri qarşısında çıxış edib.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, Vüqar Məmmədov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra əlavə və düzəlişlər də nəzərə alınmaqla məsələ ilə bağlı Şura iclasının qərarı qəbul edilib.