3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid Elməddin Vəkilovun anım mərasimi keçirilib
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş əsgər Vəkilov Elməddin Nizami oğlunun Daşkəsən rayon Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, şəhidin yaxınları, şəhid valideynləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov mərasim iştirakçıları qarşısında çıxış edərək vurğulamışdır ki, Vətən müharibəsindəki zəfərdən və torpaqlarımızda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycan öz tarixinin tamamilə yeni mərhələsinə daxil olub. İndi biz qalib dövlətin vətəndaşları, qalib xalqın nümayəndələri kimi həm dövlətçiliyimizin, həm də müstəqilliyimizin ən şərəfli və ən qürurlu günlərini yaşayırıq. Bu uğurlarımızın memarı olan möhtərəm Prezident cənab İlham Əliyevin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərindəki qələbəsi isə xalqımızın ona qalibiyyət yaşadan, ərazi bütövlüyümüzü bərpa edən və Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Liderə minnətdarlığının ifadəsinə çevrildi.
Müstəqilliyimizin xilaskarı, müasir Azərbaycanın qurucusu və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü məhz belə qürurdoğuran günlərdə, artıq ərazi bütövlüyümüzün tam bərpa olunduğu bir zamanda, Azərbaycanın qədəm qoyduğu yeni dövrün astanasında qarşılayırıq. Əsas milli prioritetimiz olan Qarabağ və Şərqi Zəngəzurun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi sürətlə davam edir.
Sonra Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonra ehsan süfrəsi açılıb.
Vəkilov Elməddin Nizami oğlu 1988-ci il avqustun 21-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Elməddin Vəkilov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. 8 may 2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Şücaətə görə”, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.