Rayon İcra Hakimiyyəti Başçısının Çanaqçı kəndində növbəti səyyar görüş keçirilmişdir
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev fevralın 14-də rayonun ucqar dağlıq ərazisində yerləşən Çanaqçı kəndində idarə, müəssisə, təşkilatların, hüquq-mühafizə orqanların rəhbərlərinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə fevral ayı üçün səyyar qəbulun qrafikinə uyğun olaraq kənd sakinləri ilə görüş keçirmişdir.
Görüşə gəlmiş Çanaqçı kənd sakinlərini salamlayan Əhəd Abıyev vətəndaşlarla keçirilən hər bir görüşdən məmnun olduğunu, qaldırılan problemlərin və verilən təkliflərin yerinə yetirilməsi üçün aidiyyəti qurumlar tərəfindən konkret və əməli tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, Qaraqullar-Çanaqçı avtomobil yolunun təmiri, mühüm sosial və mədəni obyektlərin inşası yerli əhalinin böyük razılığına səbəb olmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edərək Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir. Ötən dövrdə respublikamızda yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunmuşdur.
2017-ci ildə rayonumuzda xeyli iş görülmüşdür. Rayonda sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması ilə əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilmişdir.
İcra başçısı vurğulamışdır ki, yol infrastrukturunun yaxşılaşması gözəl təbii şəraiti olan bölgəyə turist axınının xeyli artmasına səbəb olacaqdır. Turizm potensialına malik olan rayonumuzda uzaq dağ kəndlərinin yollarının asvaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar dağ kəndlərə turistlərin gəlişi xeyli artacaqdır.
Rayonda bundan sonra da geniş abadlıq və quruculuq işlərinin aparılması sürətlə davam etdiriləcəkdir. Biz rayonumuzun bütün yaşayış məntəqələrində olduğu kimi, ucqar dağ kəndlərinə də diqqət və qayğımızı əsirgəməyəcəyik. Dağlıq ərazidə yaşayan sakinlər əməksevərdirlər, burada bərəkətli torpaqlardan səmərəli istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Biz inanırıq ki, qarşıdakı illərdə diqqətdən kənarda qalmış dağ kəndlərinə gediş-gəliş artması nəticəsində sosial-iqtisadi inkişaf sahəsində daha sevinc doğuran uğurlar əldə ediləcəkdir.
Rayon İcra Hakimiyyətinin Başçısı istər şəxsi, istərsə də kəndlə bağlı təklifi, müraciəti və şikayəti olan sakinlərə öz müraciətlərini etmələrini xahiş etdi.
Kənd sakinlərindən Nuriyev Oqtay Cəlil oğlu, Paşayev Əhliman Əlixan oğlu, Qurbanova Elnarə Pirverdi qızı, Məmmədov Ramiz Elyaz oğlu, Qurbanov Pirverdi Əlirza oğlu, Quliyev Xəqani Əli oğlu, Qurbanov Tahir Oruc oğlu və Məmmədova Sədaqət Əşrəf qızı çıxış edərək hörmətli icra başçısı Əhəd Abıyevə belə qarlı, soyuq havada ucqar dağ kəndinə gəldiyinə və yerli əhali ilə çox səmimi və işgüzar görüş keçirdiyinə görə razılıqlarını ifadə etmişlər. Onlar bir daha qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik diqqəti və qayğısı nəticəsində ölkə əhalisinin rifah halı gündən-günə yaxşılaşır. Bunu gündəlik həyatlarında açıq-aşkar hiss edirlər. Biz bu qayğıya əməli işimizlə cavab verməyə çalışırıq.
Kənd sakinlərini onları narahat edən məsələlər barədə də fikir və təkliflərini bildirmiş, problemlərin həlli ilə əlaqədar müraciət etmişlər.
Müraciətlər Çanaqçı-Zivlan avtomobil yolunun təmir olunması, işlə təmin olunmasına kömək edilməsi, kəndə genişzolaqlı internet xəttinin çəkilməsi, kəndə təbii qaz xəttinin çəkilməsi, yanmış kənd elektrik transformatorunun və əyilmiş elektrik dayağının dəyişdirilməsi, kənd klubunun və tam orta məktəbinin binasının təmir olunması, eləcə də digər şəxsi məsələlər mövzusunda olmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişdir.