Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA 2017-Cİ İLİN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ 2018-Cİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLDİ

06 fevral 2018 | 16:00

6 fevral 2018-ci il tarixdə Daşkəsən rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon hesabat yığıncağı keçirildi. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov, Daşkəsən rayonundan Milli Məclisə deputat seçilmiş millət vəkili Rövşən Rzayev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri,  ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak edirdilər.
Yığıncaq iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoydular, sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında yığıncaq öz işinə başldı.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış etdi. O, məruzəsində dedi:
- 2017-ci il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri  olmuşdur.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında keçən ilin sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir.
Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə  ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir.
Cari ilin yanvar ayının 29-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilmişdir.
Möhtərəm Prezident cənab İlham Əliyevin konfransdakı giriş və yekun nitqlərində Dövlət Proqramının icrası barədə hərtərəfli məlumat verilərək perspektivlər müəyyənləşdirilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda  həmin istiqamətdə müvafiq  işlər görülür.
Respublikamızın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2017-ci ildə  uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur.
Bildiyiniz kimi möhtərəm cənab Prezidentimiz fəaliyyətimi yüksək qiymətləndirərək məni Azərbaycan   Respublikasının    ictimai-siyasi  həyatında fəal iştirakıma görə  2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Təltif edilməyimə görə çox hörmətli Prezidentimiz cənab İlham Əliyevə səmimi qəlbdən təşəkkürümü bildirir, eyni zamanda yüksək mükafata layiq görülməyimlə qürur duyur, göstərdiyi böyük etimadı daşkəsənlilərə olan diqqət və qayğısı kimi qəbul edir, bundan sonra da mən Sizlərlə birgə var qüvvə və bacarığımızla möhtərəm Prezidentimizin rəhbərliyi altında fəaliyyətimizi davam etdirəcəyik. Bir daha da şəxsən öz adımdan cənab Prezidentimizə hədsiz minnətdarlığımı və ən xoş arzularımı bildirirəm.
Bildiyiniz kimi bu il Daşkəsən səhərinin salınmasının 70 illiyi tamam olur.
Daşkəsən şəhərinin 70 illiyi yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının hörmətli Baş Naziri Artur Rasi-zadənin 26 dekabr 2017-ci il tarixli 889s saylı Sərəncamı olmuşdur.
Hazırda Daşkəsən şəhərinin yaradılmasının 70 illiyi ilə əlaqədar yubiley tədbirlərinin həyata keçirilməsinə geniş hazırlıq işləri görülür və rayonun ayrı-ayrı sahələrində fəal iştirak etmiş şəxslər bu yubiley çərçivəsində öz xidmətlərinə görə qiymətləndiriləcəklər. 
2017-ci ildə Daşkəsən rayonunda faktiki qiymətlərlə ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli  artmışdır.
Ümumi məhsul buraxılışında 2016-cı illə müqayisədə 2017-ci ildə  kənd təsərrüfatı məhsulları 35 milyon 212 min manat (5,2% çox), nəqliyyat üzrə 3 milyon 112 min manat (3,4% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 21 milyon 824 min manat (6 % çox)  olmuşdur.
Hesabat ilində rayonda ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir.
Cari ildə də rayonda müxtəlif qurumlarda olan 151 müvəqqəti iş yerləri saxlanılaraq vaxtı uzadılmış və əlavə olaraq 49 yeni iş yerləri açılmışdır.
Hesabat ilində rayonda əhalinin sayı əvvəlki ilə nisbətən 280 nəfər artaraq 35 min 59 nəfər olmuşdur. 
Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3540 nəfər) və 323 məcburi köçkün ailəsi (993 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir. 
2017-ci ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 363,9 manat, dövlət mülkiyyətində 375,5 manat, qeyri-dövlət mülkiyyətində isə 184,3 manat təşkil etmişdir.
2017-ci ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə  100,2 faiz, xərclər üzrə 94,1 faiz yerinə  yetirilmişdir.
Hesabat ilində rayon üzrə iqtisadi fəal əhali 16 min 127 nəfər olmuş, onlardan məşğul əhali 15 min 416 nəfərdir.
2017-ci ildə rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da bəzi sahələr üzrə həmin işlər davam etdirilməkdədir.
     Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur.  
       Möhtərəm Prezident cənab İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında    dəyişiklik   edilməsi   barədə   Sərəncam  imzalamış,  həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması  nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür.
         Keçən il Rayon Məhkəməsinin inzibati binası əsaslı təmir olunmuş,  Dövlət Notariat Kontoru və Rayon Qeydiyyat şöbəsi  yeni binaya köçürülmüşlər.
       Daşkəsən Rayon Mərkəzi  Xəstəxana binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılmışdır.
       Güneykənd kəndində  56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi başa çatdırılmış, Şahvələdli kəndində isə 23  şagird yerlik modul tipli yeni məktəb binasının tikintisi davam etdirilir. Bayan kənd tam orta məktəbin dam örtüyü yenisi ilə əvəz olunmuş, Quşçu kənd uşaq bağçası təmir edilmişdir.
Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binası əsaslı təmir olunmuş, 2018-ci ildə də Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının əsaslı təmir olunması nəzərdə tutulmuşdur.
Daşkəsən şəhərinin əsas meydan və küçələrinə yeni  asfalt örtüyü salınmışdır.
Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılmış və hazırda həmin işlər davam etdirilir.
Rayonun 8 kəndində polis sahə məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən  şəhərində,  Daşkəsən    qəsəbəsində   və   Qabaqtəpə   və Dəvrallı kəndlərində Qarabağ  müharibəsi  əlilləri  və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən  qəsəbələrində və Quşçu  kəndində  evləri qəza vəziyyətində  olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Yaponiyanın Azərbaycan Respublikasındakı  Səfirliyinin qrantı hesabına  “Yuxarı Daşkəsən qəsəbəsində İçməli Su Təchizatının Yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsi başa çatdırılmış və     26 iyul 2017-ci il tarixdə açılışı olmuşdur.
Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri  və  şəhid  ailələri  üçün yeni 36 mənzilli  yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılacaqdır.
Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilmiş, lakin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yüksəldilməsinə səmərəliliyinin artırılmasına, şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti çox hörmətli cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransında qeyd etmişdir ki, ... “Mən giriş sözümdə sərmayə qoyuluşu ilə bağlı qeyd etdim ki, bu il ən azı keçən ilin səviyyəsində sərmayə nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə sərmayə qoyuluşu, əlbəttə ki, regional inkişaf proqramlarının icrası üçün çox önəmlidir. Dövlət öz rolunu oynayıb və oynayacaq. Əgər dövlət sərmayəsi olmasaydı, bölgələrdə heç bir inkişafdan söhbət gedə bilməzdi. Mən giriş sözümdə bu məsələyə kifayət qədər geniş toxundum ki, dövlət investisiya siyasəti nəticəsində bölgələrimizdə demək olar ki, bütün infrastruktur layihələri icra edilib və icra edilir. İndi isə vaxt gəlib çatıb ki, yerli icra orqanları bu işlərdə daha da fəal çalışsınlar və sərmayəni cəlb etsinlər.
Bu gün bölgələrə sərmayə qoyan daha çox yerli iş adamlarıdır. Əlbəttə, burada təbii ki, iqlim amili də var. İndi hansısa məhsulu yetişdirmək üçün müəyyən bir regionda sərmayə qoyulmalıdır. Eyni zamanda, rayonlarda yaşanan mühit, mövcud olan ab-hava, investisiya iqlimi də rol oynayır. Ona görə yerli icra orqanları bu işlərdə daha fəal olmalıdırlar. Onlar iş adamlarını cəlb etməlidirlər ki, gəlib sərmayə qoysunlar. Ancaq iş adamı sərmayə yatırmaq istəyəndə bəzi hallarda onların qabağına müəyyən şərtlər qoyurlar. Düzdür, belə hallar azalıb, amma hələ də var. Ona görə yerli icra orqanları sərmayəni cəlb etməlidirlər. O da həqiqətdir ki, ucqar rayonlar, kiçik rayonlar var. Oraya qoyulan sərmayə böyük rayonlara qoyulan sərmayə ilə müqayisə edilə bilməz. Burada biz vahid bir qrafik əsasında təhlil apara bilmərik. Ancaq, eyni zamanda, hər bir rayonda özəl sərmayəni cəlb etmək, sahibkarlara şərait yaratmaq üçün yerli icra orqanları, onların rəhbərləri fəal işləməlidirlər.”
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin keçən dövrü ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür.
Rayona  investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və  digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur.
İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilmiş, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılmış, bu sahədə  bir sıra layihələr həyata keçirilmişdir .
Daşkəsən səhərində yeni “Hotel” və “Restoran” eyni zamanda müxtəlif sahələr üzrə bir neçə obyekt  istifadəyə verilmişdir.
01 yanvar 2017-ci il tarixdən 01 dekabr 2017-ci il tarixədək rayonda müxtəlif sahələrə 12 sahibkar (4 hüquqi, 8 fiziki sahibkar) tərəfindən özəl investisiya qoyulmaqla ümumi dəyəri 1 milyon 885,7 min manat olan layihələrin həyata keçirilməsi üçün  885,7 min manat investisiya cəlb edilmişdir.
2017-ci ilə qədər həmin layihələrə 250 min manat vəsait xərclənmişdir.
Bundan sonra həmin layihələrin başa çatdırılması üçün 750 min manat investisiya qoyuluşu nəzərdə tutulmuşdur.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayon ərazisində daha çox özəl investisiyanın cəlb olunması üçün aidiyyəti üzrə müvafiq işlər aparır və həmin işlərin icra vəziyyəti daimi nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə “Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə  tutulmuşdur.
Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu  bölmələrində qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda demişdir:
...”Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik”...
Rayonda kənd təsərrüfatının inkişafı sahəsində bir sıra işlər görülmüşdür.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin  15  fevral  2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına  görə   Dövlət   tərəfindən  buğda   üçün   hər hektar əkin sahəsinə 90 manat, digər əkinlər üçün isə 50 manat hesabı ilə 2017-ci il ərzində aparılmış əkinlərlə bağlı rayon üzrə 20 nəfərə 407 ha əkin üçün 35178 manat məbləğində subsidiya verilmişdir.
Rayonda 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatı  fəaliyyət göstərir. Toxumçuluq  təsərrüfatlarının  artırılması üçün işlər  davam etdirilir.
2017-ci  ilin məhsulu üçün 713 hektar sahədə buğda əkilmiş, 1568,6 ton məhsul istehsal olunmuş, 61 hektar sahədə isə arpa əkilərək 156,6 ton məhsul istehsal olunmuşdur.
2017-ci il ərzində rayon ərazisində 1308,4  hektar sahədə kartof, 83 hektar sahədə kələm, 66,4 hektar sahədə lobya  və 4 hektar sahədə  qarğıdalı əkilmişdir. Əkilmiş sahələrdən 13087 ton kartof, 1445 ton kələm,  17,4 ton tərəvəz lobyası və 15,2 ton qarğıdalı bitkiləri istehsal olunmuşdur.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1 kənddə  (Quşçu kəndində)  süni mayalama məntəqəsi fəaliyyət göstərir. Mayalandırılmış heyvanlardan 67 baş bala alınmışdır. Gələcəkdə  məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
“Arıçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq rayonda arı ailələrinin saxlanması üçün əlverişli şəraitin, imkanların mövcud olması nəzərə alınaraq  2017-ci il ərzində də arıçılığın inkişafı üçün  tədbirlər davam  etdirilmişdir.
Hesabat ilində rayon ərazisində meşə mühafizəsi bərpası və yaşıllaşdırma sahələri üzrə 0,5 ha tinglik sahəsində səpin işləri aparılmış, 500 ədəd müxtəlif növ  ağaclar, 4100 ədəd bəzək və gül kolları əkilmişdir.
Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün  müvafiq lazımi tədbirlər görülməlidir.
Bildiyiniz kimi, 53 bənddən ibarət olan “Yeni Daşkəsən” layihəsi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış və 22 yanvar 2013-cü il tarixdə rayonun mətbu orqanı «Daşkəsən» qəzetində dərc edilmişdir. Bu proqram xarakterli mükəmməl layihə aidiyyəti üzrə nazirliklərə göndərilmiş, müsbət rəylər alınmış, layihənin həyata keçirilməsi üçün hələ 2013-cü ildən müvafiq tapşırıqlar verməklə bu məsələlərin həll olunması işlərinə başlanılmışdır.
2013-cü ildə Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış bu proqramla rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, kənd təsərrüfatının mövcud vəziyyəti, ayrı-ayrı sektorlarının – heyvandarlığın, arıçılığın, kartofçuluğun, toxumçuluğun, həmçinin turizmin inkişafı, yeni inzibati binaların, korpusların inşası, su, qaz, elektrik təchizatı, yol və körpülərin salınması məsələsi, ən əsası isə yeni iş yerlərinin açılıb işsizliyin aradan qaldırılması, sahibkarlara münbit şərait yaradılması, mövcud problemlərin həlli, o cümlədən də Daşkəsən rayonunun “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılması əsas götülürərək “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də “Alunit” İstehsalat sahəsinin yenidən işləməsinin müasir səviyyədə təmin olunması layihədə əsas vəzifə kimi qarşıya qoyulmuşdur.
“Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin və “Alunit” İstehsalat sahəsinin müasir texniki avadanlıqlarla təchiz edilərək müasir formada işə salınması həm rayonda işsizliyin tamamilə aradan qaldırılmasına, həm cəbhə boyu zonada, ermənilərlə təmas xəttində yerləşən Daşkəsən rayon sakinlərinin daimi işlə təmin olunmasına hərtərəfli şərait yaradacaq, həm də uzun müddət problemli  məsələlər tam öz həllini taparaq Daşkəsən rayonu regionda inkişaf etmiş pilot bir rayona çevriləcəkdir.
“Azərbaycan Respublikasının Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında”  Azərbaycan  Respublikası çox hörmətli Prezidenti cənab İlham Əliyevin  13 iyul  2016-cı il  tarixli sərəncamı olmuşdur. Sərəncama əsasən, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Müəssisənin bu günə kimi investisiya müsabiqəsi baş tutmamış, dolayı yollarla gecikdirilir. Çünki müəssisənin maliyyə təsərrüfat vəziyyətinin olduqca aşağı düşməsi ilə əlaqədar elektrik, qaz, su, vergi, Dövlət Sosial Müdafiə Fonduna olan yüksək məbləğdə borcların yaranması işçilərin əmək haqlarının verilməsində maliyyə çətinlikləri, problemlər yaradırdı.
Rayon İcra Hakimiyyəti olaraq qazın, elektrikin, əmək haqlarının ödənilməsi məsələsini aidiyyəti üzrə nazirliklər qarşısında şəxsən mən qaldırdım və həllinə də nail olundu. Bu çətinliklərə baxmayaraq, istifadə olunmuş elektrik enerjisinin 139 min manat məbləğində borcun ödənilməsi təşkil edilmiş və işçilərin əmək haqları da bu günə kimi tam verilir.
  Cari ilin yanvarın 29-da Bakı şəhərində Heydər Əliyev Mərkəzində möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə keçirilən regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda mən də çıxış edərək bildirdim ki, çox vacib və ciddi məsələ olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməsi tezləşdirilsin, müəssisədəki problemlərin birdəfəlik həll edilməsinə maneçilik törədilməsin.
Belə ki, “Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsinin gecikdirilməsi barədə həmin çıxışımdan sonra bəzi maraqlı şəxslər müxalifət saytlarında əsassız, qərəzli, böhtan xarakterli yazılar dərc etdirirlər. Belə yazılar bizi qorxuda, yolumuzdan döndərə bilməz. Biz qanunla, haqq-ədalətlə sözümüzü deyir, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətini dəstəkləyir, tapşırıq və tövsiyələrini yerinə yetirməklə vəzifə borcumuzu icra edirik; rayon əhalisinə xidmət göstərilməsinə, onların hüquqlarının müdafiəsinə, rayonda sabitliyin, inkişafın, əhalinin rifah halının daha da yaxşılaşmasına çalışırıq.     
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda bildirmişdir ki, ...”Bizdə qeyri-qida məhsulları üzrə birinci yerdə qızıldır. 2016-cı ildə 76 milyon dollarlıq, 2017-ci ildə 140 milyon dollarlıq qızıl satılıb”...
Sevindirici haldır ki, 2016-cı ilin iyul ayında fəaliyyətə başlayan “AzerGold” QSC qısa müddət ərzində bir sıra çox böyük  əhəmiyyətli işlərin görülməsinə nail olmuşdur.
Belə ki, Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində müxtəlif təyinatlı   təmir-tikinti  işləri   sayəsində   yatağın   fəaliyyəti   bərpa    edilmiş, optimallaşdırılmış, istehsalat 24 saatlıq iş rejiminə keçirilmiş, hasilat işlərinə başlanılmışdır.
Eyni zamanda hesabat ilində Azərbaycan Şəkər İstehsalat Birliyi  İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətini  davam etdirmişdir.
       2017-ci il ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı tərəfindən 257300 manat həcmində rabitə xidməti göstərilmişdir. Quşçu kənd EATS-dən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsinə 8,5 km yeni optik xətt çəkilmiş və həmin xətt vasitəsilə internet verilməsi xidməti də  təmin olunmuşdur.
Zəylik, Qaraqullar, Əhmədli, Qabaqtəpə, Xoşbulaq, Yuxarı Daşkəsən, Quşçu, Bayan və Dəstəfur  kənd EATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə müvafiq işlər görülmüşdür.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli   internet    istifadəçilərinin    sayının    artırılmasına   və
rayonun kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
2017-ci il ərzində 31 nömrəli Yol İstismarı MMC tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki,  yolların  saxlanması və təmiri üzrə 1 milyon manatlıq iş görülmüşdür.
3300 nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda   Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim olunmuş və bu  tədbirin   həyata   keçirilməsi  “Azərbaycan   Respublikası    regionlarının 2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilmişdir.
Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi ilə bağlı bu günlərdə mən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri hörmətli Saleh Məmmədovla görüşdüm, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tezliklə tikintisinə başlanmasını ondan xahiş etdim. O da qəti olaraq söz verdi ki, tezliklə yolun tikintisinə başlanacaqdır.
Hesabat ilində Daşkəsən rayonunda  enerji daşıyıcılarından və içməli sudan  səmərəli istifadə edilməsi və onların  dəyərinin ödənilməsi üzrə Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.
Əhalinin  elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
Rayonun yaşayış məntəqələrində köhnə naqillərin yerinə yeni Özünü daşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunmasına başlanılmış və hazırda həmin işlər davam etdirilir. Eyni zamanda istifadə olunan elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün 96 ədəd yarımstansiyada balans sayğacı quraşdırılmışdır.

Elektrik şəbəkəsinin rəhbərliyi Elektrik şəbəkəsinin yeni müasir tələblər səviyyəsində  qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Hazırda rayonun 49 yaşayış məntəqəsindən cəmi 7 yaşayış məntəqəsi təbii qazla təmin olunur.
      Hesabat ilində rayonun   Qazaxyolçular kəndində 110, Qaraqollar kəndində 102, Xoşbulaq kəndinə isə 594 abonent təbii qazla təmin olunmuşdur. 
2018-ci ildə rayonun daha 2 yaşayış məntəqəsinə qaz xəttinin çəkilişi nəzərdə tutulmuşdur. Həmin çəkiliş işlərinin daha da sürətləndirilməsi olduqca vacibdir.
   Qaz Xidmət Sahəsi üzrə 2017-ci il  ərzində əhaliyə  verilən təbii qazın dəyərinin ödənilməsi 99,6%,  ümumi ödəmə  üzrə isə göstərici 98,9% olmuşdur. Rayonda istehlakçıların təbii qazla təmin olunmasında mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirlər görməlidir. İnanıram ki, bu məsələ də tezliklə həll ediləcəkdir.
   Daşkəsən rayon Sukanal idarəsinin fəaliyyətində bir sıra çatışmazlıqlar mövcuddur.
   Bildiyiniz kimi 19 may 2017-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət nəticəsində yarasız vəziyyətə düşmüş rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, əsasən Daşkəsən şəhərində çoxmərtəbəli binaların dam örtüklərinə, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına ziyan dəymişdir. Rayona dəymiş ziyanların aradan qaldırılması üçün vaxtında  aidiyyəti üzrə  işlər görülmüşdür.
       Rayon ərazisində  daşınar və daşınmaz əmlakın sığorta olunması sahəsində həyata keçirilən tədbirlər sürətləndirilməlidir. Bu sahədə yerlərdə maarifləndirmə işləri daha da genişləndirilməlidir.
Rayon İcra Hakimiyyəti Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi aidiyyəti qurumlarla həmin sahələr üzrə mövcud problemlərin həll edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmalıdır.
Rayon təhsil şöbəsinin işçilərinin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə İcra Hakimiyyətinin keçmiş inzibati binası əvəzsiz olaraq təhsil şöbəsinə verilmişdir.
2016-2017-ci tədris ilində  ümumtəhsil məktəblərinin XI siniflərində 230 şagird təhsil  almışdır.   Buraxılış  imtahanlarından  müsbət  yekun  qiymətlər aldıqları üçün  224 nəfər şagird  orta məktəbi  müvəffəqiyyətlə  başa vurub  orta təhsil haqqında attestat almışdır.
Tam orta məktəb məzunlarımızdan 104 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul  olunmaq üçün ərizə vermişdi. Onlardan 59 nəfəri ölkənin müxtəlif nüfuzlu ali, 20 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə  qəbul olunan məzunlarımızdan 2 nəfəri 600-dən, 3 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu nəticə ötən illərlə müqayisədə ürəkaçandır. 
Rayonun təhsil sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə kompleks  tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyalara start verilmiş, Daşkəsən rayonundan     40  nəfər  məktəbli  “Ölkəmizi  tanıyaq” maarifləndirici  tur-aksiyası çərçivəsində 23-26 mart 2017-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
Heydər Əliyev Mərkəzinə 2017-ci il ərzində kollektiv və fərdi  qaydada 6900 nəfər ekskursiyaya gələnlər olmuşdur. Muzeydə kompüter və ingilis dili kursları, rəqs və rəsm dərnəyi fəaliyyət göstərmiş və il ərzində müxtəlif  məzmunda  tarix dərsləri və digər tədbirlər keçirilmişdir.
Azərbaycan  Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2017-ci ilin fevral ayının 15-dən 15 may 2017-ci il tarixə kimi  ölkədə  əhalinin  sağlamlığını  təmin  etmək  üçün  tibbi  müayinə  günü təşkil   edilmişdir.    Həmin    tapşırığa    əsasən  Daşkəsən  Rayon Mərkəzi Xəstəxanasında müntəzəm olaraq  əhali qrafik əsasında tibbi müayinədən keçmişlər. 49 yaşayış məntəqəsinin əhalisi  və  rayonun  idarə,  müəssisə  və  təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir.
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə Başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Bu il də  Daşkəsən rayonu üzrə əhalinin pulsuz tibbi müayinədən keçirilməsi günləri  fevral ayının  10-u tarixindən başlanacaqdır.
Rayonun səhiyyə sahəsində kadr çatışmazlığı, kəndlərdə lazımi tibb məntəqələrinin olmaması, lazımi avadanlıqlarla təchiz edilməməsi, rayonda səhiyyə sahəsində mövcud olan əsas problemlərdəndir.
Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi həmin problemlərin aradan qaldırılması üçün konkret tədbirlər görməli, bu problemlərlə bağlı Səhiyyə Nazirliyi qanunamüvafiq qaydada öz köməkliyini göstərməlidir.
Hesabat ili ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2017-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə keçirilmiş, rayon ərazisində olan “N” saylı hərbi hissənin əsgərlərinə bayram sovqatları verilmişdir.
Eyni zamanda 31 avqust 2017-ci il tarixdə  rayonda Qurban bayramı münasibətilə geniş tədbir keçirilmişdir.
       Daşkəsən rayonunun respublikanın  sürətlə inkişaf etmiş digər rayonları ilə müqayisədə bərabər tarazlı yüksək inkişafına nail olunması istiqamətində işlər aparılır.
Rayona investorların cəlb olunması üçün əlverişli şərait yaradılmış, yerli resursları  nəzərə almaqla  digər sahələrlə yanaşı turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Qeyd etmək lazımdır ki, hələ yerlərdə mədəniyyət obyektlərində mədəni-kütləvi tədbirlərin keçirilməsi sahəsində obyektlərin müasir tələblərə cavab verməməsi səbəbindən bir çox problemlər vardır. Şəmkir Regional Mədəniyyət və Turizm idarəsi qısa müddətdə bütün sahələrdə əsaslı dönüş yaradılmasını, problemlərin aradan qaldırılmasını aidiyyəti nazirliklə birgə təmin etməlidir.
Hesabat ilində rayon üzrə idman yarışları və digər sahələrdə 8703 gəncin iştirak etdiyi  65 tədbir həyata keçirilmişdir.
2017-ci ildə rayonumuzun idmançıları müxtəlif respublika və zona yarışlarında 5 qızıl, 14 gümüş, 12 bürünc medal olmaqla  cəmi 31 medal qazanmışlar.
Daşkəsən rayonu ərazisində 3 siyasi partiya, 14 qeyri-hökumət təşkilatı və 1 dini icma qurum  qeydiyyatdan keçmişdir.
Rayon ərazisində  fəaliyyət göstərən siyasi  partiyalar və qeyri-hökumət təşkilatları ilə işlər aidiyyəti üzrə müvafiq qanun-qaydalara uyğun olaraq aparılmış, onların fəaliyyətinə nəzarət edilmişdir.
Hesabat ilində rayonda fəaliyyət göstərən siyasi partiya və ictimai təşkilatlarla, milli azlıqlarla  aidiyyəti üzrə işlər aparılmış, bu sahədə  rayonda tam sabitlik, tolerantlıq şəraiti mövcud olmuşdur.
Rayonda dini durumun sabitliyi və “Dini etiqad azadlığı haqqında” Azərbaycan  Respublikasının  Qanununun tələblərinə riayət  olunmuş, həmçinin   dini   durumun  sabitliyi   və   dini   etiqad    azadlığı      sahəsində 
Konstitusiya prinsiplərinin qorunması təmin edilmişdir. Milli və dini ayrı-seçkiliyə, Azərbaycanda yad  olan təriqətlərə qarşı iş aparılmışdır.
       2017-ci ildə dövrü olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti aparatının orqanı olan «Daşkəsən» qəzeti çap edilmişdir. Rayonda ictimai-siyasi işin təşkilində “Daşkəsən” qəzetinin imkanlarından istifadə  olunmuşdur.
Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələləri şöbəsi  rayonda ictimai-siyasi,  təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələri üzrə bütün mövcud problemlərin həll edilməsi üçün əməli, konkret işlər görməli, səmərəli, real nəticə  verən  fəaliyyət göstərməlidir.
2017-ci ildə  Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinin  Yardım Fonduna  Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, şəhər, qəsəbə və kənd icra nümayəndəliyi, bələdiyyələr və sahibkarlar tərəfindən 18 min 832 manat məbləğində  vəsait ödənilmişdir.  
Rayon İcra Hakimiyyətinin və əlaqədar orqan və təşkilatların yaxından köməklikləri sayəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin  Daşkəsən  rayon bölməsi  2017-ci il ərzində 165 nəfər gənci ordu
sıralarına yola salmışdır. Beləliklə, rayon üzrə həqiqi hərbi xidmətə çağırışın  nəzərdə tutulan göstəricisi tam yerinə yetirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsi,  Səfərbərlik və  Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi və Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi  ilə birlikdə  gənclərin hərbi xidmətə yararlığının  müəyyən edilməsi sahəsində işlərin  səviyyəsinin daha da yaxşılaşdırılması  üçün lazımi  tədbirlər görməlidirlər.
Hazırda rayonda  ictimai asayiş təmin olunur, kriminogen vəziyyət daim nəzarətdə saxlanılır.
Daşkəsən Rayon Polis Şöbəsinə peşəkar, səriştəli və işgüzarlığı ilə seçilən polis polkovnik-leytenantı Vəfadar Orucov yeni rəis təyin olunmuşdur. İnanırıq ki, Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Vəfadar Orucov ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə Daxili İşlər naziri hörmətli Ramil Usubovun etimadını yüksək səviyyədə doğruldacaqdır.  
Hesabat ili ərzində yanğın hadisələri əvvəlki ilə nisbətən 38,5% (2017-ci ildə 18, 2016-cı ildə 13 yanğın hadisəsi olmuşdur) artmışdır.  Bu, yerlərdə yanğından mühafizə və lazımi profilaktiki tədbirlərin  görülmədiyini göstərir.
Bundan sonra da Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi  Xanlar  Süleymanov   və  Dövlət  Yanğın  Nəzarət şöbəsinin rəhbəri Zaur Alıyev baş vermiş hadisələrin səbəblərini bir daha ətraflı təhlil etməli, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri ilə birlikdə yerlərdə aidiyyəti üzrə  müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
Rayonda Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inzibati binanın tikintisinə ehtiyac vardır.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şura iclasında təsdiq olunmuş qrafikə uyğun olaraq yerlərdə keçirilmiş hesabat yığıncaqlarında 1761 nəfər iştirak etmiş, 172 nəfər çıxış  etmişdir. Cəmi 129 təklif irəli sürmüşdür. Hesabat yığıncaqlarında bir sıra nöqsanlar aşkara çıxarılmış və onların aradan qaldırılması üçün lazımi tapşırıqlar verilmiºdir.
       RİHB Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Meydanəli Yolçuyev inzibati ərazi dairəsi üzrə nümayəndələrinin ümumi fəaliyyətlərinin yaxşılaşdırılması, işdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini davam etdirməlidir.    
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri  bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 08 iyun 2017-ci il  tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux  rayonlarından olan vətəndaşları; 14 iyul 2017-ci il tarixdə Ədliyyə Naziri  Fikrət Məmmədov Daşkəsən şəhərində Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları; 28 sentyabr  2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri  Hüseynqulu Bağırov Daşkəsən şəhərində Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul  etmişlər.
23 iyun 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilmişdir. Həmin tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirak etmişdir.
15 avqust 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin  iclas zalında   Azərbaycan   Respublikası   Prezidenti   cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq  münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər  haqqında”  7 mart  2016-cı il tarixli 818 nömrəli  Fərmanından irəli gələn məsələlərin Daşkəsən rayonunda da icrası ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi professor Ramiz Quliyev iştirak etmişdir.
05 iyun 2017-ci il tarixdən 04 iyul 2017-ci il tarixədək “ASAN xidmət” Daşkəsən rayonunda səyyar olaraq xidmət göstərmişdir.  “ASAN xidmət”in xidmətlərindən 2168 nəfər yararlanmışdır.                                                                  
“ASAN xidmət”in xidmətlərindən istifadə edən Daşkəsən rayon sakinləri onlara  göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Hesabat dövründə rayon İcra Hakimiyyəti Başçısı tərəfindən vətəndaşların müraciətlərinə, ərizə və şikayətlərinə baxılmasına diqqət daha da artırılmışdır. Ayrı-ayrı yaşayış məntəqələrində vətəndaşların səyyar qəbulları ardıcıl olaraq  təşkil edilmiş, çoxsaylı açıq qəbul günləri keçirilmişdir.
2017-ci il ərzində rayon İcra Hakimiyyətinə  380 (əvvəlki ilə nisbətən 53 müraciət azalmışdır) yazılı müraciət daxil olmuşdur. O cümlədən 49 ərizə mərkəzi icra orqanlarından (əvvəlki ilə nisbətən 13 ərizə azalmış)  daxil olmuşdur. Prezident Administrasiyasına yazılan şikayətləri doğuran əsas səbəblər işsizlik məsələsi və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar olması müəyyən edilmişdir. Bu səbəblər yerində təhlil olunmuş, vətəndaşlara aidiyyəti üzrə cavablar verilmişdir.                                                               
2017-ci il ərzində 38 yaşayış məntəqəsində səyyar qəbul  keçirilmiş, 1749 nəfər iştirak etmiş, 221 müraciət olunmuşdur. Səyyar qəbullarda qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıq və göstərişlər verilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sahib Əhmədov ərizə və şikayətlərin vaxtında icra edilməsinə və kargüzarlıq işlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görməlidir.
Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin son on dörd il ərzində  uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Qarşımızda çox məsul və şərəfli  vəzifələr durur. Yanvarın 10-da Prezident Sarayında Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında möhtərəm  Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində  demişdir: “Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistana verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan   yara  olan  İrəvanın   Ermənistana   verilməsinə    baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir.
Bunu nəzərə alaraq mən 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edirəm. İl ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcəkdir.”
5 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam vermişdir. Həmin sərəncamla  növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunmuşdur. Əvvəlki seçkilərdə olduğu kimi builki prezident seçkisinin də Daşkəsən rayonunda seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə,  seçicilərin fəallığı ilə keçirilməsi təmin ediləcəkdir. Daşkəsən rayonu seçkilərin yüksək səviyyədə keçirilməsinə tam hazırdır.
İcazə verin, Azərbaycan  Respublikasının  möhtərəm Prezidenti  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran vəzifələrin Sizin rəhbərliyinizlə layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək,  bütün  qüvvəmizi  səfərbər edib, fəallıqla çalışacağıq. 
Yaşasın müstəqil Azərbaycan!
Müstəqil Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əbədi eşq olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin dərin məzmunlu geniş nitqindən sonra məruzə ətrafında Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyev və Daşkəsən Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Şahbaz Mehdiyev çıxış etdilər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildilər, qarşıda duran vəzifələrin icrasından danışdılar.
Məruzə ətrafında çıxışlardan sonra açıq mikrafon qarşısında yerdən səsləndirilən müraciət və təkliflər dinlənildi, qaldırılmış məsələlər barədə tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
Tədbirdə həmçinin millət vəkili hörmətli Rövşən Rzayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi hörmətli Arif Novruzov çıxış etdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olundu, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
     
Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər