Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “DAYAQ” MENTORLUQ PROQRAMI ƏSASINDA TƏLİM KEÇİRİLİB

31 yanvar 2018 | 16:00

Yanvarın 31-də Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılması məqsədilə növbəti təlim keçirilib.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə reallaşdırdığı “DAYAQ” Mentorluq proqramının əsas hədəfi qadınların ictimai həyatda iştirakını gücləndirmək və yerlərdə  daha çox gender yönümlü idarəetməni təmin etməkdir.
Təlimdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmar Əliyev “DAYAQ” Mentorluq proqramının birinci mərhələsinin Daşkəsəndə keçən ilin 26 aprel tarixində “Səmərəli ünsiyyət” adlı təlimat kitabçasının təbliği ilə keçirildiyini diqqətə çatdırıb. O, həmin seminarın rayonun bələdiyyə üzvü olan qadınları tərəfindən böyük maraqla qarşılandığını xatırladıb, yerli özünüidarəetmənin inkişafına dövlət qayğısından söhbət açıb.
Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatının Yerli Özünüİdarəetmə Proqramının məsləhətçisi Fidan Qasımova nitqində bildirib ki, 2010-cu ildən Azərbaycanda həyata keçirilən bu Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulub, respublikanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilib. O qeyd edib ki, “DAYAQ” Mentorluq Proqramının ümumi məramı cəmiyyətdə dəyişikliyə nail olmaqla yanaşı, konkret iştirakçıların fərdi inkişafı və gücləndirilməsi ilə bağlıdır. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elgün Səfərov isə deyib ki, mentorluq anlayışı 1970-ci ildə ABŞ-da müasir idarəetmə sahəsində yaranmışdır. Bu gün həmçinin ictimai-siyasi sferada tətbiq edilir. Mentorluq stajorların karyeralarında təkmilləşməsi və nailiyyətlərin əldə edilməsi, sosial kapital və psixoloji dəstəyin göstərilməsi üçün mükəmməl alətdir. E.Səfərov həmçinin onu da vurğulayıb ki, 23 dekabr 2014-cü il Azərbaycan son bələdiyyə seçkiləri bələdiyyələrdə qadın təmsilçiliyinin artımı ilə nəticələnmişdir. Bu mənada qadın bələdiyyə sədrlərinin gender yönlü və digər yerli səviyyədə olan məsələlərlə bağlı qərar qəbul etmə proseslərində daha çox qadınların iştirakını təşviq etmək imkanları var. Qadınların iştirakının yalnız kəmiyyətdə məhdudlaşmamağı məqsədilə onların bələdiyyə idarəetməsində yerli lider kimi uğurlu olması və ictimai təşəbbüslərini artırmaq üçün qadın liderlərə müəyyən ünsiyyət bacarıqları və geniş şəbəkə lazımdır.
Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri, layihənin eksperti Ruhəngiz Hüseynova proqram haqqında, layihənin məqsədi, vəzifələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, demokratik inkişaf yolu seçən hər bir müasir cəmiyyətdə zamanın dinamikası yeni vərdişlər, yeni bacarıqlar tələb edir. Bu da qadınları cəmiyyətin həyatında daha fəal iştirak etməsinə gətirib çıxarır. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratmışdır. Ruhəngiz Hüseynova çıxışında qadınlarımızın müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açmış, onların ildən-ilə fəallığının daha da artmasından danışmışdır.
Sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran bir sıra suallar cavablandırılıb.
Yekunda iştirakçılara metodiki vəsaitlər paylanılıb.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər