Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA NOVRUZ BAYRAMI BÖYÜK TƏNTƏNƏ İLƏ QEYD EDİLDİ

17 mart 2013 | 16:00

 

Daşkəsəndə qədim, milli bayramımız olan Novruz bayramı böyük təntənə, sevinc, xoş xatirələrlə qeyd edilmişdir. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin imzaladığı sərəncama uyğun olaraq tədbirlər planı hazırlanaraq aidiyyəti üzrə paylanmışdır. Demək olar ki, bütün rayon bu şən günlərin xoş ovqatı ilə yaşayırdı.

Heydər Əliyev meydanında böyük bir el şənliyi, möhtəşəm təntənə vardı. İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev Bahar qız və Dədə Qorqudun müşayiəti ilə meydanda bayram münasibətilə rayonun kənd təssərrüfatı və sənaye məhsullarının nümunələrinə,  məktəblilərin hazırladıqları sərgilərə, yerli sənətkarlıq nümunələrinə, xüsusilə xalçaçılıq nümunələrinə, idmançıların nümayiş etdirdikləri nömrələrə tamaşa etmiş, bayram tonqalını yandırmışdır.

Ümumrayon şənliyində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev təbrik nitqində demişdir ki, sizi xalqımızın ən əziz milli dəyərlərimizi yaşadan  Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi arzulayıram.

Yaxşı bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bu gün  çox geniş, yüksək səviyyədə tikinti, quruculuq və abadlıq işləri aparılır, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Beynəlxalq aləmdə ölkəmizin nüfuzu artmış, mövqeləri möhkəmlənmiş, ictimai-siyasi sabitlik təmin edilmiş, qarşıda duran  bütün vəzifələr  uğurla   həyata keçirilir.

Ölkəmizdə aparılan bütün sahələr üzrə bu uğurlu işlər   biz daşkəsənliləri də  ürəkdən sevindirir. Möhtərəm Prezidentimizin diqqət və  qayğısı sayəsində Daşkəsən rayonunda da  çox böyük  nailiyyətlər  qazanılmış,  elmi əsaslarla Yeni Daşkəsən layihəsi işlənib hazırlanmış, çoxsaylı   Dövlət Proqramlarının  layihələri ölkə rəhbərimizin tapşırıq və tövsiyələrinə əsasən davamlı olaraq yerinə yetirilməkdədir.

Sonra İcra Hakimiyyəti Başçısı qeyd etmişdir ki, sizə məlum olduğu kimi, 2013-cü ilin mart ayının  16-da – bu gün Daşkəsən şəhərinin yaradılmasının  65 illiyi tamam olur.  Daşkəsən şəhəri ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində  respublikanın  dağ-mədən metallurgiya  sənayesi üzrə  qabaqcıl sənaye şəhərlərindən  birinə çevrilmiş, yüksək göstəriciləri ilə keçmiş sovetlər ittifaqında  Azərbaycanın Uralı kimi məşhurlaşmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qurulub yaradılan Yeni Daşkəsən təbii gözəllikləri ilə inkişaf edib çiçəklənərək  bu gün  kiçik İsveçrəyə bənzəyir.

Çox hörmətli möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə Daşkəsəndə olarkən əhali ilə görüşündə  çox böyük tarixi əhəmiyyətli fikirlər söyləyərkən demişdir:  “Rayonunuzun  çox böyük imkanları,  potensialı var. Burada çox gözəl yerlər var, təbiət çox gözəldir,  çox  zəngindir. Əminəm ki,  bu yol  tikiləndən  sonra burada turizmin inkişafı daha da  sürətlə  gedəcəkdir.  Rayonun  infrastrukturuna sərmayələr qoyulacaq və beləliklə, Daşkəsən rayonu sürətlə inkişaf edəcəkdir. Daşkəsəndə tikinti –quruculuq, abadlıq işləri aparılır və Daşkəsənin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm”.

Rayonumuzda görülən işlər göz qabağındadır. Prezidentimizin rəhbərliyi altında Yeni Daşkəsən layihəsinin uğurla həyata keçirilməsinə başlanılmışdır. Bu gün “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti, Əhəng daşı, mərmər və qranit istehsal edən karxana və sexlər fəaliyyətə başlamış, yeni iş yerləri açılmış, unikal Çovdar qızıl emalı zavodunun tikintisi  başa çatdırılmışdır.

Hazırda həmin  zavodda istehsala başlamaq üçün  hazırlıq işləri aparılır. Daşkəsəndə aparılan çox geniş əhatəli quruculuq işləri fonunda  sərhəd bölgəsində yerləşən dağlıq, çətin iqlim şəraiti olan  rayonumuzda  02 aprel 2012-ci il  tarixdə   Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisinə görə  və 09 yanvar 2013-cü il tarixdə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair  əlavə tədbirlər haqqında  Prezidentin ehtiyat fondundan verilən vəsaitə,  çoxsaylı sosial obyektlərin, kənd yollarının, o cümlədən, səhiyyə, təhsil, mədəniyyət və uşaq  bağçalarının, yeni inzibati binaların tikilməsinə, maliyyə vəsaitinin ayrılması barədə  sərəncamların verilməsinə görə  rayon ağsaqqalları, ziyalıları, gəncləri, rayonun bütün əhalisi  adından çox hörmətli möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildirir, Novruz bayramı münasibətilə xoş arzularımızı, sevgilərimizi, böyük hörmət və ehtiramımızı çatdırırıq.

Hazırda  rayonumuzda  irimiqyaslı  tikinti-quruculuq,  abadlıq, təmir-bərpa  işləri uğurla davam etdirilir. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrini əməli fəaliyyət proqramı kimi qəbul edərək, Daşkəsənin müasir şəhərə çevrilməsi üçün planlı tədbirlərin həyata keçirilməsində və qarşıdan gələn Prezident seçkilərində yüksək səviyyədə iştirak etməklə var qüvvəmizi əsirgəməyəcəyik. 

Təbrik nitqinə davam edən Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev rayonda son iki il ərzində görülən digər uğurlardan, nailiyyətlərdən, qarşıda duran vəzifələrdən söz açaraq demişdir:

- Novruz Bayramı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində 300 milyondan çox əhali tərəfindən qeyd olunur.

Başda Prezidentimiz olmaqla hər birimizin Novruz bayramımız mübarək olsun. Bu gözəl milli bayramımızı bir daha təbrik edir, hər birinizə can sağlığı, ruzi-bərəkət, bol-bol sevinc, ailə xoşbəxtliyi arzulayıram.

Bu gözəl bayram günündə sizlərin nəzərinə bir neçə şad xəbəri çatdırmaq istəyirəm. Rayonumuzdan olan dörd nəfər Böyük Vətən müharibəsi, Qarabağ müharibəsi və Çernobıl əlillərinə  Prezident Administrasiyası rəhbərliyi tərəfindən “NAZ-Lifan” minik avtomobilləri bayram hədiyyəsi verilmişdir. Bütün bu işlər möhtərəm Prezidentimizin daşkəsənlilərə olan diqqət və qayğısının parlaq təzahürüdür.

Daşkəsənə göstərilən diqqət və qayğıya görə bir daha şəxsən ölkə rəhbərimizə bütün daşkəsənlilər adindan böyük ehtiram və dərin minnətdarlığımızı bildiririk.

Bu bayram günündə rayonumuz üçün şad xəbərlərdən biri də Daşkəsən Rayon İcra Hakimiyyətinin maddı-texniki təminatının möhkəmləndirilməsi ilə bağlı nəzərdə tutulmuş iqlim şəraiti çətin olan rayonumuza “Toyota” markalı xidməti minik avtomobilinin verilməsidir.

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin balansına rayonun ərazisindəki yerli avtomobil yollarına xidmət, dağlıq, soyuq iqlim şəraitində baş verən torpaq uçqunları, leysan yağışlarının yaratdığı sel sularının dağıtması  nəticəsində yolların sıradan çıxmasının qarşısının alınması məqsədilə 1 ekskavator,1 buldozer, 1 yükünüözüboşaldan avtomaşın bu günkü bayram gününə təsadüf edilərək verilmişdir.

Möhtərəm Prezidentimizin tapşırığına əsasən qeyd olunan məsələlərin həyata keçirilməsində əməyi, zəhməti olan hörmətli Baş Nazirimiz Artur Rasi-zadəyə, Baş Nazirin müavini hörmətli Abid Şərifova, hörmətli Maliyyə Naziri Samir Şərifova Daşkəsən rayonuna göstərdikləri köməkliklərə görə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Rayon mərkəzində keçirilən möhtəşəm tədbirdən sonra biz rayon ictimaiyyətinin, ziyalıların və qonaqların iştirakı ilə Daşkəsən ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə bayram tədbirlərini keçirmək üçün əsgərlərimizə, hərbi hissəyə hazırlanmış bayram sovqatlarını və hədiyyələrini verəcək, tanınmış incəsənət ustalarının iştirakı ilə bayram tədbirlərini davam etdirəcəyik.

İcra Başçısı təbrik nitqindən sonra 4 nəfər daşkəsənli əlilə “NAZ-Lifan” minik avtomobilinin açarlarını təqdim etmiş, rayonun ictimai-siyasi həyatında fəal iştirakına, təhsildə fərqləndiklərinə görə bir qrup ictimaiyyət fəallarına isə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanlarını vermişdir.

Rayonun Heydər Əliyev meydanında yüksək səviyyədə keçirilən ümumrayon şənliyi musiqi nömrələri ilə və rəngarəng əyləncəli proqramlarla davam etdirilmişdir.

Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən “N” saylı hərbi hissəyə gedilərək əsgər və zabitlərlə birgə davam etdirildi. Ucqar dağ ətəyində yerləşən hərbi hissədə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev yeni çəkilən qaz xəttini açılış edərək məşəli yandırdı. Bu qaz xəttinin açılışı əsgər və zabitlərin böyük sevincinə və ikiqat bayramına çevrildi. Müdafiə Naziri cənab Səfər Abıyevin şəxsən yaxından köməkliyi və təşəbbüsü ilə çəkilən yeni qaz xəttinə görə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev möhtərəm Ali Baş Komandanımız başda olmaqla , hörmətli cənab nazir Səfər Abıyevə böyük hörmət və  minnətdarlığını bildirdi.

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyev hərbi hissədə əsgərlər qarşısında çıxış edərək qeyd etdi ki, Azərbaycan əsgəri hər an qələbə əzmindədir. Azərbaycan xalqı tam əmin ola bilər ki, Daşkəsəndə düşmənlə üzbəüz sərhəddə xidmət edən döyüşçülərimiz yetərincə vətənpərvər, yüksək mənəvi, psixoloji, siyasi hazırlığa malik olan və ordu təcrübəsi qazanmış gənclərimizdir. Onların gündən-günə artan düşmənə intiqam hissi və qələbə əzmi, müasir texnikaya malik milli ordumuzun döyüş qabiliyyətinin ən mühüm amili, hər bir əsgərimizin torpaqlarımızın işğaldan azad olunması uğrunda savaşa hazır olması Azərbaycan ordusunun ən böyük mənəvi nailiyyətidir.

Bütün bu qürur doğuran amillər qarşıda böyük qələbələrimizin zəmanəti olan Ali Baş Komandanımızdır. Bu gün hər bir Azərbaycan vətəndaşı yalnız dövlətimizə, vətənə can-başla xidmət etmək, qarşıdan gələn Prezident seçkilərində Ali Baş Komandanı yenidən Prezident seçmək barəsində düşünür. Belə ki, həqiqətən də ulu öndərimizin tarixi xidmətləri sayəsində yaranmağa başlamış doğma ordumuz bu gün dünya şöhrətli ölkə Prezidentimiz cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə əhatə olunaraq davamlı inkişaf dövrünü yaşayır.

Rayon İcra Hakimiyyəti Başçısının geniş məzmunlu çıxışı əsgər və zabit heyəti tərəfindən böyük razılıq və hörmətlə qarşılandı.

Sonra musiqi nömrələri, müxtəlif rəqslər şəxsi heyətin zövqünü oxşadı.

Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən Novruz sovqatı və xonçaları əsgərlərə paylandı.

Beləliklə , daşkəsənlilər hərbi hissədə əsgərlər və zabitlərlə birgə möhtəşəm Novruz bayramının şənliyini ruh yüksəkliyi ilə qeyd etdilər.

Keçidlər