Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

29 fevral 2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib

29 fevral 2024 | 12:19

29 fevral 2024-cü il tarixdə Daşkəsən RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin müavini Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının, rayon Polis şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektorunun, Daşkəsən rayon Statistika  idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Daşkəsən rayon Gənclər və İdman idarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF-u publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının və Daşkəsən rayon bələdiyyələr şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov iclası giriş sözü ilə  açaraq bildirmişdir ki, çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Məhz bunun səbəbidir ki, Zəfər seçkilərində möhtərəm Prezident cənab İlham Əliyev yenidən böyük səs çoxluğu ilə qalib gələrək 92,12 faiz səslə Zəfər seçkilərinin qalibi kimi imzasını tarixə həkk etdi. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

2024-cü il fevralın ayının 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Daşkəsən rayonunda qarlı-şaxtalı havanın olmasına, güclü küləyin əsməsinə baxmayaraq seçicilərimizin 71,5 faizi iştirak etdi. Seçicilərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə 92,83 faiz səs verdilər. Daşkəsən rayonu ərazisində seçkilər yüksək səviyyədə, nöqsansız başa çatmışdır.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin Zəfər seçkilərindəki qələbəsi ölkəmizin daha işıqlı gələcəyi üçün yeni imkanlar yaradıbdır.

V.Məmmədov çıxışına davam edərək vurğulamışdır ki, Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin ötən iclasının protokolu 31 yanvar 2024-cü il tarixli, 5-42/2-76/2024 nömrəli məktubla Komissiyanın Katibliyinə göndərilmişdir. Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Daşkəsən rayon İcra Hakimiyyəti yanında Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsinin 2024-cü il üzrə iş Planı və iclasların keçirilmə qrafiki də Komissiyanın Katibliyinə təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın 3.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatların emal edildikdən sonra müvafiq rayonlar üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və əmək müqavilələrinə dair məlumat cədvəli təqdim edilir.

Müvafiq məlumatlar emal edildikdən sonra xidməti istifadə üçün Komissiyanın katibi Rəşad Dayıyevin imzası ilə 5 fevral 2024-cü il tarixli, 306 nömrəli məktubla hesabat dövrü ərzində Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və hesabat dövrü ərzində rayon üzrə əmək müqavilələrinə dair məlumat cədvəli təqdim olunmuşdur.

Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəlindən və əmək müqavilələrinə dair məlumat cədvəlindən məlum olur ki, hesabat dövründə rayonda 155 hüquqi və fiziki, eyni zamanda bələdiyyə, dövlət və xüsusi mülkiyyət üzrə dövrün əvvəlinə 1349,  hesabat dövrünün sonuna isə 1385 iş yeri olmuşdur ki, bu da 36 yeni iş yeri deməkdir.

Hesabat dövründə 19 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 96 nəfərlə isə yeni əmək müqaviləsi bağlanmışdır. Bu da işlə təmin olunan əlavə 77 nəfər deməkdir.

Əlavə olaraq bildirim ki,  33262 nəfər rayon əhalisinin 17800 nəfəri məşğul əhali hesab edilmişdir.

Aktiv əmək müqaviləsinə görə işçilərin sayı 1385 nəfər, aktiv məşğul əhali 3197 nəfər olmuşdur. Rəsmiləşdirilməyən məşğul əhali 14603 nəfər olmuşdur ki, bu da məşğul əhaliyə nisbətdə 82,0 % təşkil etmişdir.

Dövlət vergi xidmətinin məlumatına görə hesabat dövründə rayon ərazisində hazırda fəaliyyəti olan 1762 nəfər fərdi sahibkarlar qeydə alınmışdır.

Aktiv məşğul əhalinin 2091 nəfəri və ya 65,41 faizi qeyri-kənd təsərrüfatı sahəsində çalışanlar olmuşdur.

Daşkəsən rayonunun 2023-cü ilin  sosial-iqtisadi inkişafının yekunlarının  ilkin göstəricilərə əsasən Daşkəsən rayonunda əksər sahələr üzrə müsbət dinamika müşahidə olunmuşdur.

Ötən il Daşkəsən Rayon İcra Hakimiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə rayon ərazisində bir sıra tədbirlər həyata keçirmişdir.

2023-cü ilin fevralın 20-də “Heydər Əliyev İli” çərçivəsində Daşkəsən şəhərində 2 şəhid ailəsi fərdi yaşayış evi ilə təmin olunub. Bununla bağlı keçirilən tədbirdə Daşkəsən RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşı Mətləb Verdiyev evlə təmin olunan şəhid ailələrini təbrik edib, onlara yeni mənzillərində xoş günlər arzulayıblar.

Aprelin 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının təşkilatçılığı ilə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli və Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəblərində “İxtisas bələdçisi” adlı seminarlar təşkil olunub. Layihənin məqsədi valideynləri və gəncləri müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaqdan, abituriyentləri seçim zamanı zəruri peşə və ixtisaslar barədə maarifləndirməkdən ibarət olmuşdur.

Həmçinin 2023-cü ilin iyunun 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, KOBİA-nın və Gəncə Regional Turizm İdarəsinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının təşkilatçılığı ilə Daşkəsən şəhər Mədəniyyət Mərkəzində dövlət, özəl və sahibkarlıq subyektlərinin  iştirakı ilə əmək yarmarkası keçirilmişdir.

Tədbir “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” müvafiq bəndlərinin icrası məqsədi daşıyıb.

Yarmarkada işlə təmin olunmaları üçün müraciət edən 200 nəfərin müvafiq sənədləri qəbul olunaraq qeydiyyata alınıb.

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli avqustun 30-da Daşkəsən və Samux rayonlarının sakinlərini qəbul etmişdir. Cənab Vüsal Nəsirli onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionların inkişafına göstərdiyi ali diqqət və qayğısı nəticəsində digər bölgələr kimi Daşkəsən rayonu da son illər xeyli inkişaf etmiş və rayonun sosial-iqtisadi, o cümlədən mədəni siması müasirləşərək tamamilə dəyişmişdir.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində iqtisadiyyatın şaxələndirilməsində və ixtisaslaşmanın artırılmasında əsas məqsəd, qeyri–neft sektorunda daha çox dəyərin yaradılması əsasında gəlirlərin məbləğinin artırılması və ədalətli bölgüsünün aparılmasıdır.

2025-ci ildən sonrakı dövr üçün Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətqabiliyyətli işçi qüvvəsi olacaqdır. Xüsusilə, gənclərin və qadınların işlə təminatına daha çox diqqət yetiriləcəkdir. Əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artırılmasına nail olunacaqdır. Azərbaycanda insan kapitalının təkcə milli iqtisadiyyatın deyil, qloballaşan dünya iqtisadiyyatının da tələblərinə uyğun inkişaf etdirilməsi əmək miqrasiyasını elə tənzimləməyə şərait yaradacaq ki, daha çox dəyər ölkədə qalsın. Güclü, yüksəkixtisaslı və innovativ işçi qüvvəsi qlobal dəyər zəncirlərində Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsində mühüm rol oynayacaqdır.

Bizim qarşımızda duran vacib məsələlərdən biri də ərazidə qeyri-formal məşğulluğun qarşısının alınmasıdır. Bilirsiniz ki, qeyri-formal məşğulluq əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır. Qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması sahəsində son illər dövlət tərəfindən sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına xidmət edir.

Qeyri-formal məşğulluğun xarakterik olduğu sahələr əsasən tikinti, ictimai iaşə, nəqliyyat və bu kimi sahələrdir. Bu sahələr üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə ehtiyac var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir : “Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan növbəti  illərdə daha da güclü olacaq”

İclasda mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər