Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “GƏNCƏ-QAZAX İQTİSADİ REGİONUNUN YERLİ VƏ REGİONAL İNKİŞAFA DƏSTƏK” LAYİHƏSİ BARƏDƏ MƏLUMATLANDIRMA SESSİYASI KEÇİRİLİB

12 yanvar 2018 | 16:00

Azərbaycanın Qərb bölgəsində iqtisadiyyatın şaxələndirilməsinə və davamlı regional inkişafa, xüsusən kənd təsərrüfatı və turizmin inkişafına töhfə vermək məqsədilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsini həyata keçirir. İqtisadiyyat Nazirliyi layihənin əsas tərəfdaşı olmaqla, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri də layihədə iştirak edir.
  Yanvarın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında sözügedən layihə barədə məlumatlandırma sessiyası keçirilib. Sessiyada Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin baş məsləhətçisi Teymurlan Şabanov, layihənin regional koordinatoru Fariz Qarayev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, turizm üzrə mütəxəssislər iştirak ediblər.
  Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının müavini Cavanşir Qocayev çıxışında vurğulayıb ki, Daşkəsən dağ-mədən sənayesi rayonu kimi məşhur olduğu qədər, turizm rayonu kimi də ölkəmizin dilbər guşələrindən biridir.
  O, rayonda əsasən kənd turizminin pərakəndə şəkildə inkişaf etdiyini qeyd edib. Ekoturizm, dağ turizmi, alpinizm turizmi, aqroturizm növlərini inkişaf etdirmək üçün əlverişli şəraitin mövcud olduğunu və rayon rəhbərliyinin bu sahəni hər zaman diqqət mərkəzində saxladığını bildirib. 2014-cü ildə tikintisi başa çatdırılmış və ölkə başçısı tərəfindən 17 oktyabr 2014-cü ildə açılışı olmuş Xoşbulaq kəndi ərazisində yerləşən Daşkəsən Gənclərinin Təlim və İstirahət Mərkəzini bu sahədə son illərdə atılmış ən önəmli addım kimi qiymətləndirib. Keçirilən sessiyanın işinə uğurlar arzulayıb.
  Sessiyada çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Mahir Qəhrəmanov Azərbaycanda turizmin inkişaf yolundan danışaraq iqtisadiyyatımız üçün bu zəruri sahənin artıq yeni bir mərhələyə qədəm qoyulduğunu diqqətə çatdırıb. Ölkədə, xüsusilə  Daşkəsənin də daxil olduğu coğrafiyada yeni infrastrukturlar  yaratmaqla  turizmi inkişaf etdirməyin qarşıda duran mühüm vəzifələrdən biri kimi qeyd edib. Daşkəsənin turizm baxımdan yüksək potensiala və real imkanlara malik bir coğrafiyada yerləşdiyi nəzərə alınaraq artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rayonun turizm-rekreasiya xəritəsinin hazırlandığını və yaxın müddətdə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş ərazinin turizm-rekreasiya zonası elan ediləcəyini deyib.
  M.Qəhrəmanov turizm-rekreasiya zonalarını idarəetmə formasından biri kimi müxtəlif maraqlı tərəflərin təmsil olunduğu idarəetmə şuralarının yaradılacağını, bunun üçün turizm-rekreasiya zonası kimi müəyyən edilmiş ərazilərin inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri və bələdiyyə üzvləri müəyyən təcrübə əldə etdikdən sonra həmin şuralarda təmsil olunacaqlarını və həyata keçiriləcək tədbirlərin səmərəliliyini, yerli əhalinin turizm aktivliyini təmin etmək məqsədilə işçi qruplarına müvafiq köməkliklər göstərəcəklərini bildirib.
  Layihənin regional koordinatoru Fariz Qarayev isə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” layihəsi barədə ətraflı məlumat verib.
  Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, metodiki vəsaitlər paylanıb.
  

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər