Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏN RAYONUNDA XALQIMIZIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ DƏRİN EHTİRAMLA YAD EDİLİB

12 dekabr 2017 | 16:00

“Biz daşkəsənlilər yaxşı bilirik ki, dünya şöhrətli siyasətçi, xalqımızın xilaskarı, Müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev Vətənimizə bağlı olmuş, öz cəsarəti, dərin zəkası, müdrikliyi, milli vətənpərvərliyi, azərbaycançılıq ideyası ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımıza  qurban verməyə hazır olduğunu ömrü boyu sübut etmişdir.”

Əhəd Abıyev
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünü daşkəsənlilər dərin məhəbbət və ehtiramla yad ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanmış, rayonda dekabr ayının 1-dən 12-dək anım günü silsilə tədbirlərlə qeyd olunmuşdur.
Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, təhsil, səhiyyə müəssisələrində, idarə və təşkilatlarda, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, bələdiyyələrdə anım tədbirləri keçirilmişdir.
Ümumtəhsil məktəblərində və mədəniyyət müəssislərində inşa yazı, rəsm müsabiqələri, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, dəyirmi masalar, kitab sərgiləri, fotostendlər, oxucu konfransları və həyata keçirilən digər anım tədbirləri daşkəsənlilərin Ulu Öndər Heydər Əliyevə, onun əbədi ideyalarına dərin hörmət və böyük ehtiramı olaraq iştirakçıların ürəyindən xəbər vermiş, onları Heydər Əliyev şəxsiyyətinin nümunəsində Vətənə, xalqa, torpağa daha sədaqətli olmağa ruhlandırmışdır.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də Daşkəsən rayon ictimaiyyətinin  2000 nəfərdən çox nümayəndəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə hüznlü  musiqi sədaları altında gül-çiçək dəstələri düzmüş, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha da nümayiş etdirmişlər.
Gülqoyma mərasimindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçıları ilə birgə rayonun Heydər Əliyev Mərkəzinə baş çəkmiş, burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçirmişlər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan ziaylı nümayəndələrin iştirakı ilə ümumrayon toplantısı da keçirilmişdir.
Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən  film nümayiş etdirilmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd  Abıyev  Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən ümumrayon toplantısında çıxış etmişdir.
O, çıxışında demişdir:
– Bu gün çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günüdür. 
Bu gün  ölkəmizin ərazi bölgələrində  və bütün dünya azərbaycanlıları xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünü böyük ehtiram və dərin hüznlə yad edirlər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, xalqımızın böyük oğlu Heydər Əliyevin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir.
Ötən 14 il müddətində biz Ümummilli lider Heydər Əliyevin böyüklüyünün bir daha da şahidi olduq. Ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi olduğunu bir daha göstərdi. Zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri qavradıqca Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlərini, müstəqil Azərbaycan dövlətini qurub yaratdığını birmənalı  olaraq dərk edirik.
Ulu Öndər Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması, azərbaycançılıq ideyası üçün bütün ömrünü, həyatını həsr etmişdir.
Məhz Heydər Əliyevin misilsiz xidmətləri ilə Azərbaycanın faktiki olaraq müstəqil bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması mümkün olmuşdur.
Ümummilli liderimiz 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilənədək ölkəmiz inkişaf baxımından keçmiş ittifaq respublikaları arasında ən aşağı yerlərdə dayanırdı. Heydər Əliyev rəhbərliyə gəldikdən sonra ölkənin bütün sahələrində irimiqyaslı tədbirlər həyata keçirdi, nəticədə Azərbaycan qısa müddətdə SSRİ-nin ən aparıcı respublikalarından birinə çevrildi.
Dahi  Heydər Əliyevin həmin dövrdə Azərbaycanlı gənclərin keçmiş sovetlər ittifaqının nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi, elmi və kadr potensialının  yüksəldilməsi, güclü zabit korpusunun yaradılması üçün Cəmşid Naxçıvanski adına hərbi məktəbin fəaliyyətə başlaması kimi uzaqgörən addımları gələcəyə hesablanmışdı.
Azərbaycanda 70-ci illərin əvvəlində sənaye və kənd təsərrüfatının inkişafı, onun strukturunun təkmilləşdirilməsi üçün hazırlanan çox ciddi və  nəticəsi böyük olan proqramların reallaşdırılması, respublikanın imkanlarından səmərəli istifadə edilməsi ilə bağlı keçmiş ittifaq hökuməti ilə prinsipial danışıqlar aparan Ulu Öndər öz uzaqgörənliyi, müdrikliyi, qətiyyəti sayəsində dinamik inkişaf proqramlarının həyata keçirilməsinə nail olmuşdu.
1970-1982-ci illərdə respublikada yüzlərlə yeni zavod, fabrik, neftayırma, metallurgiya müəssisələri, nəhəng istehsalat obyektləri inşa edilmiş, respublikanın hər yerində genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılmışdır.
Heydər Əliyevin dövlətçilik səriştəsi, dərin zəkası, fenomenal yaddaşı, dövləti idarə etmək bacarığı həmin vaxt SSRİ-nin tərkibində olan bütün xalqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
SSRİ-nin gələcək rəhbəri vəzifəsinə namizədlər sırasında Mərkəzi Komitənin Siyasi Bürosunun üzvləri arasında birinci Heydər Əliyevin adı çəkilirdi. SSRİ dağıldıqdan sonra xalq arasında belə bir fikir dolaşırdı ki, əgər SSRİ-nin dövlət sükanı arxasında dahi Heydər Əliyev kimi güclü xarakterə malik insan olsaydı, bu qədər hakimiyyətdə faciələr baş verməyəcəkdi. Çünki bu dahi şəxsiyyətin nüfuzu, gücü və SSRİ xalqlarının ona olan məhəbbəti hamıya məlum idi.
Heydər Əliyevin böyük nüfuzu Mərkəzi Komitənin Baş Katibi  Mixail Qorbaçovu qorxuya salmışdı. Məhz Heydər Əliyev Mixail Qarboçova öz çirkin planlarını həyata keçirməyə mane olurdu. Heydər Əliyev Mixail Qorbaçovun haqsız, qərəzli təzyiqlərinə baxmayaraq, onun yeritdiyi siyasi xətti, xüsusilə Qafqazda apardığı siyasəti kəskin şəkildə tənqid edir,   Qarabağda yaranan problemin qarşısının alınmasını qabaqcadan xəbərdarlıq edirdi.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verdi. Heydər Əliyev SSRİ rəhbərliyində ikən Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsinin qeyri-mümkünlüyünü başa düşən məkrli qüvvələr onun vəzifədən uzaqlaşdırılmasına nail oldular.
Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı, azərbaycanlılar öz əzəli torpaqlarından, Qarabağdan, öz yurd-yuvalarından məcburi qovuldular.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində yüzlərlə soydaşımız gülləboran edildi, Şəhidlər xiyabanı yarandı. Bu faciə ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyevin haqq səsi oldu. Heydər Əliyev hadisənin ertəsi günü heç bir təzyiq və təhdidlərə məhəl qoymadan Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında Azərbaycan xalqına qarşı törədilən bu cinayəti, qanlı təcavüzü və vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya cəsarətlə, qorxmadan bəyan etdi. 
Haqqın və ədalətin bərpası üçün isə Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəyə, dövlətçiliyi  idarə etməyə çağırdı. Bu təkidli çağırışların arxasında xalqın Heydər Əliyevə sonsuz  etimadı, məhəbbəti və sarsılmaz  inamı dayanırdı.
Ulu Öndərin qayıdışı yenicə müstəqillik qazanmış Azərbaycanın məhv olmaq,  dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında qaldığı, ölkədə qardaş qırğının yarandığı bir dövrə təsadüf edirdi.
Müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin öz şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutmaları, daxili çəkişmələr, xarici təzyiqlər ölkədə xaosun yaranmasına, özbaşınalığın hökm sürməsinə, hakimiyyət böhranına səbəb olmuşdu. Cinayətkarlıq baş alıb gedir, ictimai-siyasi proseslərə nəzarət olunmurdu. Fürsətdən istifadə edən Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərinin böyük bir hissəsini işğal etmiş, ölkədə iqtisadiyyat iflasa uğramış, daxildə silahlı qarşıdurmalar vətəndaş müharibəsi həddinə çatmışdı. Xalqın son ümid yeri onun yeganə xilaskarı Heydər Əliyev idi.
1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində ölkədə taleyüklü problemlərin hamısını həll etdi: Atəşkəsə nail oldu, müstəqilliyin qarantı olan ordu quruculuğu işlərinə başladı, dövlət çevrilişinə cəhdlərin qarşısını qətiyyətlə aldı, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, ictimai-siyasi və iqtisadi həyatımızdakı proseslərin ağır nəticələrini aradan qaldırdı, xarici siyasəti milli maraqlara uyğunlaşdırdı; ilk milli Konstitusiyamız qəbul olunaraq hüquqi dövlət bazası yarandı, demokratik qaydada prezident, parlament və bələdiyyə seçkiləri keçirildi, Azərbaycan Respublikasının ilk milli Konstitusiyası əsasında seçilmiş ilk Prezidenti Heydər Əliyev Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvinin, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, çoxpartiyalı sistemin təminatçısı oldu.
Bütün bunlarla yanaşı, Heydər Əliyev çox böyük məharətlə ölkəmizin neft strategiyasını işləyib hazırladı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan dünya iqtisadi siyasətinin maraq mərkəzinə çevrildi. Heydər Əliyev qətiyyətinin təntənəsi olan “Əsrin müqaviləsi” müstəqil ölkəmizi dünyanın qüdrətli dövlətləri ilə etibarlı iqtisadi tərəfdaş etməklə yanaşı, Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdi, nüfuzlu  beynəlxalq təşkilatlarla dostluq əlaqələri yaratdı.  
Ulu Öndərin  qətiyyətli və prinsipial qərarları Azərbaycan iqtisadiyyatını tədricən dirçəltdi, onu yeniləşdirərək dinamik inkişaf mərhələsinə yönəltdi. Qısa müddətdə bazar iqtisadiyyatına keçidin qanunvericilik bazası formalaşaraq sahibkarlıq fəaliyyəti yarandı.
Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasının davamını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı. Ulu Öndərin müraciətində deyilirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini bir daha da təsdiqlədi. Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan azərbaycançılıq ideyaları, siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu Öndərin ən layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən böhranlar nəzərə alınmaqla, yeni ideyalarla zənginləşdirilərək və böyük bacarıqla bu gün uğurla davam etdirilir.
Möhtərəm Prezident cənab İlham Əliyev Ulu Öndərin ideyalarını rəhbər tutaraq Azərbaycan iqtisadiyyatını dəfələrlə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, çoxşaxəli iqtisadiyyata malik, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmişdir.  Ölkəmizin işıqlı gələcəyi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, Azərbaycan bu gün beynəlxalq aləmdə artıq ən nüfuzlu dövlətlər sırasındadır. Dünya dövlətləri birliyində mövqeyimiz durmadan möhkəmlənir, xalqımızın öz sözünü demək, haqq səsini ucaltmaq, taleyüklü problemlərini dünya ictimaiyyətinə birbaşa çatdırmaq imkanı getdikcə artır.  
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi üçün ölkə rəhbərliyinin tutduğu mövqe, yürütdüyü siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar Ulu Öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin etibarlı əllərdə olduğunu bir daha təsdiqləyir. 
Birmənalı olaraq deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən nailiyyətlərin və inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil dövlətdir və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən uzaqgörən uğurlu siyasət ölkədə ictimai-siyasi, iqtisadi sabitliyi, dövlətimizə möhkəm inamı təmin etməklə yanaşı, daim xalqımızın maraqlarına xidmət göstərir.
Biz daşkəsənlilər yaxşı bilirik ki, dünya şöhrətli siyasətçi, xalqımızın xilaskarı, Müasir Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyev Vətənimizə bağlı olmuş, öz cəsarəti, dərin zəkası, müdrikliyi, milli vətənpərvərliyi, azərbaycançılıq ideyası ilə xalqımızın keşiyində durmuş, ən çətin anlarda həyatını xalqımıza  qurban verməyə hazır olduğunu ömrü boyu sübut etmişdir.
Bugünkü müasir Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin yaratdığı şah əsərdir.
Bu gün biz daşkəsənlilərin bura toplaşmağı da bütün ömrünü xalqının xoşbəxtliyinə, azərbaycançılıq ideyalarına  həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə göstərdiyimiz çox dərin hörmət və böyük ehtiramın bir daha da sübut edən ifadəsidir. 
Ümummilli liderimiz Heydər Əliyevin ideyaları qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Allah Ulu Öndərimizə rəhmət eləsin, əziz Ruhu şad olsun!
Allah möhtərəm Prezidentimiz İlham Əliyevi qorusun, möhtərəm Prezidentimiz də Azərbaycan xalqını!


Elmar VÜQARLI

Keçidlər