Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonunda meşə ərazisində yanğın hadisəsi baş verib

31 oktyabr 2017 | 16:00

    30 oktyabr 2017-ci il tarixdə saat 18:30 radələrində Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib. Meşə yanğınının sahəsi küləyin güclü olması nəticəsində daha da genişlənərək alovlanıb.

       Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon mərkəzindən 26 km uzaqlıqda baş vermiş yanğın hadisəsi ilə bağlı operativ qərargah yaradaraq tapşırıqlar vermiş, dərhal hadisə yerinə getmişdir.
         Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və işçiləri, Rayon İcra Hakimiyyətinin qərargah üzvləri, idarə və müəssisə rəhbərləri, Dəstəfur kənd, Zinzahal kənd icra nümayəndəliklərinin və bələdiyyələrinin işçiləri yanğının söndürülməsi üçün ərazidə olmuşlar. Yanğının söndürülməsində Dəstəfur və Kollu kəndlərinin, eləcə də qonşu kəndlərin sakinləri yaxından iştirak edərək köməklik göstərmişlər.
İqlim şəraitinin sərt, soyuq olmasına, güclü külək əsməsinə baxmayaraq, yanğının söndürülməsi üçün  çox ciddi operativ tədbirlər görülməyə başlanmış və aidiyyəti üzrə nazirliklərə, xüsusilə də Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinə dərhal yanğın haqqında Rayon İcra Hakimiyyətinin Başçısı məlumat verərək təcili surətdə köməklik göstərilməsi xahiş etmişdir. O, bildirmişdir ki, güclü yanğının söndürülməsində kənd əhalisi və Rayon İcra Hakimiyyəti öz daxili imkanları səviyyəsində çalışmışdır. Yüksək dağ ətəyində yanan meşənin daha tez söndürülməsi məqsədilə yanğınsöndürmə avtomobilləri həmin əraziyə yaxınlaşa bilmədiyi üçün helikopterdən istifadə olunması qərargah tərəfindən məqsədəuyğun hesab olunmuşdu. Yanğının qarşısının alınması üçün nazirliklərə telefonla məlumat verilərək kömək edilməsi xahiş edilmişdir.
         Yanğının baş verdiyi meşə zolağı ilə Daşkəsən rayonunun Dəstəfur və Kollu kəndlərinin yaşayış evləri yaxın olduğu üçün alovun yaşayış evlərinə keçməsinin qarşısı cəsarətlə vaxtında alınmışdır. Yanğınla əlaqədar ərazidə yaşayan bir neçə sakinə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadası tərəfindən ilkin yardım göstərilmişdir.
         Yanğın baş verən ərazidə Rayon İcra Hakimiyyətinin Başçısı  ərazinin sakinləri ilə birgə səhər saat 07 radələrinədək lazımi köməkliklər göstərərək aidiyyəti qurumlarla yanğının qarşısının alınmasını təşkil etmişdir.
Yanğın nəticəsində 8 hektardan artıq  meşə sahəsi yanmışdır.
       Cəbhə bölgəsində yanğın baş vermiş kəndlərdə elektrik enerjisi və rabitə əlaqəsi kəsilmişdir. Kənd sakinləri qaranlıq şəraitdə dözümlülük göstərərək Rayon İcra Hakimiyyətinin Başçısı ilə birgə yanğının qarşısının alınmasında inamla, cəsarətlə çalışmışlar.
         Yanğın tam söndürülmüşdür.
        Hazırda elektrik enerjisinin verilməsi və rabitənin bərpa olunması üzrə müvafiq işlər görülür.
        Yanğının başvermə səbəbləri araşdırılır.

 

 

Keçidlər