DAŞKƏSƏNDƏ 18 OKTYABR AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QEYD EDİLDİ
Bu gün azad, müstəqil, hüquqi, demokratik və müasir Azərbaycan dövlətini qurduğu üçün Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri qarşısında baş əyir, Onun hər bir azərbaycanlı üçün daim əvəzsiz olan xatirəsini dərin minnətdarlıq hissi ilə yad edirik.
ƏHƏD ABIYEV
DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI
Oktyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü və daşkəsən rayonundan olan çağırışçıların Silahlı Qüvvələrin sıralarına müddətli həqiqi hərbi xidmət keçmək üçün yola salınması və ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının qarşılanması münasibətilə möhtəşəm tədbir keçirildi.
Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları, hərbi xidmətə çağırış yaşlı gənclər, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və KİV mənsubları iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları rayon mərkəzində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev dedi:
- Əvvəla, hər birinizi salamlayaraq 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə sizləri təbrik edirəm, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmizə sülh, rifah, sizə əmin-amanlıq, firavan həyat arzulayıram.
1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Ali Soveti ölkəmizin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi.
Elə həmin ilin dekabrının 29-da ümumxalq səsverməsi keçirildi və xalqımız yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
Azərbaycan özünün əsl müstəqilliyinə ümummilli lider Heydər Əliyevin böyük siyasi qayıdışından sonra qovuşdu. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini təhlükələrdən xilas etdi.
Ulu Öndər müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayaraq qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır.
Bu gün azad, müstəqil, hüquqi, demokratik və müasir Azərbaycan dövlətini qurduğu üçün Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri qarşısında baş əyir, Onun hər bir azərbaycanlı üçün daim əvəzsiz olan xatirəsini dərin minnətdarlıq hissi ilə yad edirik.
Həmin siyasi xətt Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir zamanın tələblərinə uyğun yüksək səviyyədə bu gün davam etdirilir, ölkəmizin mövqeləri durmadan möhkəmlənir.
İndi respublikamızın ərazi bütövlüyünü qorumağa, torpaqlarımızı işğaldan azad etməyə qadir, müasir dünya standartlarına cavab verən Milli Ordumuz vardır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir. Bu orduda xidmət etməyin özü də gənclərimiz üçün şərəfdir.
İndi ordu ilə xalq arasındakı qarşılıqlı münasibət bütün ölkəmizdə olduğu kimi Daşkəsəndə də tam sağlam, əmin təməllər üzərindədir. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunurlar, rayonumuzda və ölkədə gedən ictimai-siyasi hadisələrə sağlam münasibət bəsləyirlər, bir-birinin ardınca uğurlar qazanırlar.
Daşkəsənli gənclər bütün dövrlərdə ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında yaxından iştirak ediblər, bu gün də həmin ənənə yüksək səviyyədə davam etməkdədir. Rayonumuzdan olan çağırışçıların təntənəli surətdə, böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola salınması və hərbi xidmətini başa vurmuş gənclərin qarşılanması mərasimləri ictimaiyyəti nümayəndələrinin iştirakı ilə hər zaman bayram ovqatında keçirilir.
Mən hərbi xidmətini başa vurmuş gənclərimizi və onların valideynlərini ürəkdən təbrik edirəm, hərbi xidmətə yollanacaq çağırışçılarımıza isə uğurlar, möhkəm cansağlığı, qələbə xəbəri ilə qayıtmalarını arzulayıram.
Bir daha da bayramınız mübarək olsun!
Yaşasın Müstəqil Azərbaycanın Milli Ordusu!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə eşq olsun!
Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi mayor İxdiyar Əhmədov isə ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söhbət açdı. O, çıxışında vətəni göz bəbəyitək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu deyərək düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığını, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərini, Dövlət Başçımızın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğunu bildirdi. İ.Əhmədov tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminliyini ifadə etdi.
Qarabağ müharibəsi əlili Hacı Ənvər Əliyev və hərbi xidmətini uğurla başa vurub valideynlərinin yanına, rayonumuza qayıtmış Şəhriyar İsayev də çıxış edərək göstərilən diqqətə, yaradılan hər cür yüksək şəraitə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Daha sonra Silahlı Qüvvələrimizin sıralarından tərxis olunmuş rayon gənclərinə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev hədiyyələr verdi.
Həmin gənclər rayon Məşğulluq Mərkəzi tərəfindən işlə təmin olunmaları üçün qeydiyyata götürüldülər.
Tədbir rayon Mədəniyyət və Turizm nümayəndəliyinin hazırladığı bayram konserti ilə başa çatdı.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü