Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsən rayonu 2017-ci ilin doqquz ayını uğurla başa vurmuşdur

16 oktyabr 2017 | 16:00

 

16 oktyabr 2017-ci il tarixdə  Daşkəsən rayonunda  2017-ci  ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirildi.
Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən yığıncaqda rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayon ictimaiyyəti və KİV mənsubları iştirak edirdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq vurğuladı ki, toplantının məqsədi 2017-ci ilin doqquz ayı ərzində ölkəmizin və rayonumuzun sosial-iqtisadi inkişafında əldə olunmuş nailiyyətləri bir daha xatırlamaq və qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.
Əhəd Abıyev Daşkəsən rayonunda  2017-ci  ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında etdiyi hesabat məruzəsində dedi:
- Müstəqil Azərbaycan ötən 9 ayda xarici və daxili siyasətin bütün sahələrində yüksək səviyyədə nəticələr qazanıb. Belə ki, 2017-ci ilin doqquz ayı da əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur.
Bildiyiniz kimi Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə oktyabrın 9-da Prezident   sarayında Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2017-ci ilin doqquz ayında da Azərbaycan Respublikasında inkişaf davam etmiş, siyasi sabitlik yüksək səviyyədə təmin olunmuş və dövlətçiliyimizin mövqeyi daha da möhkəmlənmişdir.
Prezident cənab İlham Əliyev iclası giriş nitqi ilə açmışdır.
O demişdir:
...” İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.
Doqquz ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatımız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyiniz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur.   Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur.
Baxmayaraq, dünya bazarlarında neftin qiyməti hələ də aşağı səviyyədədir, bu il biz qarşıya məqsəd qoymuşduq ki, valyuta ehtiyatlarımızı artıraq. Çünki bu, bizim iqtisadi və siyasi müstəqilliyimizin əsas şərtlərindən biridir. Xərclərimizin də artmasına və ölkə qarşısında duran vəzifələrin də çoxalmasına baxmayaraq, biz çalışırıq ki, bütün vəzifələri icra edək. Bunu etmək üçün əlbəttə ki, maliyyə resursları lazımdır. Valyuta ehtiyatlarımızdan qənaətlə istifadə etməyimiz, eyni zamanda, düzgün investisiya proqramımızın uğuru, əlbəttə, imkan verib ki, biz valyuta ehtiyatlarımızı artıraq. İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları artıb, hazırda bu rəqəm 42 milyard dollar səviyyəsindədir. İlin əvvəlindən valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük. Ona görə bir daha qeyd etmək istəyirəm ki, valyuta ehtiyatlarımız, ümumiyyətlə, iqtisadi imkanlarımız müstəqilliyimizin əsas şərtlərindən biridir.
Bu gün biz özümüzü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmişik, müstəqil siyasət aparan ölkə kimi tanınırıq. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, bir çox başqa amillər dayanır. Onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Ona görə 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız hesab edirəm ki, 9 ayın ən uğurlu nəticələrindən biridir.”...
Yuxarıda qeyd olunmuş ölkəmizdə qazanılan bütün sahələrdəki nailiyyətlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.  
Ölkəmizin hər yerində olduğu kimi son illərdə geniş vüsət alan quruculuq-abadlıq işləri Daşkəsən rayonunun timsalında aydın görünür. 17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və çox hörmətli xanımı Mehriban Əliyevanın Daşkəsənə tarixi səfərini daşkəsənlilər  bu gün də sevinc hissi ilə xatırlayırlar və biz indi də həmin səfərin doğurduğu yüksək xoş əhval-ruhiyyənin içərisindəyik.
Səfər çərçivəsində cənab Prezident şəhərin mərkəzi meydanında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoymuş, yeni qurulmuş Heydər Əliyev Mərkəzində olmuşdur. Daşkəsən Rayon İcra Hakimiyyətinin yeni tikilmiş inzibati binasının, Avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışlarında iştirakı yüksək səviyyədə keçmişdi.                                                                                                 
Daşkəsən rayonunda 2017-ci ilin 9 ayı ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur. 
Belə ki, rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə nisbətən xeyli artmışdır.
2017-ci ilin doqquz  ayında  kənd təsərrüfatı məhsulları 22 milyon 412 min manat (6,8% çox), nəqliyyat üzrə 2 milyon 309 min manat (4,9% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 17 milyon 519 min manat (7,4% çox)  olmuşdur.
Hesabat ilində rayonda əhalinin sayı 315 nəfər artaraq 34 min 957 nəfər olmuşdur. 
Həmin dövrdə rayonda 495 iş yeri yaradılmışdır.                                                                                         
Cəbhə bölgəsində yerləşən soyuq sərt iqlim şəraitinə malik Daşkəsən rayon ərazisində ötən 9 ay ərzində bir sıra tikinti, təmir-bərpa, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da müxtəlif sahələr üzrə işlər davam etdirilməkdədir.
Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılmış, Daşkəsən səhərində yeni “Hotel” və “Restoran” istifadəyə verilmiş, Rayon Məhkəməsinin inzibati binası əsaslı təmir olunmuş,  Dövlət Notariat Kontoru və Rayon Qeydiyyat Şöbəsi  yeni binaya köçürülmüşdür.
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı, Qabaqtəpə kənd xəstəxanasında və Xoşbulaq həkim məntəqəsində isə cari təmir işləri aparılmışdır.
Bayan kənd tam orta məktəbin dam örtüyü yenisi ilə əvəz olunmuş, Güneykənd kəndində isə 56 şagird yerlik modul tipli yeni məktəb binasının tikintisinə başlanmışdır.      
Daşkəsən şəhərində 9 çoxmərtəbəli yaşayış binasının təmir işləri başa çatmaq üzrədir.                                                                                               
Rayonun 8 kəndində polis sahə məntəqələrinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
“Azərsu” ASC-nin rayonda yeni inzibati binasının tikilməsi məqsədilə torpaq sahəsi ayrılmış və tezliklə tikintisinə başlanılacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən   qəsəbəsində  və  Qabaqtəpə kəndində Qarabağ  müharibəsi  əlilləri  və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən  qəsəbələrində və Quşçu  kəndində  evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanmışdır.
Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri  və  şəhid  ailələri  üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə həmin binanın tikintisinə başlanılacaqdır.
Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin qrantı hesabına “Yuxarı Daşkəsən qəsəbəsində İçməli Su Təchizatının Yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsi başa çatdırılmış və 26 iyul 2017-ci il tarixdə açılışı olmuşdur.
19 may 2017-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, xüsusən son günlər intensiv dolu, leysan yağışları, dağlarda qar və külək ilə müşayiət olunan əlverişsiz təbiət hadisələri nəticəsində sel-suları rayonda sosial obyektlərə, inzibati və yaşayış binalarına, fərdi yaşayış evlərinə, yol, elektrik, rabitə təsərrüfatlarına ziyan vurmuş, əsasən Daşkəsən şəhərində çoxmərtəbəli binaların dam örtüklərini, fasadlarını, şəhərdəki su tutucu, ötürücü quyuları, kanalları yararsız hala salmış, şəhərin yolları, yol kənarı istinad divarlarının bir çox hissələri uçaraq dağılmış, beton bordürlərin, səkilərin tomet üzlük daşları, ümumiyyətlə, şəhərin infrastrukturu yararsız vəziyyətə düşərək sakinlərin yaşayış şəraitini çətinləşdirmişdir.
Daşkəsən Rayon İcra Hakimiyyəti öz daxili imkanları hesabına şəhərdə abadlıq-quruculuq və ən əsası şəhərin dağılmış yollarının yeni asfalt örtüyü salınmaqla təmir-bərpa işlərini həyata keçirir, dəymiş ziyanları aradan qaldırır və qışa hazırlıq işlərinin görülməsi də davam etdirilir.
Doqquz ay ərzində rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında 16 mart 2017-ci il tarixdə qədim, milli bayramımız olan Novruz bayramı minlərlə rayon sakininin iştirakı ilə yüksək səviyyədə təşkil olunmuş, rayon ərazisindəki “N” saylı hərbi hissənin əsgərləri ilə görüş keçirilərək əsgərlərə bayram sovqatları verilmişdir.
31 avqust 2017-ci il tarixdə bütün dünya müsəlmanlarının vəhdət rəmzi olaraq qeyd etdikləri Qurban bayramı rayonda yüksək səviyyədə geniş tədbirlərlə keçirilmişdir.
Rayon Təhsil Şöbəsi işçilərinin iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə İcra Hakimiyyətinin keçmiş inzibati binası əvəzsiz olaraq təhsil şöbəsinə verilmişdir.
2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərinin XI siniflərində 230 şagird təhsil  almışdır. Buraxılış imtahanlarından müsbət yekun qiymətlər aldıqları üçün 224 nəfər şagird orta məktəbi müvəffəqiyyətlə başa vurub orta təhsil haqqında attestat almışdır. 
Tam orta məktəb məzunlarımızdan 104 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. Onlardan 59 nəfəri ölkənin müxtəlif nüfuzlu ali, 20 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar. Ali məktəblərə  qəbul olunan məzunlarımızdan 2 nəfəri 600-dən, 3 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Bu nəticə ötən illərlə müqayisədə ürəkaçandır. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyada da Daşkəsən rayonundan  40  nəfər şagird 23-26 mart 2017-ci il tarixlərdə Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçıları olmuşlar.
2018-ci ilin mart ayında Daşkəsən şəhərinin salınmasının 70 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq kompleks tədbirlərin təntənəli, yüksək səviyyədə təşkil edilməsinə hazırlıq işləri aparılır və şəhərdə nəzərdə tutulmuş abadlıq-quruculuq, təmir-bərpa işlərinin vaxtında yerinə yetirilməsinə köməklik göstərilməsi üçün Prezident Administrasiyasına və aidiyyəti üzrə nazirliklərə yazılı surətdə müraciətlə xahiş etmişik.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə “Azərbaycan  Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının Tədbirlər Planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-si isə Daşkəsən rayonu  bölmələrində qeyd edilmişdir. 
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və  qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: ”... Bu il kənd təsərrüfatı ilə bağlı bir çox önəmli tədbirlər həyata keçirilmişdir...
... Heyvandarlığın sürətli inkişafı da prioritetlərdən biridir. Bu il bu istiqamətdə çox işlər görülüb və gələn il də görüləcək”...
Rayonda 2 kartofçuluq üzrə toxumçuluq və 1 damazlıq mal-qara təsərrüfatı  fəaliyyət göstərir. Toxumçuluq və damazlıq təsərrüfatlarının artırılması üçün işlər  davam etdirilir.
2017-ci ilin məhsulu üçün 713 hektar sahədə buğda əkilmiş, 1568,6 ton məhsul istehsal olunmuşdur. 61 hektar sahədə isə arpa əkilərək 156,6 ton məhsul istehsal olunmuşdur.
Cari ilin keçən dövrü ərzində rayon ərazisində 1308,4  hektar sahədə kartof, 83 hektar sahədə kələm, 66,4 hektar sahədə lobya və 4 hektar sahədə qarğıdalı əkilmişdir. Əkilmiş sahələrdən 13087 ton kartof, 1445 ton kələm, 17,4 ton tərəvəz lobyası və 15,2 ton qarğıdalı bitkiləri istehsal olunmuşdur.                                                                                        
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə hazırda 1 kənddə (Quşçu) süni mayalanma məntəqəsi fəaliyyət göstərir. 2017-ci ilin 9 ayı ərzində 137 baş süni mayalandırılmış heyvanlardan 54 baş buzov alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir.
Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2017-ci ilin fevral ayının 15-dən  mayın 15-i  tarixinə kimi  ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günləri təşkil edilmişdir. Həmin tapşırığa əsasən, Daşkəsən  Rayon Mərkəzi Xəstəxanasında müntəzəm olaraq 49 yaşayış məntəqəsinin əhalisi və  rayonun idarə, müəssisə və təşkilatların işçiləri qrafik əsasında tibbi müayinələrdən keçmişdir. 
Bu müddət ərzində 22019 nəfər tibbi müayinədən keçmiş, 40 nəfər  müxtəlif  xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 240 nəfər Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 402 nəfərə isə ambulator müalicə yazılmışdır.
Tibbi müayinədən keçən  Daşkəsən rayon sakinləri onların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Cari ilin iyun ayının 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilmişdir. Yığılan qan ehtiyatı xüsusi laboratoriyada müayinədən keçirildikdən sonra yoxlanılaraq talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.
Hər bir dağı müxtəlif təbii sərvətlərlə zəngin olan Daşkəsəni “Azərbaycanın Uralı” adlandırmışlar. Daşkəsən dağlarında dəmir filizi, qızıl, gümüş, kobalt, barit, alunit, əhəng daşı, qranit və mərmər kimi olduqca çox faydalı sənaye əhəmiyyətli filiz yataqları, müxtəlif gil ehtiyatları vardır.
Daşkəsən dəmir filizi ehtiyatı ilk dəfə 1933-cü ildə hesablanmış, dəmir filizi yataqlarında 120 adda mineralın və onların müxtəlif birləşmələrinin olduğu müəyyənləşdirilmişdir. Hazırda Daşkəsən dəmir filiz yatağında 200 milyon ton yeraltı üsulla və 54,6 milyon ton isə açıq üsulla işlənmək üçün  dəmir filizi ehtiyatları vardır.
Daşkəsən şəhəri də 2-ci dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da  məhz dəmir filizi yataqlarının istifadəyə verilməsi, bazası əsasında yaradılıb.
Dəmir filizi bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının tələbatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə ölkəyə böyük iqtisadi gəlir gətirəcəkdir.
Böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 aprel 2017-ci il tarixdə Yevlax rayonunda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində “Daşkəsən Filizsaflaşdırma” Aşıq Səhmdar Cəmiyyəti barəsində demişdir ki, bizim böyük bir sərvətimiz var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da Daşkəsənin dəmir filizidir. Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə Daşkəsənin dəmir filizi yataqlarına kifayət qədər diqqət göstərilməyib, vahid  bir  istehsalat sahəsi yaradılmayıbdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da bildirmişdir ki, Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta bu sahədə uzun müddət fəaliyyət göstərmiş dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt  gəlib  çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, Daşkəsən filizindən başlamış son ixrac məhsuluna qədər. Bununla da bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə çox böyük iqtisadi gəlir gətirəcək Daşkəsən dəmir filizi yatağının işlənməsi və istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci ildə elmi əsaslarla işlənib hazırlanmış  “Yeni Daşkəsən” layihəsi ilə rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin işə salınması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Müəssisənin işə    salınması üçün Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən vaxtaşırı olaraq aidiyyəti üzrə qurumlar qarşısında məsələlər qaldırılmışdır.                                       
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli Sərəncamı olmuşdur.
Həmin Sərəncama əsasən, “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə açıq elan olunmuş və bu məqsədlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi üzrə müsabiqə komissiyası yaradılmış və indiyədək müsabiqə komissiyasının bir neçə iclasları keçirilmişdir.
Amma vaxtilə müəssisə rəhbərliyinin yalnız öz şəxsi maraqlarına xidmət etmələri nəticəsində müəssisənin maliyyə təsərrüfat vəziyyətinin olduqca aşağı səviyyəyə düşməsi ilə əlaqədar investisiya müsabiqəsi bu vaxtadək baş tutmamış, dolayı yollarla bu günə kimi də uzadılaraq gecikdirilir, müəssisənin ümumi iş şəraiti kəskin surətdə pisləşmişdir.
Vaxtilə 1700 nəfərin çalışdığı “Daşkəsən Filizsaflaşdırma” Aşıq Səhmdar Cəmiyyətinin işləməməsi, işsizliyin çoxalması kimi ciddi bir məsələ –  rayon ərazisində əlavə sosial gərginlik yarada bilər.
Daşkəsən rayonu ərazisində yerləşən, dünyada Çindən sonra 2-ci böyük alunit faydalı qazıntı yatağı olan Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunaraq hər il alunitdən 200 min ton gil-torpaq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və İrkutsk alüminium zavodlarına göndərilirdi. Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən vanadium və    qallium metalları vardır.
Vaxtilə 1000 (min) nəfərə yaxın işçinin çalışdığı Alunit” İstehsal müəssisəsi hazırda bərbad vəziyyətə salınıb, hətta saz vəziyyətdə olan avadanlıqları, maşın-mexanizmləri sökülüb, kəsilib, doğranıb metallom kimi satılaraq aparılıb.
Birmənalı olaraq bildirirəm ki, “Alunit” İstehsal müəssisəsi və “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyəti bu gün yenidən işə salınıb fəaliyyəti bərpa olunarsa, nəinki regionumuza, hətta respublikamıza böyük iqtisadi gəlir gətirən müəssisələr olacaq, regionda yeni iş yerlərinin açılması ilə işsizliyin aradan qaldırılmasına köməklik göstərəcəkdir. Eləcə də  uzun müddət rayonda digər mövcud olan problemlər öz həllini  taparaq Daşkəsən regionda inkişaf etmiş pilot bir sənaye rayonu kimi şöhrət qazanacaqdır. 
Cari ilin keçən dövrü ərzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Çovdar Filiz Emalı Sahəsi və Azərbaycan Şəkər İstehsalat Birliyinin İmişli Şəkər zavodunun Daşkəsən Əhəng daşı mədəni öz fəaliyyətlərini  davam etdirmişlər.
“Yeni Daşkəsən” layihəsində “Çovdar” qızıl zavodunun işə salınması məsələsi də əsas vəzifə kimi qarşıya qoyulmuşdu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə tərkibinə Çovdar qızıl zavodunun daxil olduğu “AzerGold” Qapalı   Səhmdar    Cəmiyyəti  yaradılmış və  26 may 2016-cı il tarixli sərəncamı ilə də “AzerGold” Qapalı Səhmdar  Cəmiyyətinin idarə heyətinə Zakir İbrahimov sədr təyin edilmişdir.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsinin fəaliyyətini bərpa etmiş və mədəndə qızıl və gümüş hasilatı uğurla həyata keçirilir. Cəmiyyət tərəfindən əməliyyat proseslərində aparılan optimallaşdırma işləri nəticəsində mədənin fəaliyyətində səmərəlilik əldə olunaraq, hasilatın gücü artırılıb. Qısa müddət ərzində “Çovdar” qızıl yatağının ən müasir texnologiyalarla istismarının təşkil edilməsi, zavodun işə salınması üçün müvafiq hazırlıq işləri, demək olar ki, tam başa çatmış, zavod ən müasir texnologiyalarla tikilmişdir. Cari ilin sonunadək hasilatın daha da artırılması gözlənilir.
“Çovdar” qızıl zavodunun işə salınması təbii sərvətlərin ən dəyərlisinin emalı ilə yanaşı, həm də rayon əhalisinin işsiz hissəsini hazırda işlə təmin etməkdədir. Əsasən yerli əhalinin mədən sahəsində işə qəbuluna üstünlük verən “AzerGold” QSC-nin   “Çovdar” qızıl emalı zavodunda hazırda 450 nəfərdən çox  işçi işləyir.
Daşkəsən rayonunun “Çovdar” filiz mədənində ixrac üçün hasil olunacaq qızıl və gümüş xəlitələrin miqdarının 2017-ci ilin sonunadək 160 min unsiyaya (70 min unsiya qızıl, 90 min unsiya gümüş) çatdırılması planlaşdırılır ki, bu da qiymətli metalların cari qiymətlərini nəzərə alsaq 85 mln. ABŞ dolları (təqribən 145 mln. manat) təşkil edir. 
“Çovdar” qızıl zavodunun müasir formada tikilərək hasilata başlaması Daşkəsən rayonunda işsizliyi aradan qaldırmaqla ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək,  “Çovdar” qızıl emalı zavodu dünya səviyyəli bir mədənçilik şirkətinə çevriləcəkdir. Yeni, müasir tipli Çovdar qızıl zavodunun istehsal edəcəyi yüksək əyarlı brend 999,9 əyarlı Daşkəsən qızılı ölkəmizə iqtisadi gəlir, valyuta gətirməklə, dünyada şöhrət qazanacaq, belə ki, rayonumuz da regionda möhtəşəm bir sənaye rayonuna çevriləcəkdir.
2017-ci ilin 9 ayı ərzində Daşkəsən rayon Telekommunikasiya Qovşağı 126800 manat həcmində rabitə xidməti göstərmişdir. Quşçu kənd EATS-dən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Çovdar” filiz emalı sahəsinə 8,5 km yeni optik xətt çəkilmişdir.
Zəylik, Qaraqollar, Əhmədli, Qabaqtəpə, Xoşbulaq, Yuxarı Daşkəsən, Quşçu, Bayan, Dəstəfur kənd EATS-lərində rabitənin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə profilaktiki işlər görülmüşdür.
Rayon Telekommunikasiya Qovşağına yeni müasir avadanlıqların gətirilməsinə, sürətli internet  istifadəçilərinin sayının artırılmasına və rayon kəndlərində əhalinin internetdən istifadə etmələri üçün lazımi şəraitin yaradılmasına ehtiyac vardır.
2017-ci ilin 9 ayı ərzində 31 nömrəli “Yol İstismarı” MMC tərəfindən bir sıra işlər görülmüşdür. Belə ki, yolların saxlanması və təmiri üzrə 766,2 min manatlıq iş görülmüşdür.
Bildiyiniz kimi Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülərin tikintisi başa çatdırılaraq 2015-ci ildə istifadəyə verilmişdir. Həmin körpülər 2016-cı ilin güclü payız və 2017-ci ilin yaz leysan yağışlarından uğurla çıxmışdır.
“Yeni Daşkəsən“ ideyası cənab Prezidentin yaratdığı inkişaf siyasətindən qaynaqlanır. Rayonun bütün daxili yollarının,  körpülərin əsaslı təmiri  üzrə  Daşkəsən   Rayon İcra Hakimiyyəti tərəfindən  Nazirlər Kabinetinə, Baş Nazirə kompleks layihə  təklifləri işlənib təqdim olunmuş və hörmətli Baş Nazir Artur Rasi-zadə bu yol məsələsini aidiyyəti üzrə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzarətlə ünvanlamışdır.
Hansı ki 3300 nəfər əhalinin yaşadığı, 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda  Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə təqdim olunmuş və bu tədbirin həyata keçirilməsi “Azərbaycan  Respublikası  regionlarının   2014-2018-ci  illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilmişdir. Artıq  bu  günlərdə  həmin  tədbirin  həyata keçirilməsi barədə müvafiq sərəncamın verilməsi gözlənilir. İnanıram ki, tezliklə bu yol məsələsi ilə bağlı işlərə başlanılacaqdır.
Daşkəsən rayonunda enerji daşıyıcılarından və içməli sudan səmərəli istifadə edilməsi və onların dəyərinin ödənilməsi üzrə Rayon İcra Hakimiyyəti Başçısı yanında yaradılmış qərargahın fəaliyyəti daha da gücləndirilmişdir.                                                                                  
Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilmişdir.
2017-ci ilin  9 ayı ərzində istehlakçılara  12,8 milyon kVt/saat  elektrik enerjisi verilmiş, dəyəri 97,71 %   (2016-cı ilin 9 ayında 91,41%), əhali qrupu üzrə ödəmə isə 97,8% (2016-cı ilin 9 ayında 90,2%) ödənilmişdir.
Daşkəsən Elektrik Şəbəkəsi tərəfindən 38 ədəd transformator cari təmir edilmiş, 10,3 kilometr elektrikverici xətlərdə təmir işləri aparılmış, yeni yarımstansiyaların şəbəkəyə qoşulması üçün 43 ədəd metal dayaq basdırılmış, yararsız 203 ədəd dayaq, 6375 metr müxtəlif markalı naqil yenisi ilə əvəz olunmuş, 6275 metr kabel çəkilmiş və  transformatorlara, yağ  tutumlu  avadanlıqlara  560  kiloqram  transformator  yağı  əlavə olunmuşdur. İstifadə olunan elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün 79 ədəd yarımstansiyada balans sayğacı quraşdırılmışdır.
Elektrik Şəbəkəsinin rəhbərliyi şəbəkənin yeni müasir tələblər səviyyəsində  qurulmasını, elektrik enerjisinin dəyərinin tam ödənilməsini təmin etməli və qeyri-balans itkisinin səbəblərini müəyyənləşdirərək bu sahədə daha ciddi tədbirlər görülməsini təmin etməlidir.
Rayonun 49 yaşayış məntəqəsindən cəmi 7 yaşayış məntəqəsi təbii qazla təmin olunur. Hazırda rayon ərazisində qaz xəttinin kəndlərə çəkilməsinin gecikdirilməsi əhaliyə problem yaradır. 
2017-ci ilin 9 ayı ərzində rayonun Qazaxyolçular kəndində 109, Qaraqollar kəndində isə 100 abonent təbii qazla təmin olunmuşdur. Xoşbulaq kəndinə isə təbii qaz xəttinin çəkilişi davam edir.
Qaz Xidmət Sahəsi üzrə 2017-ci ilin 9 ayı ərzində əhaliyə verilən təbii qazın dəyərinin ödənilməsi 108%, ümumi ödəmə üzrə isə göstərici 97,9% olmuşdur.  Rayonda istehlakçıların təbii qazla təmin olunmasında çox ciddi mövcud problemlərin həll edilməsi üçün Qaz Xidmət Sahəsinin rəhbərliyi aidiyyəti üzrə lazımi tədbirləri tezliklə görməlidir.
Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılmış və  bu layihə üzrə bir sıra işlər görülmüşdür. Həmin layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə tutulmuşdur. Mövcud iqlim şəraiti nəzərə alınaraq həmin sahə üzrə işlərin   sürətləndirilməsi   vacibdir.   Bu   mühüm  tədbirin  başa  çatması nəticəsində Daşkəsən şəhərinin  əhalisi  fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaqdır.
Möhtərəm Prezidenti cənab İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2754 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuşdur.                                                                                        
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, sabitlik yüksək səviyyədə təmin olunub, ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Respublikamız regionda lider dövlətə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq  mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması məqsədilə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 08 iyun 2017-ci il  tarixində Daşkəsən şəhərində Gəncə şəhər, Daşkəsən, Göygöl, Gədəbəy və Samux  rayonlarından olan vətəndaşları; 14 iyul 2017-ci il tarixdə Ədliyyə Naziri Fikrət Məmmədov Daşkəsən şəhərində Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarından olan vətəndaşları; 28 sentyabr 2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Naziri  Hüseynqulu Bağırov Daşkəsən şəhərində Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul  etmişlər.
23 iyun 2017-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilmişdir. Həmin tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirak etmişdir.
15 avqust 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq  münasibətlərinin tənzimlənməsi  sahəsində  əlavə  tədbirlər  haqqında”  7 mart  2016-cı il tarixli 818 nömrəli  Fərmanından irəli gələn məsələlərin Daşkəsən rayonunda da icrası ilə bağlı müşavirə keçirilmişdir. Müşavirədə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi professor hörmətli Ramiz Quliyev iştirak etmişdir.
13 oktyabr 2017-ci il tarixdə Daşkəsən rayonunda Gəncə-Qazax iqtisadi rayonu üzrə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir. Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən forumda  Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov, İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin  müdiri   Arzu Hacıyev,  müvəkkil   kredit  təşkilatların səlahiyyətli nümayəndələri və ümumilikdə 220 nəfər sahibkarın və aidiyyəti üzrə müxtəlif qurumların rəhbərləri, KİV mənsubları iştirak etmişlər.
Daşkəsən rayonu eyni zamanda böyük potensiala malik kənd təsərrüfatı rayonudur. Rayonda kənd təsərrüfatının əsasən heyvandarlıq, kartofçuluq və arıçılıq sahələrinin inkişafına böyük ehtiyac vardır.
Daşkəsən rayon əhalisinin təklifini nəzərə alaraq rayonda süd emalı müəssisəsinin yaradılmasına böyük tələbatın olduğu forumda diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, süd emalı müəssisəsinin yaradılması süd məhsullarına olan Daşkəsənin daxili tələbatını 100 faiz öz yerli istehsalı hesabına təmin etməklə yanaşı, rayonda ailə-fermer təsərrüfatlarının yaranmasına, heyvandarlığın inkişafına böyük töhfə verəcəkdir.
Daşkəsən rayonunun iqtisadi potensialına uyğun olaraq, yerli heyvandarlıq, kartofçuluq, arıçılıq təsərrüfatlarının, süd emalı müəssisəsinin, turizmin  və hotelin yaradılması üzrə sahibkarlara və fermerlərə güzəştli kreditlərin verilməsi forumda ciddi məsələ kimi qaldırılmış və rayonun fermer və sahibkarlarının təklifləri, o cümlədən rayonda kənd təsərrüfatının ayrı-ayrı sektorlarının inkişafı ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyinin verilməsi məsələsi aidiyyəti üzrə İqtisadiyyat Nazirliyindən xahiş edilmişdir.                                  
Qarşımızda çox məsul və şərəfli vəzifələr durur. Oktyabrın 9-da Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr  edilmiş  iclasda  müxtəlif  sahələrdə  mövcud  vəziyyəti  hərtərəfli təhlil edərək qarşıda duran vəzifələri göstərən möhtərəm Prezidentimiz  cənab İlham Əliyev yekun nitqində   demişdir: “...Qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün vəzifələrimiz uğurla icra edilir. Mən əvvəlki dövrlərdə də qeyd etmişdim ki, bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Ondan sonrakı dövrlərdə qarşıya daha çox məsələ qoyulur ki, biz qeyri-neft ixracının artımına nail olaq və buna da nail oluruq. Çünki budur bizim inkişaf perspektivlərimiz. Qeyri-neft sektorunun ixracı bizə böyük həcmdə valyuta gətirir. Bu, hələ işimizin birinci mərhələsidir. İndi aqroparklar, istixanalar, heyvandarlığın inkişafı, sənayeləşmə siyasətimiz bundan sonra daha da böyük nəticələr verəcək. Mən həmişə deyəndə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı çox nikbin fikrim var, bax, buna əsaslanıram...
...Ona görə əminəm ki, nəinki bu ilin sonuna qədər, bundan sonrakı illərdə də ölkəmiz uğurla inkişaf edəcək, Azərbaycan həmişə zirvələrdə olacaq”...
Birmənalı olaraq bildirirəm ki, bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza göstərdiyi daimi diqqət və qayğıya görə ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Biz daşkəsənlilər ölkə Prezidentinin tapşırıqlarını uğurla yerinə yetirməyə daim hazırıq.
İcazə verin, Azərbaycan  Respublikasının  möhtərəm Prezidenti  cənab İlham  Əliyevi bir daha əmin  edim ki,  bundan sonra da qarşıda  duran şərəfli vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha yüksək əzmkarlıq göstərərək bütün  qüvvəmizi  səfərbər edib ölkə Rəhbərimizin siyasətinin həyata keçirmək üçün var-gücümüzlə çalışacağıq.
Müstəqil Azərbaycan Respublikasının banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarına eşq olsun!
Eşq olsun dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevə!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin geniş hesabat məruzəsindən sonra Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, RİHB-nin Quşçu kənd İƏDÜN-si Firudin Həsənov və RİHB-nin şəhər İƏDÜN-si Nüsrət Vəliyev çıxış etdilər, daşkəsənlilərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, qarşıda duran vəzifələrin icrasından danışdılar.
Yığıncağın sonunda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi qəbul edildi, toplantı iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.

 

Keçidlər