Daşkəsəndə Aşura mərasimi keçirilərək ehsan süfrəsi açıldı
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Aşura gününün mütəşəkkil və yüksək səviyyədə keçirilməsi üçün əvvəlcədən hazırlıq işləri aparılmışdı.
Bu gün səhər saatlarından başlayaraq dini inanclı rayon sakinləri Daşkəsən şəhər “Cümə” məscidinin həyətində keçirilən Aşura mərasiminə toplaşmışdılar.
Vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə ərazidə təcili tibbi yardım briqadası və mühafizə təşkil olunmuşdu.
Mərasimdə iştirak edənlər bütün şəhidlərə rəhmət oxudular, dövlətimizə və ölkəmizin Başçısına dualar etdilər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də Daşkəsən şəhər “Cümə” məscidinin həyətində keçirilən Aşura mərasimində iştirak edərək çıxış etdi.
O, çıxışında ölkəmizdə dini mərasimlərin keçirilməsində hər hansı bir maneənin olmadığını dedi, dövlətimizin bugünkü sabitliyinə, əmin-amanlığına və inkişafına görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi, Uca Tanrıdan bütün şəhidlərə rəhmət dilədi, mərasim iştirakçılarını Aşura günü ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan ehsan süfrəsinə dəvət elədi.
Mərasimdə Daşkəsən rayon “Cümə” məscidinin axundu Fariz Hüseynov Aşura gününün mahiyyətindən geniş söhbət açdı, yaradılan şəraitə, ölkəmizdəki əmin-amanlığa, göstərilən diqqətə görə şəhər “Cümə” məscidi dini icmasının adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və onun ailəsinə dualar etdi.
Sonra şəhid ailələri üzvlərinin, əlil və müharibə veteranlarının, tənha ahılların, ümumilikdə 350 nəfərdən artıq rayon sakininin iştirakı ilə ehsan süfrəsi açıldı.
Rayon sakinləri dini mərasimlərin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə öz razılıqlarını bildirdilər.
Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini –
dini qurumlarla işin təşkilatçısı