Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

“Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür...”

29 sentyabr 2017 | 16:00

Qəhrəmanlıq bir anda olur, amma neçə əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq mənəviyyat zənginliyindən irəli gəlir. Qəhrəmanlıq davranışı ən təhlükəli vəziyyətə də açıq gözlə baxaraq öz ləyaqəti, təmkini ilə müasir və gələcək nəslin tərbiyəsində müstəsna rol oynayır.

Hər zamanın öz qəhrəmanı olur. Böyük vətən müharibəsinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov nəinki o zamanın, elə bu günün də əfsanəsidi, sabah da olacaq. Onların şəxsiyyəti bədii əsərlərin, filmlərin baş qəhrəmanına çevrilib.
Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Qafur Məmmədov, Mərdan Musayev, Yusif Sadıqov və başqa həmyerlilərimiz böyük sovetlər torpağında döyüşüb qəhrəmanlıq göstərdiklərinə görə bu yüksək ada – qəhrəmanlıq adına layiq görülüblər.
Bu günün və gələcəyin əfsanəsi isə Milli Qəhrəman Mübariz İbrahimovdur. Neçə-neçə qəhrəmanlarımız Qarabağ torpaqlarında döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsil qəhrəmanlıq nümunəsi göstərmişlər.
Qəhrəmanlıq etmək, adının tarixin salnaməsinə yazılmasına nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır. Ulu Öndər Heydər Əliyev deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".
Bu məqsədlə sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı hesabına “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi (GMİB) “Qəhrəmanlığı sizdən öyrənirik” mövzusunda layihəsini Daşkəsən rayonunda keçirdi.
Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə müharibə veteranları, Qarabağ müharibəsi əlliləri, şəhid ailələrinin üzvləri, gənclər, müəllimlər və rayon məktəblərinin yuxarı sinif şagirdləri iştirak edirdilər.
Tədbirdən əvvəl rayonun Şəhidlər xiyabanı ziyarət olundu, vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimin əziz xatirəsi dərin ehtiramla yad edildi, məzarlarına güllər qoyuldu.
Tədbiri açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Orxan Həsənov çıxışında belə tədbirlərin gənc nəslin tərbiyəsində əhəmiyyətinə toxunaraq qeyd etdi ki, bu gün orta məktəblərdən ali məktəblərə yol alan gənclər demək olar ki, vətənpərvərlik duyğusu və qəhrəmanlıq hissi ilə "yüklənmiş" halda yeni həyata qədəm qoyurlar. Vətən naminə oxumaq və çalışmaq ən böyük vətənpərvərlikdir. Əgər bu hiss, bu duyğu varsa, deməli ana vətənin hər bir vətəndaşı, xüsusilə də gəncləri onu qorumağa, fədakarlıq etməyə, qəhrəmanlıq nümunəsi göstərməyə hər an hazırdırlar.
“Qəhrəmanlığı sizdən öyrənirik” layihəsinin məqsəd və vəzifələri haqqında “Sağlam Yaşa” GMİB-nin icraçı direktoru Tələt Qəribov məlumat verdi. Təmsil etdiyi İctimai Birliyin Daşkəsəndə artıq ikinci layihəsini həyata keçirdiyini diqqətə çatdıran T.Qəribov dedi ki, əgər hər bir Azərbaycan gənci öz ölkəsi, həmçinin milli qəhrəmanlarımız haqqında nə qədər çox məlumatlı olsa, bilgi əldə etsə, torpağını da bir o qədər çox sevər ki, bu da onda vətəni qorumaq hissinin müqəddəs bir borc olduğu anlamına gəlir. Yeniyetmə gənc başa düşür ki, ona aşılanan bu duyğular bir ömür onun yol yoldaşıdır, heç vaxt onu tərk etməməlidir. 
“Sağlam həyata doğru” İctimai Birliyinin sədri Sadiq Həsənovun da çıxışı maraqla qarşılandı. Onun  “Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür” ibrətamiz fikri hər kəsin rəğbətinə səbəb oldu.
Daha sonra Qarabağ müharibəsi döyüşçüsü Zakir Məmmədov, SHXÇDX rayon bölməsinin baş məsul icraçısı Rauf Həmidov, rayon “Şəhid Anaları Xeyriyyə” Mərkəzinin sədri şəhid anası Qızbəs Abbasova, Qarabağ müharibəsi əlili Hacı Ənvər Əliyev, Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Rəşail Babayev, Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev və başqaları çıxış etdilər, gəncləri ağıl ilə müşayiət olunan misilsiz cəsarət, igidlik və qorxmazlıq tələb edən qəhrəmanlığa çağırdılar.

Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər