Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi yanğın avtomobilləri və alət-avadanlıqlarının baxış-təlimini keçirib
Sentyabrın 26-da Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğın Texnikası şöbəsinin illik tədbirlər planına uyğun olaraq Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsi rayon Dövlət Yanğın Mühafizə Hissəsinin həyətində texnikalarının və xilasetmə avadanlıqlarının baxış-təlimini keçirmişdir. Maarifləndirmə tədbirində Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Komissiyasının üzvləri, idarə, müəssiəsə, təşkilatların işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Daşkəsən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Xanlar Süleymanov yanğın avtomobilləri və avadanlıqları, xilasetmə vasitələri, onların təyinatı, yanğından mühafizə hissəsinin gündəlik iş fəaliyyəti barədə danışaraq deyib ki, yanğınla mübarizə ümümxalq işidir.
Şərti həyəcan siqnalından sonra yanğın texnikaları və xilasetmə avadanlıqları hissənin əməkdaşları tərəfindən nümayiş etdirilib. Keçirilən baxış-təlimin gedişatı boyunca yanğınsöndürmə avtomobillərinin və vasitələrinin təyinatı, onların tətbiq olunma qaydaları haqqında məlumatlar verilmiş, ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsi, fövqəladə hallar zamanı insanların təxliyə olunması nümayiş etdirilmişdir.
Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Texnika üzrə rəis müavini, daxili xidmət baş leytenantı Seymur Həsənov yanğınsöndürmənin ən çətin və şərəfli peşələrdən biri olduğu vurğulayaraq söyləmişdir ki, bu sahədə çalışanlar təhlükəsizlik texnikasının təmin edilməsi və sağlamlığın qorunması üçün bir sıra kompleks tədbirləri yerinə yetirməlidirlər. Həmçinin xidməti vəzifələr icra olunarkən zərərli təsirlərin qarşısının alınması üçün bütün gigiyenik və sanitar-texniki tədbirlər həyata keçirilməlidir.
Yanğınların söndürülməsi, yanğınlarda xüsusi işlərin aparılması zamanı təhlükəsizlik tələbləri, eləcə də yanğın avtomobillərinin və qoşqularının, elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları haqqında rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Xidmət üzrə rəis müavini daxili xidmət mayoru Uğur Ələkbərov məlumat vermişdir.
Baxış-təlimdə çıxış edən Rayon İcra Hakimiyyətinin məsul işçisi, rayon Fövqəladə Hallar Komissiyası sədrinin müavini Elmar Əliyev əvvəlcə bütün tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin adından salamlamış, təlimin təşkilatçılarına təşəkkürünü bildirmişdir. Əyani formada keçirilən belə tədbirlərin qəzalar zamanı müstəsna əhəmiyyət daşıdığını qeyd etmişdir.
Yanğın təhlükəsizliyi qurumlarının maddi-texniki, hüquqi bazasının möhkəmləndirilməsində, yanğın təhlükəsizliyi sistemi üçün milli kadrların yetişdirilməsində, sənayedə və kənd təsərrüfatında yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi üçün hökumət qərarlarının qəbul edilməsində, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən geniş söhbət açan E.Əliyev 1969-1982-ci illərdə, həmçinin ikinci dəfə müstəqilliyimizə qovuşduğumuz dövrdə Ulu Öndər Heydər Əliyevin qayğısı sayəsində əhalinin yanğın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərdən və bu xəttin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran müxtəlif suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü