Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Yarımçıq xatirələr” filmi nümayiş olunub

15 sentyabr 2017 | 16:00

15 sentyabrda – ölkəmizdə kino mövsümünün açılışı ilə əlaqədar olaraq Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin Daşkəsən rayon nümayəndəliyinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində “Yarımçıq xatirələr” filmi nümayiş olunub.
Qeyd edək ki, Azərbaycanın milli kino sənəti 119 il ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərinin nümayişi ilə milli kino sənətinin əsası qoyulub.
Son 10 ildə ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılıb, kinomuzun maddi-texniki bazası möhkəmləndirilib. Prezident cənab İlham Əliyevin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” Azərbaycan kino sənətinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.
Bu yaxınlarda regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev əmr imzalayıb. Əmrə əsasən, hər il sentyabrın 15-i ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaqdır.
Tədbirdə əvvəlcə “Yarımçıq xatirələr” filmi barədə məlumat verilib. Bildirilib ki, dövlət sifarişi ilə 2015-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş “Yarımçıq xatirələr” filminin rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Konstantin Vorobyov və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyevdir. Ekran əsərində musiqilərin müəllifi görkəmli bəstəkar və müğənni Polad Bülbüloğludur.  Əsas rollarda Bəhruz Yusifoğlu, Qurban İsmayılov, Gülzar Qurbanova və başqaları çəkiliblər. Filmdə belorus, gürcü və rus aktyorları da rol alıblar. Faşizm üzərində qələbənin 70 illiyinə həsr olunan filmin çəkilişləri Belarusun paytaxtı Minskdə, Brest şəhərində, Vileyka qəsəbəsində və Azərbaycanda aparılıb. Filmdə 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Qarabağı erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyindən bəhs edilir.
Şəmkir Regional Mədəniyyət  və Turizm  İdarəsinin baş məsləhətçisi İsax Məmmədov da çıxış edərək deyib ki, tədbirin təşkil olunmasında əsas məqsəd “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan kinosunun yeni nailiyyətləri ilə sakinlərimizi tanış etməkdir. İ.Məmmədov onu da bildirib ki, tərtib olunmuş qrafikə əsasən son illər istehsal olunmuş Azərbaycan filmlərinin nümayişi rayonumuzda mütəmadi, həm də pulsuz həyata keçiriləcəkdir.  
Maraqlı döyüş səhnələri və həyat hekayələrinin yer aldığı film rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Elmar VÜQARLI

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Keçidlər