DAŞKƏSƏNDƏ MÜƏLLİMLƏRİN SENTYABR KONFANSI KEÇİRİLİB
Sentyabrın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov və 200 nəfərdən çox müəllim iştirak edib.
Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə rayon mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, xatirəsini ehtiramla yad ediblər.
Konfransı açıq elan edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında demişdir:
- Mən sizi və sizin şəxsinizdə rayonumuzun bütün müəllimlərini və müəllim kollektivlərini rayon ictimaiyyəti adından salamlayır, fürsətdən istifadə edib bütün təhsil işçilərini 2017-2018-ci dərs ilinin başlanması, qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik edir və yeni dərs ilində sizin hər birinizə möhkəm cansağlığı, yeni-yeni nailiyyətlər diləyirəm, həmçinin konfransın işinə uğurlar arzulayıram.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın milli təhsil strategiyası bu gün ölkə başçısı çox hörmətli möhtərəm cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir. Dövlətimizin Başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti, genişmiqyaslı quruculuq fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə ölkənin bütün sahələrində, eləcə də təhsil sahəsində qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə olan dərin inam hisslərini daha da gücləndirmişdir.
Ölkə Başçısının ali diqqət və qayğısı sayəsində respublikanın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlər üçün normal iş şəraitinin yaradılması, onlarım maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Təkcə son 6 ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilmiş, bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir edilmişdir.
Daşkəsən rayonunda ötən dərs ilində də tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılmasına dair görülən işlərin səviyyəsi daha geniş miqyas almışdır.
Birmənalı olaraq bildirirəm ki, rayonumuzda təhsilin inkişafı üçün atılan addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə və sabahına ali diqqət və qayğısının əyani göstəricisidir.
Daşkəsən rayonunda təhsilin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğıya görə çox hörmətli möhtərəm cənab Prezident İlham Heydər oğlu Əliyevə bütün daşkəsənlilər adından bir daha da öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Məlumat üçün diqqətinizə çatdırım ki, hal-hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si isə ibtidai məktəbdir.
Ümumilikdə rayon üzrə təhsil müəssisələrində 580 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin tədris müəssisələrinə 3 mindən artıq şagird cəlb olunmuşdur. Şagirdlərin təhsilə cəlb olunması, onların dərsliklərlə təminatı işi Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən daim diqqətdə saxlanılır.
2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 287 nəfərdən 266 nəfəri IX və 230 nəfərdən 224 nəfəri XI sinif şagirdi ümumi orta təhsil və tam orta təhsil haqqında attestat almışdır.
Bu il rayonun orta məktəb məzunlarından 104 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. Onlardan 59 nəfəri ali, 20 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur. 2015-2016-cı dərs ilində isə 50 nəfər məzun ali, 12 nəfər məzun orta ixtisas məktəblərinə qəbul olunmuşdular. Rəqəmlərə baxanda aydın görünür ki, ildən ilə qəbulların sayı artır.
Ali məktəblərə qəbul olunan məzunlarımızdan 2 nəfər 600-dən, 3 nəfər 500-dən yuxarı bal toplamışdır. Bu göstərici ötən illə müqayisədə aşağıdır. 2016-cı ildə ali məktəblərə qəbul olunan məzunlarımızdan 1 nəfəri 651 bal, 7 nəfəri isə 500-dən yuxarı bal toplamışdılar.
Mən bu məqamda bütün müəllimlərimiz adından Daşkəsən rayon təhsil müəssisələrinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarova da dərin təşəkkürümüzü bildiririk.
2016-cı ildə keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında rayon müəllimləri ölkə rəhbərliyindən Daşkəsən müəllimlərinin də bilik və bacarıqlarının diaqnostik qiymətləndirmədən keçirilməsini xahiş etdilər. Həmin xahiş nəzərə alındı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2015-ci il tarixli “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” imzaladığı Sərəncamın icrasını Daşkəsəndə təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2-4 dekabr 2016-cı il tarixlərdə Daşkəsən rayon ümumtəhsil məktəblərində çalışan müəllimlərin və hərbi rəhbərlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparıldı. Həmin diaqnostik qiymətləndirmədə 525 nəfər müəllim və hərbi rəhbər əmək haqqı artımının özünə şamil edilməsi hüququnu qazandı. 1 yanvar 2017-ci il tarixdən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırılmışdır.
Dövlətimizin təhsilə olan qayğısından ruhlanan müəllimlərimiz daima öz üzərilərində işləyir, dərslərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar. 2016-cı ilin sonunda Daşkəsən müəllimlərinin diaqnostik qiymətləndirmədən uğurla çıxmaları dediklərimizi əyani təsdiq edir. Əmək haqqı artımı bir daha da onu göstərir ki, cəmiyyətin ziyalı təbəqəsinin maddi rifah halının yüksəldilməsi ölkə Prezidentinin daim diqqət mərkəzindədir.
Buna görə rayonumuzun bütün müəllimləri adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə bir daha da öz dərin minnətdarlığımızı bildiririk.
Rayonumuzda milli dəyərlərə sahib savadlı şagirdlərin yetişdirilməsi əsas məqsədimizdir. Ulu Öndər Heydər Əliyevin milli dəyərləri özündə əks etdirən gənclərin yetişdirilməsi ideyasının həyata keçirilməsi istiqamətində hamılıqla çalışmalıyıq.
Uşaqların təhsilində 1-ci sinifdən 11-ci sinfədək valideynlərin də böyük rolu olmalıdır. Valideynlərsiz müəllimlərin əziyyətinin heç bir əhəmiyyəti yoxdur. Çünki şagird günün yarısını evdə, yarısını məktəbdə keçirdir. Valideynlərinin nəzarətində olan şagirdlər dərslərində və tərbiyəsində digərlərindən seçilirlər. Ona görə də bütün hörmətli müəllimlərdən valideynlərə çatdırılmasını xahiş edərək bildirirəm ki, indidən 4 illik tələbəlik illəri üçün uşaqlarının planlarını cızsınlar, onların gələcək yol xəritələrini hazırlasınlar, rayonumuzun adını daim ucaltsınlar.
Ötən tədris ilində uğurlarımızla yanaşı, nöqsanlarımız da olub. Belə ki, bir sıra məktəblərdə problemli məsələlər bu günədək həll edilməyib. Elə məktəblər vardır ki, illərdir həmin məktəblərdən ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunan bir şagird belə yoxdur. Bəzi məktəblərdə isə müəllimlər öz işlərinə tamamilə məsuliyyətsiz yanaşırlar. Şagirdlərin təhsilə cəlb edilməsi işində də əsaslı dönüş yaradılmalıdır. Birmənalı olaraq bildirirəm ki, səriştəsiz, pedaqoji işi bilməyən, təşkilatçılıq qabiliyyəti olmayan məktəb direktorlarının barəsində ciddi tədbirlər görüləcəkdir.
Təhsil naziri cənab Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib. Rayon Təhsil şöbəsinə, eləcə də məktəb direktorlarına tapşırıram ki, qarşıdan gələn 2017-2018-ci dərs ilində - “Təhsildə keyfiyyət ili”ndə öz vəzifələrinə daha məsuliyyətlə başlasınlar, buraxılmış nöqsanlar aradan qaldırılsın, şagirdlərin təhsilə cəlb olunması istiqamətində işlərində dönüş yaratsınlar, valideyn-məktəb münasibətlərini dərinləşdirsinlər və rayonumuza təyinatla işləməyə gəlmiş gənc müəllimlərə qayğı ilə yanaşsınlar.
Sevindirici haldır ki, bu il Təhsil Nazirliyinin “Müəllimlərin işə qəbulu” müsabiqəsindən keçmiş 50-dən artıq gənc müəllim rayonun müxtəlif ümumtəhsil məktəblərinə işləməyə gəlmişdir. Ötən il isə 17 müəllim gəlmişdi ki, onlardan 12-si qalaraq işləyir.
Bütün peşələrə yiyələnməkdə müəllimlərin rolu danılmazdır. Müəllimlik ən uca və bütün cəmiyyətlərə gərəkli olan bir sahədir. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyev müəllim adını həmişə uca tutaraq demişdir: “Mən Yer üzündə müəllim adından uca ad tanımıram”.
Ulu Öndər müəllim adının ucalığını qeyd etməklə yanaşı, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimizin yorulmaz və fədakar əməyini də daim yüksək qiymətləndirmişdir. Hər birimizin həyatında müəllimlərin xüsusi rolu vardır. Müəllim adını müqəddəs tutaraq mən bir daha da Sizin hər birinizi qarşıdan gələn “Bilik Günü” münasibətilə təbrik edir, yeni dərs ilində rayonumuzun müəllim kollektivlərinə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin çıxışından sonra rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir:
- Rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı Respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçirildiyi, rayonumuzda abadlıq quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf edir.
İcazə verin, Sizi və sizin şəxsinizdə rayonumuzun bütün təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edim. Sizə yeni dərs ilində təhsil islahatının həyata keçirilməsində uğurlar arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrəti durmadan yüksəlir, adamların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi Respublikamızın hər yerində tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət guşələrinin yaradılmasına yeni mədəni və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı , həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır.
Azərbaycanda təhsilin inkişafı, bu sahədə islahatyönümlü tədbirlərin durmadan həyata keçirilməsi, milli təhsilimizin qabaqcıl ölkələrin mütərəqqi təhsil sistemlərinə inteqrasiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil haqqında konseptual fikirlərindən qaynaqlanır: ”Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Təhsil cəmiyyətdə tərəqqinin hərəkətverici qüvvəsi olmaqla intellektual potensialın formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında, şəxsin, vətəndaşın fərdi inkişafında, hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür. Ölkəmiz üçün müasir düşüncəli və rəqabət qabiliyyətli insan kapitalının formalaşmasında ən kütləvi təhsil sahəsi olan ümumi təhsil xüsusi əhəmiyyətə malikdir. Ona görə də ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun, keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönümlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi daim diqqət mərkəzinə çəkilən mühüm vəzifə hesab olunmuşdur.
Azərbaycan Dövlət müstəqilliyinin bərpasından sonra ümumi təhsilin inkişafına dövlət qayğısı güclənmiş, onu mütərəqqi dünya təcrübəsi zəminində məqsəd, məzmun və mahiyyət baxımından yenidən qurulması halda şagird nailiyyətinin qiymətləndirilməsində müasir texnologiyaların tətbiqi tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Ümumtəhsil məktəb şagirdlərinə dərsliklərin pulsuz verilməsi, bölgələrdə təlim-tərbiyə şəraitinin yaxşılaşdırılmasına, növbəliyin əsaslı şəkildə azaldılmasına xidmət edən yeni məktəb binalarının inşası, maddi və mənəvi cəhətdən köhnəlmiş məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya kommunikasiya texnologiyaları ilə təchizi, pedaqoji və rəhbər pedaqoji kadrların seçilib yerləşdirilməsində ciddi qayda dəyişikliklərinin edilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində sağlam rəqabətin yaranması və onların əmək haqqının artırılması ilə nəticələnən diaqnostik qiymətləndirmələrin keçirilməsi, dərslərin müddətinin uzadılması, istedadlı şagirdlərin olimpiada hərəkatının gücləndirilməsi, dövlət ümumtəhsil məktəblərində uşaqların məktəbəhazırlıq təhsilinin təşkili, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsinin tətbiqi və ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir. Həqiqətən də, aparılmış monitorinq və araşdırmalar göstərir ki, son illər nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sahəsində bölgələrdə ümumi təhsil üzrə keyfiyyət göstəricilərində xüsusilə də buraxılış imtahanları və ali məktəbə qəbulun nəticələrində əvvəlki illərdə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilməkdədir. Bununla belə etiraf olunmalıdır ki, ümum təhsilin hazırkı keyfiyyət səviyyəsinin davamlı surətdə yaxşılaşdırılması üzrə təsirli tədbirlərin görülməsi ən zəruri vəzifə kimi meydana çıxır. Qeyd olunanları nəzərə alaraq, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsil idarə etmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017/2018-ci dərs ili ölkənin dövlət ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili” elan olunması ümumtəhsil sahəsində tarixi hadisədir.
Strategiyada nəzərdə tutulmuş təhsil sistemində idarəetməni təkmilləşdirmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 iyul 2014-cü il tarixli sərəncamı təhsilin nəticələrinə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırılmasına, maliyyə və inzibati resursların vahid təhsil siyasətinə uyğun planlaşdırılması və təhsil idarəçiliyinin qarşıda duran vəzifələrə adekvat qurulmasına, ölkə təhsilinin qabaqcıl dünya standartları səviyyəsinə çatdırılmasına əsaslı zəmin yaratmışdır. Struktur islahatları nəticə etibarı ilə təhsilin keyfiyyət göstəricilərinin əsaslı surətdə yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsilalanların və təhsilverənlərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə yönəldilmişdir.
Onu da qeyd edim ki, yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmiş, bu hədəfə nail olmaq üçün nəticə əsaslı əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanmış, mərhələlərlə həyata keçirilən qiymətləndirmə prosesi cari ilin avqust ayında başa çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan, müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artmışdır.
Eyni zamanda, ölkə Prezidentinin 23 avqust 2017-ci il tarixli Sərəncamına əsasən Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulmuşdur.
Rayonumuzun bütün müəllimləri təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatları ürəkdən bəyənir. Milli təhsilimizin yüksək səviyyəyə çatdırılmasını təmin edən ölkə başçısının sərəncamlarını böyük rəğbətlə qarşılayır, bu sahədə qarşıya qoyulmuş vəzifələrin məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını bildirirlər.
Onu da qeyd edim ki, Azərbaycanın silahlı qüvvələrinin 2016-cı ilin aprelində Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınmasında və işğal altında olan torpaqlarımızın azad edilməsində göstərdiyi müstəsna rəşadət və igidlik, xüsusilə də ordumuzun qəhrəmanlıq rəmzinə çevrilmiş Lələtəpə əməliyyatında qazanılmış tarixi qələbə ölkəmizin hər bir vətəndaşında böyük ruh yüksəkliyi yaratmış, vətənpərvərlik duyğularını, mübarizə əzmini və işğala məruz qalmış ərazilərimizin tezliklə qaytarılacağına inam hissini gücləndirmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və buraya hazırda digər bölgələrdə məskunlaşmış yerli əhalinin köçürülməsi barədə tapşırığı ölkə ictimaiyyəti tərəfindən doğma ata-baba torpaqlarımıza böyük qayıdışın başlanğıcı kimi qiymətləndirilmişdir. Qısa müddət ərzində həmin kənddə yaşayış evlərinin, təhsil, səhiyyə, rabitə, ticarət obyektlərinin inşası, müasir yol infrastrukturunun qurulması isə dövlət başçısının siyasi iradəsi və qətiyyətinin, dövlətimizin iqtisadi qüdrətinin parlaq təzahürüdür.
Qeyd olunanları, eləcə də Cocuq Mərcanlı kəndinin bərpası ilə cəmiyyətdə yaranan ruh yüksəkliyinin uşaq və gənclər vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onlara Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov ümumtəhsil müəssisələrində 2017-2018-ci dərs ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı – tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunması barədə 31 avqust 2017-ci il tarixli 264 nömrəli əmr imzalamışdır.
Həmin dərslərdə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun qəhrəmanlığı, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində genişmiqyaslı fəaliyyəti, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatların verilməsi təmin edilmişdir.
Respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da təhsil islahatının həyata keçirilməsi, ümumtəhsil məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin elmi biliklərə dərindən yiyələnməsi üçün normal şəraitinin yaradılması, tədris prosesinin təkmilləşdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir.
Beləliklə, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyevin təşəbbüsü yaxından köməyi nəticəsində Təhsil Şöbəsi yeni inzibati binaya köçürülmüşdür. bu da o deməkdir ki, Təhsil Şöbəsində nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə sistemi formalaşmasında cənab başçı yaxından iştirak edir.
2016-2017-ci dərs ilində Rayon Təhsil Şöbəsinin tabeliyində 42 ümumtəhsil məktəb, o cümlədən 26 tam orta, 14 ümumi orta, 2 ibtidai təhsil müəssisəsi fəaliyyət göstərmişdir.
Bu gün təhsil müəssisələrində təhsilalanların savadlı və səriştəli bir şəxs kimi formalaşması müəllimlərin bilik və bacarıqlarından, peşəkarlıq səviyyəsindən asılıdır. Təhsil müəssisələrində çalışan qabaqcıl, səriştəli müəllimlərin əməyi həmişə yüksək qiymətləndirilmişdir.
Rayonun təhsil ocaqlarında gənc nəslin təlim tərbiyəsi ilə 580 nəfər müəllim məşğul olmuşdur ki, onlardan 400 nəfərini qadınlar təşkil edir. Təhsil sahəsində qazandıqları nailiyyətlərə görə 6 nəfər “Əməkdar müəllim” adına, 5 nəfər isə “Tərəqqi” medalına layıq görülmüşdür.
Ötən dərs ilində ümumtəhsil məktəblərinə 3397 nəfər şagird cəlb edilmiş, onlardan 1219 nəfəri şəhər və qəsəbə, 1680 nəfəri isə kənd məktəblərində təhsil almışdır. Dərs ili ərzində 227 nəfər şagird getmiş, 177 nəfər gəlmişdir. Dərs ilinin sonunda şagirdlərin sayı 3347 nəfər olmuşdur.
Yola saldığımız dərs ilində rayon Təhsil Şöbəsinin fəaliyyətinin əsas istiqaməti aparılan islahatlar sahəsində yeni kurikulumların tətbiqi prosesini müntəzəm nəzarətdə saxlamaq, bu vacib işin yerinə yetirilməsinə ardıcıl əməli köməklik göstərmək, nəticələrin monitorinqi və qiymətləndirilməsini aparıb təkliflər hazırlamaq, eyni zamanda pedaqoji ictimaiyyət arasında maarifləndirmə tədbirlərini gücləndirmək olmuşdur. Artıq məlumdur ki, I-IX siniflərdə kurikulumun tətbiqi, bu sahədə müəllimlərin hazırlanması və maarifləndirilməsi işləri başa çatmışdır. Yeni təlim üsulu tədris prosesinin təkmilləşdirilməsində, ayrı-ayrı fənlərin şagirdlər tərəfindən mənimsənilməsində güclü təsirə malik olmuşdur. Müşahidələr göstərmişdir ki, kurikulum tətbiq edilən siniflərdə şagirdlərin fəallığı, sərbəst düşünmək qabiliyyəti onların yaradıcılıq potensialının inkişafına əsaslı zəmin yaratmışdır. Rayonun ümumtəhsil məktəblərinin ibtidai siniflərində ötən illərlə müqayisədə “4” və “5” qiymətlərlə oxuyan şagirdlərin sayı xeyli artmışdır. İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına 2 saylı, S.Vurğun adına 4 saylı şəhər, Bayan, Quşçu, Xoşbulaq kənd tam orta məktəblərində yeni təlim üsulunun tətbiqi sahəsində zəngin təcrübə toplanmışdır.
Məlum olduğu kimi ümumtəhsil məktəblərində təhsil alan IX və XI sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi aparır. Buraxılış imtahanlarına hazırlıqla əlaqədar olaraq rayon Təhsil Şöbəsi 2017-ci ilin yanvar ayında hazırlıq işlərini nəzarətə götürmüş, buraxılış imtahanlarına hazırlığın səviyyəsini yüksəltmək məqsədi ilə tədbirlər planı hazırlamış, pedaqoji kollektivlərə köməklik üçün əməkdaşlarımız məktəblərə təhkim olunmuşlar.
2016-2017-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində təhsil alan 287 nəfərdən 266 nəfəri IX və 230 nəfərdən 224 nəfəri XI sinif şagirdi ümumi orta təhsil və tam orta təhsil haqqında attestat almışdır. Onlardan 1 nəfər IX sinif üzrə, 8 nəfəri isə XI sinif üzrə fərqlənmə attestatı almışlar.
Rayonun 224 tam orta məktəb məzunlarından 104 nəfəri respublikanın ali və orta ixtisas məktəblərinə qəbul olunmaq üçün ərizə vermişdir. Onlardan 59 nəfəri ölkənin nüfuzlu ali məktəblərinə, 20 nəfəri isə orta ixtisas təhsil müəssisələrinə qəbul olunmuşdur. Keçən tədris ili ilə müqayisədə ali məktəblərə qəbul olunanların sayı cari tədris ilində 9 nəfər artmışdır. Ali məktəblərə qəbul olunan məzunlardan 2 nəfəri 600-dən, 3 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.
Etiraf etməliyik ki, ali məktəblərə qəbulun keyfiyyət göstəriciləri ötən illərlə müqayisədə xeyli yüksək olmuşdur və bu həqiqətən pedaqoji kollektivlərimizin uğurlu fəaliyyəti kimi qiymətləndirilməlidir.
Təlim prosesində müasir metod və texnologiyalardan istifadə hər bir müəllimin qarşısında mühüm vəzifələr qoyur. Buna görə də hər bir fənn müəlliminin özü yeni təlim modelinə yiyələnərək , yenilik axtarışına qoşulması yüksək təfəkkürə malik şəxsiyyətlər formalaşdırılmasında öz üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməsidir. Ölkəmizdə keçirilən təhsil islahatlarının ən mühüm nəticələrindən biri , müəllimləri yaradıcı işləməyə, qarşıya çıxan bütün çətinliklərdən çıxış yolu tapmağa vasitələr axtarmağa sövq etməsidir.
Kurikulum islahatının ən dəyərli cəhətlərindən biri müəllimlərimizin tədris prosesinə yaradıcı yanaşmasına, şagirdlərin təfəkkürünün işləməsinə, onların həm də bir şəxsiyyət kimi formalaşmasına nail olmaqdan ibarətdir. Təhsilin şəxsiyyətyönümlü təşkili məhz buna ünvanlanan bir proses kimi müəllimlərin dərsində önəmli yer tutmalıdır. Buna görə də müəllim dərsə hazırlaşarkən müvafiq standartları düzgün seçə bilməli, onun tələblərini aydın dərk etməli və dərsinin ssenarisini qurmağı bacarmalıdır.
Araşdırmalar göstərmişdir ki, rayonun bir çox ümumtəhsil məktəblərində müəllimlərin dərs yükü müəyyənləşdirilərkən ciddi pozuntulara yol verilir. Bəzi məktəb rəhbərləri ixtisaslı kadr çatışmazlığını bəhanə gətirərək əsas fənlərin tədrisini qeyri-ixtisas müəllimlərinə bəzən isə orta ixtisas təhsilli müəllimə tapşırırlar. Bu isə nəticə etibarı ilə tədrisin keyfiyyətinə, şagirdlərə dərin və əsaslı bilik verilməsinə öz mənfi təsirini göstərir. 2017-2018-ci dərs ilində Rayon Təhsil Şöbəsi ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təmin olunması üçün Təhsil Nazirliyinə vakant yerlər haqqında məlumat vermişdir.
Rayon Təhsil Şöbəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirir. Ötən dərs ilinin başlanğıcından hər bir ümumtəhsil məktəbi üzrə qabiliyyətli şagirdlər qeydiyyata götürülmüş, onların maraq və yaradıcılıq meyilləri nəzərə alınmaqla istedad bankı yaradılmışdır. 2017-ci ilin aprel-may aylarında əlamətdar gün və hadisələrə həsr olunmuş respublika inşa-yazı müsabiqəsində rayonumuzun gənc istedadları da yaxından iştirak etmiş, mükafata layıq yerlər tutmuşlar. Keçən ilin dekabr və bu ilin yanvar aylarında rayon Təhsil Şöbəsinin müvafiq əmri ilə rayon məktəblilərinin fənn olimpiadalarının birinci və ikinci turları keçirilmişdir. Ümumilikdə səkkiz fənn üzrə keçirilən bilik yarışlarında 182 nəfərdən çox şagird iştirak etmişdir. Fənn olimpiadalarında ən yüksək nəticələr göstərən 8 nəfər istedadlı gənc fənn olimpiadasının Zona birinciliyində iştirak etmək hüququ qazanmışdır. Rayonun ümumtəhsil məktəblərinin VI-VIII sinif şagirdləri arasında 05 mart 2017-ci il tarixdə 5 fəndən keçirilmiş fənn müsabiqəsində 70 nəfər şagird iştirak etmişdir. Onlardan 16 nəfəri Respublika turunda iştirak etmək hüququ qazanmışdır və 17 iyun 2017-ci il tarixdə komanda şəklində Bakı şəhərində Respublika turunda iştirak etmişlər. Ötən il ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 94 illik yubileyi münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir. Yeni Azərbaycan Partiyası Rayon təşkilatının Rayon Təhsil Şöbəsi ilə birqə keçirdiyi “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” inşa-yazı müsabiqəsində 550 nəfər məktəbli iştirak etmişdir. Qaliblərə YAP rayon təşkilatının və Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları təqdim olunmuşdur.
Şagirdlərlə milli ideologiyanın formalaşdırılması, vətənpərvərlik hissinin gücləndirilməsi, onların ulu öndərimiz Heydər Əliyevin ideyaları ilə yaxından tanış olması və öyrədilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilmişdir. Ötən dərs ilində Heydər Əliyev Mərkəzində rayonun bütün tam orta məktəblərinin XI sinif şagirdləri “ Heydər Əliyev irsini öyrənirik” mövzusunda silsilə mühazirələr dinləmiş, ulu öndərimizin həyat və fəaliyyətini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini əks etdirən fotostendlər, arxiv sənədləri ilə yaxından tanış olmuşlar.
Ötən dərs ilində rayonun məktəbli gəncləri bir sıra respublika əhəmiyyətli müxtəlif nominasiyalar üzrə müsabiqə və yarışların iştirakçıları olmuşlar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə 4 idman növü üzrə 1 saylı tam orta məktəbin gənc idmançıları I yerə, 2 saylı tam orta məktəbin gənc idmançıları II yerə, Qaraqullar kənd tam orta məktəbin gənc idmançıları III yerə layiq görülmüşlər. Bundan əlavə gənc güləşçilərimiz zona yarışlarında rayonumuzun idman şərəfini layiqincə qoruyaraq mükafata layiq yerlər tutmuşlar.
Rayon Şahmat məktəbində gənc istedadların potensial imkanlarının inkişafı, uşaqların şahmat oyunun sirlərinə dərindən yiyələnməsi üçün məzmunlu tədbirlərin həyata keçirilməsinə böyük önəm verilir. Bu ilin may ayında “ Şagird-ailə” respublika şahmat yarışında Daşkəsən şəhər 3 №-li tam orta məktəbin şagirdi Əsgərov Emin Arif oğlu yüksək nəticələr göstərərək mükafata layıq yer tutmuşdur.
İ.Nəsimi adına 1 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Abbasov Elnur Ramiz oğlu 2017-ci ilin iyun ayında Bakı şəhərində keçirilən “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində uğurlu nəticələr göstərərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomunu almışdır.
Ötən dərs ilində Rayon Gənclər İdman məktəbinin fəaliyyəti qənaətbəxş olmuşdur. Belə ki, rayonun məktəbli idmançıları bir sıra respublika və zona idman yarışlarında rayonumuzun idman şərəfini layiqincə qorumuş, xüsusilə güləş, voleybol, tennis yarışlarında mükafatalayiq yerlər tutmuşlar.
Uşaq Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzlərində gənclərin istedad və bacarıqların üzrə çıxarılması, onların texniki yaradıcılıqlarının inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə diqqət artırılmışdır. Hər iki mərkəzdə bir qayda olaraq əlamətdar gün və hadisələr münasibəti ilə şagirdlərin əl işlərinin, rəsm nümunələrinin, texniki model və qurğuların nümayişi bir ənənəyə çevrilmişdir. Keçən tədris ilində Uşaq Yaradıcılıq Mərkəzinin müxtəlif dərnəklərində məşğul olan şagirdlərin əl işlərinin, çəkdikləri rəsmlərin ən yaxşıları respublika müsabiqəsində nümayiş etdirilmişdir.
Ötən dərs ilində Rayon Təhsil Şöbəsi şagirdlərə dərin və əsaslı bilik verilməsində, tədris prosesində mütərəqqi təlim metodlarından yaradıcılıqla istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə rayonun bir sıra ümumtəhsil məktəbində təhsil işçilərinin və rayonun qabaqcıl müəllimlərinin iştiraki ilə araşdırmalar aparılmış, açıq dərslərin dinlənilməsi və müzakirəsi təşkil olunmuşdur. Araşdırmalar zamanı bir neçə qabaqcıl fənn və sinif müəllimlərinin iş təcrübələrinin öyrənilib yayılması tövsiyə olunmuşdur.
Ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinə metodiki yardım göstərilməsinin səviyyəsi xeyli dərəcədə yaxşılaşdırılmışdır. Təlim prosesində şagirdlərin fəallığının artırılması, interaktiv metodların tətbiqinin təşkil edilməsində Rayon Təhsil Şöbəsi metodkabinetinin əməkdaşları yaxından iştirak edir, müəllimlərə lazımi köməklik göstərirlər. Rayonun hər bir ümumtəhsil məktəbində açıq dərslərin dinlənməsində qabaqcıl müəllimlərlə yanaşı valideynlərin də iştirakı təmin olunur.
Rayonun bir sıra təhsil müəssisələri, o cümlədən İ.Nəsimi adına 1 saylı, A.Mürsəlov adına 2 saylı və Quşçu, Bayan, Xoşbulaq kənd tam orta məktəbləri rayonun qabaqcıl təhsil ocaqlarındandır. Həmin təhsil müəssisələrində çalışan hər bir müəllim öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirir. Ölkəmizin gələcəyi üçün layiqli vətəndaşlar yetişdirməsində əllərindən gələni əsirgəmirlər.
2016-2017-ci dərs ilində qazanılmış uğurlarla yanaşı, işimizdə nöqsanlar da mövcud olmuşdur. Etiraf olunmalıdır ki, rayonun ümumtəhsil məktəblərinin heç də hamısında qarşıya qoyulmuş vəzifələrin tələb edilən səviyyədə həyata keçirilməsinə tam məsuliyyətlə yanaşılmır. Rayonun bir sıra təhsil ocaqlarında müasir idarəetmə prinsiplərinin pozulmasına yol verilir, pedaqoji kollektivlərdə səmərəli iş mühitinin yaradılmasına lazımi diqqət yetirilmir. Tam orta məktəb məzunlarının müstəqil həyata, cəmiyyətdə əmək fəaliyyətinə hazır olmaması, habelə ali təhsil müəssisələrinə qəbul prosesində uğursuzluqla üzləşmələri, heç şübhəsiz, məktəb direktorlarının, müəllim kollektivinin fəaliyyətsizliyi, vəzifə funksiyalarına yarıtmaz münasibətinin nəticəsi kimi qiymətləndirilməlidir. Araşdırmalar göstərmişdir ki, bunun əsas səbəbi təhsil müəssisələrində pedaqoji kollektivlərin fəaliyyətinə düzgün, səriştəli rəhbərlik edilməsində yol verilmiş ciddi nöqsanlar, müəllimlərin işinə müasir tələblər baxımından qiymət verilməməsidir. Etiraf etməliyik ki, təhsil ocaqlarında fəaliyyət göstərən bəzi müəllimlər sinif jurnallarında mövzuların tədris edilməsi barədə qeydlər aparmaqla öz işlərini bitmiş hesab edirlər. Ümumtəhsil məktəblərinin əksəriyyətində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil fənləri üzrə yazı işləri mövcud təlimatın tələblərinə uyğun aparılmır.
Bir sıra ümumtəhsil məktəblərində məktəb rəhbərləri, xüsusən də tədris işləri üzrə direktor müavinləri, pedaqoji kollektivlərin işini düzgün əlaqələndirmir, metodbirləşmələrin fəaliyyətinə nəzarəti lazımınca təmin etmirlər. Tədris prosesində yeni təlim üsullarının tətbiqində, müəllimlərin məsuliyyətinin yüksəldilməsində pedaqoji kollektivlərə yardım göstərmirlər. Bəzi ümumtəhsil məktəblərinin rəhbərləri məktəb sənədlərinin düzgün tərtib olunmasına, şagirdlərin dərslərə davamiyyətinə, vəzifə funksiyalarının icrasına məsuliyyətsiz yanaşırlar. Belə hallar Bayan kənd ümumi orta məktəbin fəaliyyətində aşkar edilmişdir. Məhz buna görə də həmin məktəblərin direktoru şura iclasında cəzalandırılmışdır.
Təhsil sisteminin qarşısında duran əsas vəzifə təlim prosesinin səmərəliliyini təmin etməklə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir. Bu proses məktəblərdə dərslərin yeni təlim texnologiyaları ilə təşkilini, müəllimin özünün hazırlığını ön plana çəkir. Bu günün müəllimi ənənəvi metodlardan uzaqlaşmalı, yeni təlim texnologiyalarını dərindən mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə çıxarmağa sövq etməlidir. Buna görə də hər bir müəllim dərslərə ciddi hazırlaşmalı, özündə informasiya bolluğu yaratmalı, peşəkarlıq səviyyəsini durmadan artırmalıdır.
Məhz buna görə də Rayon Təhsil Şöbəsi kadrların ixtisasının artırılması, pedaqoji işçilərin elmi-metodiki səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəbləri müəllimlərinin seminarlara, treninqlərə, ixtisasartırma kurslarına cəlb olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Təhsil Nazirliyinin əməkdaşları tərəfindən İ.Nəsimi adına 1 saylı tam orta məktəbində təşkil olunan seminarlarda rayonun bir qrup ibtida sinif və fənn müəllimi yeni təlim texnologiyaları ilə tanış olmuş, bu barədə təcrübə mübadiləsi keçirmişlər.
Cari dərs ilində rayonun ümumtəhsil məktəbləri üzrə müxtəlif fənlər üzrə yaranmış 193 vakant yer müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq müsabiqəyə çıxarılmışdır. Həmin vakant yerlərə 58 nəfər gənc müəllim test imtahanlarından keçmişdir. Təəssüf ki, onlardan 4 nəfəri işləməkdən imtina etmişdir.
Onu da qeyd edim ki, rayon üzrə müsabiqəyə çıxarılmış vakant yerlərdən 24-ü fizika və 19-u isə kimya fənninə aid olmuşdur. Çox təəssüflər olsun ki, həmin fənlər üzrə vakant yerlərə yalnız 2 nəfər müəllim testdən keçib gələ bilmişdir.
Məlumdur ki, Respublika Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli, 279 nömrəli qərarı ilə ümumtəhsil müəssisələrində işə başlayan gənc mütəxəssislər üçün nəzərdə tutulan güzəştlərin məbləği artırılmışdır. Yeni işə başlayan müəllimin bir stavka (18 saat) dərs yükü güzəştlərlə birlikdə aylıq əmək haqqı 580 manat olacaqdır. Bu bir daha onu göstərir ki, müəllim əməyinin stimullaşdırılması, gənc müəllimlərə qayğı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.
Hazırda rayonun bütün ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıqla əlaqədar olaraq 2017-2018-ci dərs ilində birinci siniflərə qəbul ediləcək uşaqların siyahısı dəqiqləşdirilir, təhsil ocaqlarında səliqə-sahman yaradılır, bir sıra məktəblərdə cari təmir işləri aparılır, hər bir təhsil müəssisəsində şagird kontingentinin formalaşdırılması və sabitləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Bu gün ən aktual məsələlərdən biri uşaqların məktəb təliminə hazırlanmasıdır. Reallıq ondan ibarətdir ki, uşaqlar məktəb təliminə başlayarkən problemlərlə üzləşməli olurlar. Bu problemlər onların həmyaşıdları və müəllimi ilə ünsiyyətdə, birgə qrup fəaliyyətində lazımi təlim bacarıqlarının olmamasında özünü göstərir. Bu problemin həll olunması üçün məktəbəqədər təhsilin ardıcıl və sistemli təşkil olunması vacib hesab edilir. Məhz buna görə də həmin məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda xüsusi olaraq qeyd edilmişdir.
2017-2018-ci dərs ilində rayonun ümumtəhsil məktəblərində məktəbəqədər təhsillə əlaqədar 12 (on iki) qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Məktəb rəhbərləri 5 yaşlı uşaqların fiziki və əqli inkişafını təmin etmək onların yaradıcılıq qabiliyyətini üzrə çıxarmaq, onlarda həyati bilik və bacarıqları, davranış qaydaları aşılayan təlim üsullarından istifadə edilməsinə ciddi diqqət yetirməlidirlər.
Məlum olduğu kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 iyul 2017-ci il tarixli, 226 nömrəli əmri ilə 2017-2018-ci dərs ilində ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün tədris planları təsdiq olunmuşdur. Həmin tədris planlarında nəzərdə tutulduğu kimi, ilk dəfə olaraq ümumtəhsil məktəblərinin X siniflərində yeni fənn kurikulumları tədris olunacaqdır. Bu o deməkdir ki, yeni təhsil konsepsiyasının tətbiq olunması tam orta təhsil səviyyəsində başlayacaqdır. Ona görə də ümumtəhsil məktəbləri qarşıdakı tədris ilində təhsil fəaliyyətinə ciddi şəkildə səfərbər olmalı, daha uğurlu nəticələrə çatmaq üçün optimal tədris, təlim mexanizmlərindən istifadə etməlidir. Həm də bununla onlar yeni təhsil konsepsiyasının, eləcə də fənlər üzrə standart və kurikulumların tətbiqi nəticələri ilə bağlı töhfələrini verməlidir.
Cari dərs ilində rayonun 1 saylı və 2 saylı tam orta məktəblərinin tam orta təhsil səviyyəsi üzrə texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü siniflər təşkil olunmuşdur.
Yekun vurduğumuz dərs ili ərzində rayon Təhsil Şöbəsi tərəfindən ümumtəhsil məktəblərinin, məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətinə nəzarət və rəhbərliyik daim diqqət mərkəzində olmuşdur. “Təhsil Qanun”nun tələblərinə uyğun olaraq məktəblərdə və digər təhsil müəssisələrində təlim-tərbiyə işlərinin vəziyyəti, məktəb islahatının sürətləndirilməsi məsələləri araşdırılmış, Təhsil Şöbəsinin şura iclaslarında geniş müzakirə olunmuşdur. Şura iclasları ayda bir dəfə olmaqla tərtib olunmuş qrafikə uyğun keçirilmişdir. Şura iclaslarında məktəb işinin müxtəlif sahələrinə dair 43 məsələ müzakirəyə çıxarılmışdır. Müzakirə edilən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış, təlimin səmərə və keyfiyyətinin yüksəldilməsinə yönəldilən qərarlar qəbul edilmişdir.
2017-2018-ci tədris ilinin sənədləri vaxtında Təhsil Nazirliyindən gətirilmiş, rayonun bütün ümumtəhsil məktəbləri məktəb sənədləri ilə təmin olunmuşdur. Ötən illərdən fərqli olaraq şagirdlərin dərsliklərlə təmin olunması məsələlərinə diqqət artırılmışdır. İndiyə qədər ümumtəhsil məktəblərinə paylanmaq üçün 136 adda 9707 ədəd dərslik kitabı gətirilərək məktəblər arasında bölünmüşdür.
Mən fürsətdən istifadə edərək dərsliklər haqqında da danışmaq istərdim. Hamımıza məlum olduğu kimi cari dərs ilində ümumtəhsil məktəblərinin 6 və 10-cu siniflərində bütün fənlər yeni tərtib olunmuş dərsliklər əsasında tədris olunacaqdır. Dövlət komissiyası tərəfində bəyənilərək nəşr edilmiş yeni dərsliklərdə köhnə dərsliklərdəki nöqsanlar tam aradan qaldırılmış. Şagirdlərin yaş səviyyəsi və düşüncə tərzi nəzərə alınaraq elmi məlumatlar öz əksini tapmışdır. Məhz buna görə də müəllimlərimizin yeni dərsliklərdəki mövzularla yaxından tanış olmalı, elmi biliklərin şagirdlər tərəfindən dərindən mənimsənilməsi üçün qabaqcıl təcrübədən, yeni tədris üsullarından yaradıcı şəkildə istifadə etməlidirlər.
Ötən dərs ilinin yekunları göstərdi ki , rayonun ümumtəhsil məktəblərinin, məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyətində qazanılmış uğurlarla yanaşı, həlli vacib olan problemlər də mövcuddur.
Əlbəttə, Rayon Təhsil Şöbəsi ümumtəhsil müəssisələrində baş verən neqativ hallara, qarşı bundan sonra da ardıcıl mübarizə aparacaq, yol verilmiş nöqsanların aradan qaldırılması, tapşırılmış iş sahəsində hər bir şəxsin məsuliyyətini yüksəltmək üçün qəti tədbirlər görəcəkdir.
İcazə verin, Daşkəsən Rayon İcra Hakimiyyətini, şəxsən İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevi Azərbaycan Respublikası Təhsil Nazirliyini əmin edim ki, rayonumuzun təhsil müəssisələrində çalışan bütün pedaqoji işçiləri 2017-2018-ci tədris ilində yeni tələblər səviyyəsində işləyəcək, köhnə iş üsullarına birdəfəlik son qoyacaq, şagirdlərin təlim-tərbiyəsinə, onların gələcək inkişafına yeni meyarlarla yanaşacaq, milli təhsilimizin gələcək uğurları üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.
Daha sonra hesabat məruzəsi ətrafında Mollahəsənli kənd tam orta məktəbin direktoru Arzu Aslanov, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin müəllimi Bahirə Qurbanova və Təhsil Nazırliyinin nümayəndəsi, psixologiya elmləri doktoru Elxan Bəylərov çıxış etmişlər.
Onlar da öz çıxışlarında yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmiş, ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmış, bütün müəllimlərə uğurlar arzulamışlar.
Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.
Elmar VÜQARLI
Azərbaycan Yazıçılar Biriliyinin üzvü